Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ərdoğan ABŞ-ın tərk etdiyi Əfqanıstana girməyə niyə tələsir - Bakı üçün fürsət...

Ərdoğan ABŞ-ın tərk etdiyi Əfqanıstana girməyə niyə tələsir - Bakı üçün fürsət...
23-08-2021, 15:41 311 dəfə baxılıb

Ankara “Taliban”la əməkdaşlığa praqmatik yanaşır, Yaxın Şərqin lideri olmağa çalışır; Natiq Cəfərli: “ABŞ və NATO ölkələri Türkiyənin bu regionda daha yaxşı baş çıxara biləcəyini hesablayıblar”
 
Türkiyə hakimiyyəti Əfqanıstanı nəzarətinə götürən “Taliban”la əməkdaşlığa praqmatik yanaşır. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, bunu qardaş ölkənin liderinin sözlərindən də sezmək mümkündür. “Hakimiyyətdə kim olursa-olsun, yaxşı və pis gündə Əfqanıstanın yanında olmaq qardaşlıq gərəyidir”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə deyib.
 
Onun sözlərinə görə, “Taliban” nümayəndələrini qəbul edəcəyimizi daha əvvəl də bildirmişdik: “Bu gün də həmin mövqeyimizi qoruyuruq. Taliblərin müsbət açıqlamalarını biz məmnuniyyətlə qarşılayırıq”.
 
Ümumiyyətlə, Türkiyə İraqla bağlı 2003-cü ildəki yanlışını təkrarlamaq istəmir. Düzdür, o vaxt Ərdoğanın komandası iqtidara yeni gəlmişdi. Bir az tərəddüd, bir qədər təcrübəsizlik qərar verməyə mane oldu.
 
İndi isə reallıq başqadır. Ərdoğan ABŞ-ın tərk etdiyi Əfqanıstana girməyə çox həvəsli görünür. Bunun yollarını axtarır və çox tələsir. Nəbz yoxlamalarına hesablanmış açıqlamalar verir. “Taliban” liderləri də Türkiyəyə ilıq mesajlar ötürür.
 
Bununla Türkiyə Yaxın Şərqin lider ölkəsi olmağa çalışır. Əfqanıstan Orta Şərqin  kilid ölkələrindəndir. Türkiyə Əfqanıstanda möhkəmlənə bilsə, Çinlə qonşu olacaq. Çin isə ABŞ-ı təhdid edir. Belədə isə Türkiyə NATO dövləti və türk-müsəlman ölkəsi olaraq böyük avantaj, ciddi mövqe qazanmaq ərəfəsindədir. Plan baş tutsa, bundan Rusiya da öz payını alacaq.
 
Türkiyə ilə Rusiyanın müttəfiqliyinin möhkəmlənməsi isə Azərbaycan üçün çox önəmlidir. Qarabağ məsələsinin tam və birdəfəlik həlli Türkiyə-Rusiya münasibətlərindən xeyli asılıdır. Türkiyə Rusiyaya Yaxın Şərqdə ortaqlıq təklif edir, əvəzində isə Putindən Qarabağ probleminin Azərbaycanın xeyirinə həllində neytral qalmasını istəyir. Birinci mərhələdə - 44 günlük müharibədə bunu gördük. Növbəti mərhələdə də Rusiyanın neytral qalması təmin olunsa, Zəngəzur dəhlizi açılacaq. Bu dəhliz ikinci böyük ipək yolu deməkdir və Çinə qədər uzanacaq... Bəs Əfqanıstan Türkiyə üçün niyə bu qədər önəmlidir?
 
Bundan əlavə, Türkiyə yeni bir qaçqın böhranından narahatdır və Əfqanıstandakı “Taliban” üsyançılarından qaçan axının qarşısını almaq məqsədi ilə İranla sərhədini möhkəmləndirmək üçün oraya əlavə əsgəri qüvvə göndərir.
 
Ölkəyə nizamsız şəkildə gələnlərin sayı artır. Belə ki, həftələr və aylar əvvəl qaçan əfqanlar İran ərazisindən uzun bir səfərdən sonra kələ-kötür ərazi ilə Türkiyənin sərhədinə keçir. “Associated Press” xəbər agentliyinin sərhəd yaxınlığında qarşılaşdığı bir qrup əfqan bildirib ki, onlar “Taliban”ın hücumunu sürətləndirməsi ilə ölkədən qaçan fərari əsgərlərdir.
 
Ərdoğan Türkiyənin Əfqanıstandan yeni bir qaçqın dalğası ilə üzləşdiyini etiraf edib və hökumətinin müharibə nəticəsində dağıdılmış ölkədə sabitlik yaratmaq üçün Pakistanla birlikdə çalışacağını deyib. Türkiyənin müdafiə naziri Hulusi Akar İranla sərhədin qoşunlarla möhkəmləndirildiyini və sərhəd divarının inşasının başa çatdığını bildirib. Türkiyə əksəriyyəti qonşu ölkədə vətəndaş müharibəsindən qaçan suriyalı qaçqınlar olmaqla, artıq 4 milyon miqranta ev sahibliyi edir.
 
Müxalifət partiyaları hökuməti sərhədləri nəzarət altına almağa və yeni miqrasiya dalğasının qarşısını almağa çağırır. Onlar 2016 -cı ildə Ankaranın Avropa İttifaqı ilə əldə etdiyi razılaşma kimi hər hansı yeni bir miqrasiya müqaviləsinə qarşı da xəbərdarlıq edir. Həmin razılaşmaya əsasən Ankara Avropaya miqrant axınının qarşısını almağa, Avropa İttifaqı isə bunun qarşılığında suriyalı qaçqınlara yardım üçün Türkiyəyə milyardlarla avro verməli idi. Bunlarla yanaşı ölkənin əsas müxalifət partiyası Ərdoğanın Baydenlə Türkiyənin ABŞ qüvvələri ilə işləyən əfqanları qəbul edəcəyi ilə əlaqədar gizli bir müqavilə bağladığını da iddia edir.
 
REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Türkiyə NATO ölkəsidir və istisna deyil ki, bu alyansın ikinci böyük orduya malik dövləti Əfqanıstan siyasətini ABŞ-la uzlaşdırmasın. N.Cəfərli güman edir ki, müəyyən danışıqlar aparılıb və anlaşma olub: “Çünki NATO kontingenti Əfqanıstanda idi və Türkiyə ilə Azərbaycan sülhməramlıları indi də orada fəaliyyət göstərir. Türkiyə bu bölgəni yaxşı bilir, nüfuzu var, Pakistanla yaxşı münasibətlərə malikdir. Pakistanın da taliblərlə yaxşı əlaqələrinin olduğunu bilirik. Ona görə ABŞ və NATO ölkələri Türkiyənin bu regionda daha yaxşı baş çıxara biləcəyini hesablayıblar, bölgəyə nəzarətdə ümumi razılığa gəliblər”.
 
N.Cəfərli hesab edir ki, ABŞ-ın Əfqanıstanda 20 illik varlığı ciddi problemlərlə bitdi: “Respublikaçılar Baydenin bu siyasətini çox kəskin tənqid edirlər. Deməli, həmin yerli gücləri tanımadan, təmas qurmadan zor gücünə siyasət qurmaq mümkün deyil. Əlbəttə ki, Türkiyənin bölgəyə girişi Azərbaycana da xal qazandırır. Bizim Əfqanıstanla ticarət dövriyyəmiz var idi. İndi Azərbaycanın Türkiyə və Pakistanla birgə bu siyasətdə rol alması mümkündür. Amma ”Taliban"ın davranışından da çox şey asılı olacaq. Əgər dünya birliyi onları “iqnor” etsə, Azərbaycanın Əfqanıstan siyasəti çətin olacaq".
 
Siyasi şərhçi Vaqif Hüseynin sözlərinə görə, Türkiyənin bölgəyə yerləşməsi həm NATO, həm müsəlman ölkəsi kimi məqbul sayılıb və razılaşmanın bir hissəsi ola bilər. Onun fikrincə, Türkiyənin NATO ilə arası gərgin idi: “Amma Kabul hava limanının qorumağın Türkiyə və Azərbaycan əsgərlərinə həvalə olunması göstərir ki, iki ölkə bu hərbi alyans üçün əhəmiyyətli müttəfiqdir. Əfqanıstan kimi yerdə Türkiyənin olması daxili gərginliyin azalmasına xidmət edə bilər”.
 
V.Hüseyn hesab edir ki, Türkiyə özünü regional güc olaraq tanıdır: “Artıq beynəlxalq münasibətlərdə Türkiyə diktə edilən yox, diktə edən tərəfə çevrilir. Artıq sülh və sabitliyin təmin olunmasında Türkiyə sütunlardan birinə çevrilir və dünyada imicini yaxşılaşdırır. Əgər deyilən kimidirsə, orada qalacaqsa...
 
Əfqanıstanda isə tək Türkiyənin marağı yoxdur. Burada İran, Pakistan və Rusiya da var. Türkiyə həm də Pakistanla birgə oradadır. Azərbaycan da bu iki müttəfiqlə oradadır və bizim sülhməramlı qüvvələrin orada qalması bunun göstəricisidir".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI