Bir millət, iki dövlət, bir yumruq!
21-05-2024, 15:43
395 dəfə baxılıb
VETENİM-AZERBAYCANDIR.AZ
Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda izhar ediblər.
Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi məqamlar saysız-hesabsızdır və onları sadalamaqla bitməz. İyunun 15-də Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” isə iki dövlət və onların xalqları arasındakı birliyin, doğmalığın, dostluğun və qardaşlığın növbəti təzahürü oldu.
Birliyimiz, dostluğumuz bütün sahələrdə olduğu kimi təhsil sahəsində də sarsılmazdır. Türkiyə respublikasının Akıl Zeka Oyunları Topluluğu (AZOT) və Enigma akademiyası Azərbaycandakı “Zəka oyunları mərkəzi” ilə birlikdə 2024-cü il yanvar ayından başlayaraq bir ilkə imza atdılar. 5 ay boyunca hər həftənin şənbə günləri uşaqlar üçün ödənişsiz online “Zəka oyunlari dərsləri” təşkil edildi. May ayında yekunlaşan layihədə Azərbaycanın bir çox bölgələrindən uşaqların iştirakı ilə maraqlı anlara şahidlik etdik. Bakı, Sumqayıt, Mingəçevir, Saatlı, Sabirabad, İsmayıllı, Gəncə, Tovuz, Beyləqan, Şabran, Laçın, Cəbrayıl və s. bölgələrimizdən aktiv qatılan kifayət qədər şagirdlərimiz var idi.
Layihə boyu hər dərs Türkiyənin müxtəlif bölgələrindən zəka oyunları üzrə kifayət qədər təcrübəli mütəxəsis müəllimlər dərs keçirdi. 27.01.2024-18.05.2024 tarixlərində davam edən layihədə Semra Tritoğlu, Fatma Çabuk, Semiha Atalay, Yakup Ahat, Reyhan Özuğur, Selcan Özkan Köse, Zeynep Filik, Muharrem Kaya, Sevgi Kiliç, Serkan Dansık, Ayşe Yasemin Karagöz, Merve Zorlu, Selma İpekdal, Kadriyye Özçulha ve Aslı Baldede kimi öz sahələrində işləri imza atmış pedaqoqlar dərs keçdi. Dərslərdə uşaqlar Sudoku, Zəncir sudoku, Sehirli piramida, ABC yolu, Patika, XO oyunu, Ulduz baxçası, Çərpələng və s. dünyaca məşhur zəka oyunlarını öyrəndilər.
Layihə çərçivəsində mart ayında müəllimlər üçündə zəka oyunları təlimi də verildi. Təlim türkiyəli mütəxəssislər, Türk Beyin Mərkəzinin formatoru, riyaziyyat müəllimi, yazıçı, ZekaEvim Zəka və Ağıl Oyunları Mərkəzi / və AZOT-un təsisçisi Oktay Uzunağac və Fen ve Teknoloji (təbiət elmləri) müəllimi, Enigma Academy təsisçisi, təlimçi Selçuk Acun tərəfindən keçirildi. Təlimə Azərbaycanın müxtəlif bölgələrindən müəllimlər qoşulmuşdu. Təlimin sonunda iştirakçılar dərsin video yazısı, sertifikat və zəka oyunlarını əhatə edən materiallarla (test kitabları, əyani və metodik vəsaitlər, təqdimatlar və s.) təmin edilmişdi.
“Zəka oyunu saatı” layihəsinin Türkiyə üzrə rəhbəri və təşkilatçısı, AZOT zəka oyunları mərkəzinin rəhbəri Oktay Uzunağac, Enigma zəka oyunları akademiyasının rəhbəri Selçuk Acun idi. Azərbaycan üzrə isə layihəyə “Zəka oyunları Azərbaycan” mərkəzinin təsisçisi və rəhbəri Xəyalə Nuşirəvanova rəhbərlik edirdi.
Layihə sonunda Türkiyədə keçiriləcək AZOT birinci beynəlxalq zəka oyunları yarşına 62 nəfər müxtəlif məktəblərdən olan şagirdimiz iştirak hüququ qazanmışdır. Yarış haqqında daha geniş məlumat mətbuatda öz əksini tapacaq.
Qürurverici və sevindirici haldır ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün də uğurla davam edir, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur. Bütün bunlar onu göstərir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və daim belə də olacaq.
Xəyalə Nuşirəvanova,
Zəka oyunları Azərbaycan
mərkəzinin təsisçisi və rəhbəri
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR<