Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Partiya sədri -bəs bu proses necə baş verdi?

Partiya sədri -bəs bu proses necə baş verdi?
14-06-2021, 11:59 314 dəfə baxılıb

Ötən gün son aylar ərzində işğaldan azad edilmiş torpaqlarımızın gələcək taleyi ilə bağlı cərəyan edən proseslər fonunda növbəti dəfə mühüm tarixi hadisələrdən birinə şahidlik etdik. Belə ki, 2021-ci il iyunun 12-də erməni diversantlarından 15 nəfərinin Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilməsinin müqabilində düşmən tərəfinin Ağdam rayonunda basdırdığı 97 min tank və piyada əleyhinə minaların xəritəsi Azərbaycan tərəfinə təqdim edildi.
Bəs bu proses necə baş verdi? Şübhəsiz ki, bu ilk növbədə Prezident İlham Əliyevin prinsipial və qətiyyəti mövqeyi nəticəsində mümkün oldu. Ermənistanın sözügedən xəritəni bizə təhvil verməkdən başqa bir yolu, alternativi qalmadı. Başqa sözlə desək, düşmən ölkə mina xəritəsini verməyə məcbur edildi. Fikir verdinizsə, dünən bu mübadilə (diversant-xəritə mübadiləsi) baş tutmamışdan bir neçə saat öncə Prezident İlham Əliyev on ölkənin Azərbaycana yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrinin qəbulu zamanı çox önəmli bir mesaj verdi. Prezident birmənalı olaraq bildirdi ki, Ermənistan sözügedən mina xəritələrini verməlidir: “Bu yaxınlarda beynəlxalq təşkilatların fəal təmasları sayəsində biz ermənilərin basdırdığı minalar haqqında müəyyən informasiyanın alınmasına yaxınlaşırıq. Ümid edirəm ki, tezliklə yaxşı xəbərlər olacaq”. Dövlət başçımızın bu optimist mesajının üzərindən çox keçmədi ki, Xarici İşlər Nazirliyimiz məlum açıqlamanı verdi və bu tarixi uğurun gerçəkləşməsində qonşu Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyi, eyni zamanda ABŞ dövlət katibi Entoni Blinkenin, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolu xüsusilə qeyd edildi.
Beləliklə, Ağdam kimi nəhəng bir rayonumuzun 97 min tank və piyada əleyhinə minanın döşəndiyi ərazilərinin xəritəsi artıq əlimizdədir. Bunu 44 günlük Vətən müharibəsindəki Qələbəmizdən sonra başlanmış diplomatik-siyasi mübarizə mərhələsində əldə etdiyimiz ən böyük uğurlardan biri hesab etmək olar. Prosesi diqqətlə izləyənlər bu həqiqəti təsdiqləyər ki, Azərbaycan dövləti 10 noyabr Bəyanatının imzalanmasından dərhal sonra mina xəritələrinin ölkəmizə təhvil verilməsi ilə bağlı sərt mövqeyini ardıcıl surətdə ortaya qoyaraq həqiqətən də beynəlxalq birliyə tez-tez çağırışlar edir, Ermənistandan bu xəritələrin alınmasını bir tələb kimi irəli sürürdü. Dövlət başçısı hər dəfə öz çıxışlarında bəyan edir və tələb edirdi ki, Ermənistan bizə bütün yüz minlərlə minaların xəritəsini verməlidir. Əgər onlar bunu etməsələr, bu, Ermənistanın özü üçün xoşagəlməz nəticələrə səbəb olacaq. Azərbaycan rəhbərliyinin bu xəbərdarlıqları nəhayət ki, öz nəticəsini verdi. Bəli, iyunun 12-də Ağdam rayonu üzrə mina xəritələrinin Azərbaycana təhvil verilməsi məhz Prezident İlham Əliyevin ifadə etdiyi əminliyin və qətiyyətli siyasətinin nəticəsidir.
Mina xəritələrinin əldə edilməsi həqiqətən də olduqca mühüm humanitar aksiyadır. Bu aksiyanın uğurla sonuclanmasının nəticəsində on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin özlərinin də həyatı və sağlamlığı təhlükədən sığortalanmış olacaq. Neçə-neçə əsgərin həyatı xilas ediləcək. Eyni zamanda artıq bundan sonra Ağdamda nəzərdə tutulan quruculuq-bərpa işləri də sürətlənəcək. Mayın 28-də İlham Əliyevin işğaldan azad edilmiş Ağdam şəhərinə növbəti səfəri zamanı təqdim edilən Ağdam şəhərinin Baş Planının əsasında təməli qoyulan sosial layihələrin sürətlə həyata keçirilməsi üçün əlverişli zəmin yaranacaq. Əks təqdirdə, bu proses illərlə yubana bilərdi. Ağdam kimi böyük bir rayonun müxtəlif istiqamətlərində kortəbii şəkildə basdırılmış 97 min minanın tapılması, zərərsizləşdirilməsi heç kimə asan gəlməsin. Bu çox əziyyətli, təhlükəli və həm də bahalı bir işdir. Beynəlxalq təcrübələrdən də məlumdur ki, mina döşənmiş ərazilərin təmizlənməsi ilk növbədə xeyli vaxt və külli miqdarda vəsait tələb edir. Lakin mina xəritələrinin düşməndən alınması bu prosesi həm sürətləndirəcək, həm də maliyyə xərclərimizi azaldacaq. Deməli, Böyük Qayıdış anı da tezləşəcək. Bu mənada, Prezident İlham Əliyev başda olmaqla mina xəritəsinin düşməndən alınmasında rolu olmuş, əməyi keçmiş hər kəsə, o cümlədən Gürcüstan rəhbərliyinə və Qərb tərəfdaşlarımıza da təşəkkür düşür. Necə deyərlər, proses başladı və proses davam edəcək. Ermənistan işğaldan azad edilmiş digər ərazilərimizin də mina xəritələrini verməyə məcbur olacaq. Bu labüddür!

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI