VETENİM-AZERBAYCANDIR.AZ
Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da yaradılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə "Danışır Bakı!" ifadəsi ətrafa yayıldı. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilirdilər. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.
Ilk dövrdə Bakı studiyası indiki Istiqlaliyyət küçəsi, 10 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının (keçmiş Ismailliyyə) üçüncü mərtəbəsində cəmi 3 otaqda fəaliyyət göstərirdi.
Şəhər yayım şəbəkəsinin mərkəzi məntəqəsi sayılan birinci otaqda bütün divar boyu böyük lampalarla təchiz olunmuş aparatlar qoyulmuşdu. Ikinci otaq studiyaya giriş idi. Efirə çıxmaq üçün dəvət olunanlar burada öz növbəsini gözləyirdilər. Ondan sol tərəfdə kiçik bir kabinə var idi. Bu kabinədən studiyanın İçərisini görmək və nəzarət etmək üçün balaca bir pəncərə açılmışdı. Pəncərənin qarşısında adi çemodanın içində qurulan aparat bir tərəfdən studiyanın mikrofonunu, digər tərəfdən isə nəqledici xətti birləşdirirdi.
Üçüncü otaqda döşəməsinə Türkmən xalıları salınmış, divarları tünd yaşıl məxmərlə örtülmüş studiya yerləşirdi. Otağın yuxarı tərəfində mizin
üstündə kub şəklində bir mikrofon var idi. Studiyanın ortasında "Steinway" royalı qoyulmuş, divarlar boyu stullar düzülmüşdü.
Studiyanın giriş otağından soldakı kiçik otaqda müdir, hesabdar və yazı makinasında işləyən katibə otururdular. Həmin yerdəki B-4 tipli radioqəbuledici aparatın vasitəsilə müdir radio verilişlərinin texniki keyfiyyətini yoxlayırdı.
EtibarƏliyev.
VETENİM AZERBAYCANDIR.AZ