Ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir
12-06-2024, 19:12
172 dəfə baxılıb
VETENİM-AZERBAYCANDIR.AZ
Qazandığı misilsiz zəfərlərlə dünyaya səs salan Azərbaycanın istər regionda, istərsə də dünyada nüfuzu durmadan artır. Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. Bunu dünya ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla əməkdaşlıqda maraqlı olmaları da təsdiqləyir. Prezident İlham Əliyevin xarici ölkələrə, həmçinin dünya ölkələrinin liderlərinin isə Azərbaycana səfərləri, heç şübhəsiz, dövlətimizin beynəlxalq əlaqələrinin genişlənməsinə töhfəsini verməkdədir. Son illər Azərbaycanın Avropa, Türk dünyası ölkələri ilə olduğu kimi, ərəb dövlətləri ilə də münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mənada, Misir Ərəb Respublikası ilə münasibətlər xüsusi əhəmiyyətə malikdir.
Cari ilin 7 İyun tarixində Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına səfər etdi və burada çox yüksək səviyyədə ikitərəfli əlaqələrin inkişafı üçün faydalı müzakirələr apardı.
Dövlətimizin başçısı səfər zamanı mətbuata verdiyi bəyanatda qeyd edib ki, “Ölkələrimiz arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır. Bu siyasi dialoq bundan sonra da davam edəcək. Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq olunur, habelə islam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir”.
Azərbaycan islam dövlətləri ilə həm ikitərəfli qaydada, həm siyasi, həm də beynəlxalq platformalar üzərində əməkdaşlığı durmadan genişləndirir.
Prezident İlham Əliyev çıxışında eyni zamanda Fələstin-İsrail münasibətlərinə də toxunmuşdur. Dövlət başçısı çıxışında bildirmişdir ki, Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi, bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Bu gün Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Mən Prezident əs-Sisiyə bildirdim ki, biz Misirin bu istiqamətlərdəki səylərini dəstəkləyirik və Misir tərəfindən irəli sürülmüş təşəbbüslər diqqətə alınmalıdır.
Cənab Prezident çıxışında Azərbaycan və Ermənistanın öz sərhədlərini müəyyənləşdirmək işində nail olunan uğurlardan, eyni zamanda 12,7 kilometr dövlət sərhədinin razılaşdırıldığından söz açdı. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmişdir. Bu, Ermənistan ilə normallaşma yolumuzda önəmli amil olacaqdır. İki ilə yaxındır Azərbaycan-Ermənistan şərti sərhədində sakitlikdir, heç bir atəşkəs pozuntusu müşahidə edilmir.
Artıq Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa-quruculuq işləri gedir. Bir çox dost, qardaş ölkələr burada məktəb, mədəniyyət obyektləri və s. inşa edirlər. Böyük sərmayələr qoyurlar. 30 il əvvəl bu torpaqlardan didərgin salınmış yerli əhali böyük sevinc içərisində öz doğma yerlərinə qayıdır.
Azərbaycan Prezidenti çıxışında qeyd etdi ki, imzalanmış sənədlər, əldə edilmiş razılaşmalar ticarət dövriyyəsini artıracaqdır. İlk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün olacaq.
Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Azərbaycan ərazisində bütün infrastruktur yaradılıb və nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar açılmaqdadır.
Beləliklə, bütün bunlar onu göstərir ki, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur. Ümid edirik ki, bütün bunların həyata keçirilməsi ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişafına, gələcəkdə əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına böyük təkan verəcək.
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR<