VETENİM-AZERBAYCANDIR.AZ
Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının üzvü olan millət vəkilləri növbədənkənar parlament seçkilərinin keçirilməsiylə bağlı Milli Məclis sədrinə müraciət edib. Müraciətdə bildirilir ki, bu ilin noyabr ayında ölkəmiz qlobal, mötəbər tədbir olan COP-29-a ev sahibliyi edəcək. Eyni zamanda noyarb ayında Milli Məclisə seçkilər də keçirilməlidir. Həm parlament seçkilərinin, həm də adı çəkilən tədbirlərin yüksək səviyyədə təşkilinin böyük əhəmiyyət kəsb etdiyini və həmin dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədəuyğunluğunu nəzərə alaraq, növbədənkənar seçkilərin keçirilməsi zəruri hal alır. Yeni Azərbaycan Partiyasının üzvü olan deputatların müraciəti digər siyasi partiyaları təmsil edən deputatların, habelə heç bir siyasi partiyaya mənsub olmayan deputatların əksəriyyəti tərəfindən dəstəklənib və növbədənkənar seçkilər keçirilməsinin zəruriliyi bəyan edilib. Milli Məclisinin sədri Sahibə Qafarova da Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə Milli Məclisin Qərarını imzalayıb.
Növbədənkənar parlament seçkilərinin keçirilməsiylə bağlı millət vəkillərinin müraciətini şərh edən deputat Vüqar İskəndərov bildirdi ki, ölkə Konstitusiyasına görə, parlament seçkiləri bu ilin noyabr ayında keçirilməli idi:
– Bu il keçirilən Prezident seçkiləri müstəqil, ərazisinin suverenliyini, ərazi bütövlüyünü 100 faiz təmin edilmiş Azərbaycanda keçirilən ilk Prezident seçkiləri oldu. Və cənab Prezidentin özünün də qeyd etdiyi kimi yeni bir dövrün başlanğıcı oldu. Bunun əsas mayasında olan məsələ artıq ərazisinini bütün kilometri suveren olan Azərbaycanın hər bir nöqtəsində Prezident seçkiləri keçirilməsi idi. İşğaldan tam azad olunmuş Qarabağda, Şərqi Zəngəzur bölgəsində seçicilər səsvermədə iştirak etdilər və öz Prezidentlərini seçdilər. İndi də, müstəqilliyimiz və ərazi bütövlüyümüz tam bərpa olunduqdan sonra Qarabağ və Şərqi Zəngəzurda olan seçicilər Milli Məclisə öz nümayəndələrini seçəcəklər. Bunlar çox şərəfli günlərdir. Əlbəttə ki belə bir dövrdə parlament də ölkə başçısının çevik siyasəti ilə ayaqlaşmalıdır. Düşünürük ki, növbədənkənar parlament seçkilərinin keçirillməsinin səbəblərindən biri budur. Digər məsələ isə, noyabr ayında Azərbaycanın dünyanını ən qlobal tədbirlərindən biri olan COP-29-a ev sahibiliyi edəcəyidir. Bu, çox böyük, qlobal tədbirdir. Parlament seçkiləri də ölkə üçün önəmli, mötəbər siyasi prosesdir. Bu tədbirlərin eyni ayda olması dövlət üçün, hökumət üçün çətinlik yaradardı. COP-29-a hazırlıq çərçivəsində bütün resurslar səfərbər olunur. Minlərlə iştirakçı, dünyanın aparıcı ölkələrinin başçılarının ölkəmizə gəlməsi, ən incliklə bütün işlərin görülməsi böyük zaman, böyük maliyyyə və böyük resurslar tələb edir. Eyni hal parlament seçkilərinə də şamil edilir. Ona görə də parlament seçkilərini önə çəkilməsi məqsədəuyğundur və bununla bağlı millət vəkillərinin müraciəti təbii qarşılanmalıdır. Bununla ölkəmiz üçün əhəmiyyətli məsələyə parlament öz mövqeyini ortaya qoymuş olur. Ötən dövr ərzində Milli Məclis çox şərəfli hadisələrin iştirakçısı, şahidi oldu.
Deyə bilərik ki 6-cı çağırış indiyədək olan çağırışlardan ən önəmlisi idi. 6-cı çağırış pandemiyanı da gördü, 44 günlük Vətən müharibəsini, şanlı qələbimizi, ərazi bütövlüyümüzün bərpasını. Bura çox vacib qərarların qəbul edilməsini, seçicilərlə işi də əlavə etsək, 6-cı çağırış Milli Məclis çox aktiv fəaliyyətdə olub. Ölkə başçısının da parlament qarşısında çıxışı zamanı səsləndirdiyi tövsiyələrin icrası istiqamətində parlament əlindən gələni etməyə çalışıb. Qarşıda bizi əhəmiyyətli tədbirlər gözləyir. Yeni parlament formalaşacaq. Və yeni formalaşacaq parlament COP-29 zamanı da öz aktivliyini qoruyub saxlayacaq. Biz qarşıda duran şərəfli vəzifələrin öhdəsindən gəlmək üçün əlimizdən gələni edəcəyik. Hər bir millət vəkili dövlətimizin müsbət imicinin formalaşması üçün çalışdığı, işlədiyi yerdə əlindən gələni etməyə çalışmalıdır.