18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
“16 il məni böyütdü, bir ili qalmışdı görə bilmədi” – Şəhidin qızı Generalın ən böyük arzusundan danışdı
Bu gün Tovuz döyüşlərində şəhid olan qəhrəmanlarımızın ildönümüdür.
KONKRET.az bununla əlaqədar şəhid generalımız, milli qəhrəman Polad Həşimov haqqında hazırlanan kitab üçün ailəsi və övladlarından aldığı müsahibədən bir parçanı təqdim edir.
– Aybəniz, hamı deyir ki, atanız Polad Həşimovun şəhadəti düşmənə qarşı daşan qəzəbin son damlası oldu. Siz necə düşünürsünüz?
– Bizim xalqa uzun illərdir təkan lazım idi. Bizə istər xaricdə, istərsə də ölkə daxilində siyasi cəhətdən təcavüz olunurdu. Ona görə də xalqın içindəki qüruru oyadacaq, azadlıq hərəkatını başladacaq insanlara ehtiyac var idi və o, atamın da vuruşmaqdan çəkinmədiyi Tovuz döyüşləri oldu. Atam digər şəhidlərimizlə birlikdə irəli yürüdü və şəhadətə doğru ilk addımlarını atdı və biz bunun bəhrəsini bu gün görürük. Qətiyyətlə deyə bilərəm ki, əgər onlar həmin gün o addımı atmasaydılar, bəlkə də biz bu gün qələbəyə çatmayacaqdıq. Təbii ki, əsgərlərimizin, Ordumuzun böyük rolu var bu qələbədə, amma onları ruhlandıracaq bir başçıya, insana ehtiyac var idi və o da deyərdim ki, mənim atam oldu.Tam səmimiyyətlə deyim ki, mən atamı itirdiyim üçün bir yandan üzülürəm, amma digər tərəfdən fəxr edirəm ki, belə böyük bir hadisənin baş verməsində atam rol oynayıb…
– Atanızın nə vaxtsa şəhid ola biləcəyini heç düşünmüşdünüzmü?
– Bir şey deyim, Aprel döyüşlərində atam sağ idi və komandanlıq etmişdi. Amma o evə gələndə heç xoşbəxt deyildi, çünki istədiyinə çata bilməmişdi. Ona elə gəlirdi ki, bundan daha çoxunu eləmək olar. Ümumiyyətlə, hər hərbçinin, döyüşçünün ürəyində bir şəhidlik arzusu olur. O, qalxa biləcəyi ən yüksək məqamdır. Yəni generaldan da yüksəyə qalxa bilərsən, amma şəhidlik ən başda gəlir.
Atam bir az sirli insan idi, tam olaraq deyə bilmərəm nə istəyirdi. Amma onu bilirəm ki, hazırda istədiyi yerdədir.
– Bir general qızı kimi deyə bilərsinizmi, insanların vətənpərvər ruhda yetişib-davam etməsi üçün nə etmək lazımdır?
– Bu, əslində uşaqlıqdan gələn bir hissdir. Ailələrdə uşaqlarla bu yöndə tərbiyə və söhbətlər aparılmalıdır. Vətən sadəcə torpaq demək deyil, böyük bir məfhumdur. Ölkəndə çiçək açan ağac, vətəndaşların, qonşuların, getdiyin məktəb, içdiyin su da ola bilər. Bunların hamısı vətəndir. Toplamda Vətən xəritədə gördüyümüz sərhəddaxili bir ərazi deyil sadəcə. Vətən bizim hamımızın birləşib sevgiylə yaratdığımız bir şeydir.
– Deyirsiniz ki, vətənpərvərlik sizin içinizdən gələn bir duyğudur, məfhumdur. Mənə görə isə sizin vətənpərvər ruhda böyümənizdə Polad Həşimovun böyük rolu var…
– Təbii ki, ata kimi həm müxtəlif kitablarla, tarixi bilgilərlə, həm də öz atalıq vəzifəsini lazımınca yerinə yetirərək bizə bu hissi aşılayıb. Bilirsiz, o həm işdə ciddi olmalı, həm də evə gələndə bizimlə necə vaxt keçirəcəyini bilməli idi. Bilmirəm, bəlkə də atam işləri öz qaydasında yoluna qoymağı əvvəlcədən məqsəd seçmişdi, yəni “uşaqlarım üçün belə bir valideyn olacam, belə insan yetişdirəcəm”. Dəqiq deyə bilmərəm. Bir onu bilirəm ki, çox oxuyurdu, çox çalışırdı, çox öyrənirdi, çox nümunə götürürdü. Sonra da gəlib ailəsinə tətbiq etməyi bacarırdı.
– Atanız ömrünün əsas, yəni ən mənalı hissəsini səngərlərdə keçirib. Bir hərbçi ailəsində yaşamaq, böyümək çətin olmayıb ki?
– Bəzən bayramlarda hamının ailəsi evdə, bizim atamız isə səngərlərdə olurdu. Onda bir az qəlb qırıqlığı-filan ola bilirdi təbii ki. Ancaq yenə də başa düşürdük ki, bizim atamızın işi budur. Digər insanlar rahat bayram keçirsin, xoş günlərində ailələri ilə birlikdə olsun deyə bizim atamız onları qorumalıdır. Məsələyə məhz bu yöndən baxırdıq, ona görə də çox problem olmurdu.
– Atanızı bir insan və yaxud hərbçi kimi ideal hesab edirsinizmi?
– Bəli. Həyatda mənim olmaq istədiyim şəxsiyyət odur.
– Polad Həşimov ölümünə qədər elə də tanınmasa da, şəhadəti ilə Azərbaycan tarixində böyük bir iz buraxmış şəxsiyyətdir. Atanızdan sonra belə bir şəxsiyyət kimi görürsünüz?
– Şəhid olan bütün əsgərlərimizi, onlar qədər cəsarətli olmaq istəyirəm, hər biri qədər tək-tək…
– Ailənizdə kimisə atanızın yolunu davam etdirən görmək istəyərsinizmi?
– Hərb olmasa da başqa sahədə biz də istəyirik ki, hər birimiz Vətənimizə layiqincə xidmət edək. İllah ki, hərbçi olmaq məcburiyyətində deyilik. Amma çox istəyərəm ki, atam kimi məsuliyyətli və işgüzar olaq. Qardaşlarım hələ kiçikdirlər, tam qərar verməyiblər. Amma mən atamla hələ sağ olanda bu mövzuda müzakirə aparmışdım. Tibb işçisi kimi ölkəmə xidmət etmək istəyərəm.
– Polad Həşimovun həyata keçirə bilmədiyi hər hansı bir arzusu var idimi ki, onu nə vaxtsa siz reallaşdırmaq barədə düşünürsünüz?
– Atam çox istəyirdi ki, məni ağ xalatda görsün. 16 il məni böyütdü, bir ili qalmışdı onu görməyə, görə bilmədi. Bəlkə də görür, deyə bilmərəm. Amma, məncə, ürəyində qalan ən böyük arzusu idi. Bir də Qarabağı azad olunmuş görməyi çox istəyirdi. Şükürlər olsun ki, güclü formalaşmasında atamın da böyük əməyi, əziyyəti olan Müzəffər Ordumuz sayəsində Qarabağımız artıq azaddır!