Verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir
22-04-2024, 16:21
208 dəfə baxılıb
VETENİM-AZERBAYCANDIR.AZ
Ölkəmizdə aqrar sahənin inkişaf etdirilməsi dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılıb və aparılan iqtisadi siyasətin əsas istiqamətlərindən biri olub. Hazırda Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Bu inkişafın əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən və həyatımızın bütün sahələrinin tərəqqisinə yönələn siyasi kurs dayanır. Müstəqilliyimizin, təhlükəsizliyimizin, müasirləşmənin, sosial rifahın və iqtisadi inkişafın dayanıqlığının əsas təminatını məhz bu siyasət təşkil edir. Aparılan məqsədyönlü islahatlar nəticəsində digər sahələr kimi aqrar sahə də özünün dinamik inkişafı ilə mövcud çağırışlara cavab verərək keyfiyyətcə yeni mərhələyə daxil olub. Dövlət başçısının qəbul etdiyi qərarlar sayəsində aqrar sahənin inkişafı ilə bağlı qabaqcıl tənzimlənmə və dəstək mexanizmlərinin ölkəmizdə geniş tətbiqinə real zəmin yaranıb.
Ölkə Prezidenti İlham Əliyev cari ilin 16 aprel tarixində Hacıqabul rayonunda səfərdə olmuş, yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində bir sıra əhəmiyyətli məsələlərə toxunaraq işğaldan azad olunmuş ərazilərimizdə kənd təsərrüfatının inkişaf etdirlməsi istiqamətində görüləcək işlərdən, qarşıda duran vəzifələrdən ətraflı bəhs etmişdir.
Dövlət başçısı bugünədək icrası başa çatdırılan, eyni zamanda, qarşıdakı dövrdə icrası nəzərdə tutulan layihələrdən geniş bəhs edərək bu reallığı da diqqətə çatdırdı ki, Azərbaycan güclü, öz gücünə, imkanlarına arxalanan dövlətdir. Hazırda azad Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur. Cəmi üç il ərzində görülmüş işlər dövlətimizin gücünü, iradəsini göstərir.
Nəzərdə tutulan hər bir layihə icra ediləcək. Hər bir layihənin əhəmiyyəti var. Su ehtiyatları məhdud olan Azərbaycan bu sahədə də özünü tam təmin etmiş olacaq.
Qeyri-neft sektorunun inkişafı əsas hədəflər sırasındadır. Regionların malik olduqları potensialdan səmərəli istifadə etmək üçün bütün zəruri addımlar atılır. İnfrastrukturun yenilənməsi, təkmilləşməsi ilk gündən qarşıya əsas vəzifə kimi qoyulub. Bu gün qürurla bu mühüm məqamı qeyd edirik ki, bütün bölgələrimiz, o cümlədən işğaldan azad edilmiş ərazilərimiz inkişaf dövrünü yaşayır. Cənab İlham Əliyevin regionlara hər bir səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Təkcə son günlərdə Hacıqabul və Qəbələ rayonlarına, Gəncə şəhərinə səfəri zamanı atılan addımlara diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyevin sözügedən təməlqoyma mərasimində qeyd etdiyi kimi, bir neçə gün bundan əvvəl Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalandı, bu gün isə kanalın təməli qoyulur. Bu, çox əlamətdar hadisədir. Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyəti vardır. Çünki Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi Hacıqabul gölü olacaq. Bu layihə bir daha onu göstərir ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır.
Son illər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi prioritetlər sırasındadır. Bölgələr arasında ixtisaslaşmanın aparılması, onların malik olduqları resurslardan istifadəni təmin etmək üçün həmin sahə ilə bağlı Dövlət Proqramlarının təsdiqlənməsi və uğurlu icrası da bu məqsədə xidmət edir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə də bu məsələyə xüsusi diqqət göstərilir. Tarixi Zəfərimizdən sonra iqtisadi rayonların yeni bölgüsünün aparılması, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiqlənməsi də bunun bariz nümunəsidir. Qarabağda və Şərqi Zəngəzurda kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Dövlət başçısı İlham Əliyev bu reallığı xüsusi qeyd etdi: “Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik.”
Prezident İlham Əliyev böyük inamla vurğuladı ki, dediyimiz bütün sözlər, verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir. Bu layihənin icrası da tam təmin ediləcək.
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR<