Çinlə Birgə Bəyannamə: Qərblə Şərq arasında mövqeyin göstəricisi - ANALİZ - FOTO
4-07-2024, 19:00
80 dəfə baxılıb
VETENİM-AZERBAYCANDIR.AZ
Azərbaycan dünyanın aparıcı gücləri ilə münasibətləri yüksək səviyyədə saxlayır, inkişaf etdirir. BMT Təhlükəsizlik Şurasının (TŞ) beş daimi üzvü ilə müxtəlif istiqamətlərdə ikitərəfli əməkdaşlıq və əlaqələrə dair müqavilələr imzalanıb.
Azərbaycanla iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində TŞ-nin daha bir üzvü olan Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub.
Həmin sənəddə tərəflər beynəlxalq və regional vəziyyətin tektonik, mürəkkəb inkişafı fonunda siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə irəlilətməyə dair razılıq əldə ediblər.
Bu, Azərbaycanla Çinin əlaqələrinin istiqamətlərinin göstəricisidir.
Sənəddə tərəflər biri-birinin ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət, hücum etməmək, daxili işlərə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc birgəyaşayışa sadiqliyi təsdiqləyiblər. Bundan başqa Çin tərəfi Azərbaycanın təklif etdiyi Ermənistanla bağlı sülh gündəliyini qətiyyətlə dəstəkləyir və konfrontasiyanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir.
Bəhs etdiyimiz maddə həm də Azərbaycanın Ermənistan ilə sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin Çin tərəfindən dəstəkləməsi deməkdir.
Sənəddə, həmçinin Ermənistanın perspektivdə regionda aparacağı mümkün terrorizm, separatizm və ekstremizm təhdidlərinin rəsmi Pekin tərəfindən qarşısının alınacağı da vurğulanıb.
Milli xüsusiyyətlərə uyğun seçilmiş inkişaf yolu boyunca bir-birlərinə qətiyyətli dəstəyin verilməsinin davam edəcəyi, tərəflərin bu istiqamətdə əməkdaşlıq edəcəyi Çində Azərbaycan mədəniyyətinin izlərinin araşdırılmasına da yardım edəcəyi istisna olunmur.
Sənəddə vurğulanıb ki, tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və strateji münasibətlərinə xələl gətirən hər hansı bir hərəkətdən çəkinirlər.
Bu, tərəflərin Azərbaycan və Çinin strateji maraqlarına xələl vuran addım atmayacaqları anlamına gəlir.
Sənəddə Çinin “Orta Dəhliz” üzrə əməkdaşlığı da vurğulanıb. Bu həm də perspektivdə Pekinin Zəngəzur dəhlizinin realaşmasına dəstək verəcəyi ehtimalını artırır. Həmin maddə belədir: “Çin tərəfi Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (“Orta Dəhliz”) tikintisində və istismarında fəal iştirak etməyə, Çin-Avropa və əksinə istiqamətdə cənub dəhlizinin yük qatarları üçün fasiləsiz işini və sürətləndirilmiş inkişafını birgə təşviq etmək məqsədilə Azərbaycanla və marşrut boyu yerləşən digər ölkələrlə daha sıx işləməyə, regional praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərtlər yaratmağa, istehsal-təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini birgə təmin etməyə hazır olduğunu bildirir”.
Bu həm də Qərblə Çinin “Orta Dəhiz” layihəsində bir mövqedən çıxış etməsi deməkdir.
Birgə Bəyannaməni aşağıdakı kimi ümumiləşdirə bilərik:
- tərəflər iqtisadi-ticarət sahəsində əməkdaşlığa diqqəti artıracaq;
- infrastruktur, rəqəmsal iqtisadiyyat, kommunikasiyalar və başqa bu kimi sahələrdə birgə layihələr həyata keçirəcək;
- qarşılıqlı investisiya qoyulacaq;
- hər iki ölkənin inkişaf strategiyalarının birləşdirilməsi gücləndiriləcək, “bir kəmər, bir yol” çərçivəsində bütün sahələrdə praktiki əməkdaşlıq dərinləşəcək;
- elm və texnologiya sahəsində əməkdaşlıq inkişaf etdiriləcək;
- tərəflər dil mübadiləsi sahəsində əməkdaşlıq edəcək;
- mədəniyyət sahəsində əməkdaşlığın səviyyəsi artacaq;
- Azərbaycanla Çin yeni beynəlxalq münasibətlər sisteminin yaradılmasını dəstəkləyəcək;
- tərəflər inkişaf etməkdə olan ölkələrin ümumi maraqlarını birgə müdafiə edəcək;
- Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı və BRİCS-də iştirakı davamlı olacaq.
Çinlə strateji əməkdaşlığa dair bəyannamənin qəbulu rəsmi Bakının beynəlxalq aləmdə Qərblə Şərq arasında ortaq mövqeyinin göstəricisidir. Bu, Azərbaycanın aparıcı dövlətlərlə əməkdaşlıq, bərabərhüquqlu tərəfdaş kimi çıxış etmək imkanını bir daha təsdiqləyir.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR<