Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan-NATO əlaqələri yüksək səviyyədədir

Azərbaycan-NATO əlaqələri yüksək səviyyədədir
27-03-2024, 12:48 179 dəfə baxılıb

Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla münasibətlərin qurulması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Bu siyasətin nəticəsi olaraq Azərbaycan aparıcı beynəlxalq təşkilatlarla, o cümlədən NATO ilə uğurlu əməkdaşlığını davam etdirir.
Azərbaycan-NATO əlaqələri ölkəmizin Avratlantik strukturlara inteqrasiyasının tərkib hissələrindən biridir. Bu əməkdaşlıq Azərbaycanın 1994-cü ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən Brüsseldə"Sülh naminə tərəfdaşlıq" Proqramına qoşulması ilə başladı. Bununla Azərbaycan NATO hərbi strukturları ilə əməkdaşlıq etmək, birgə təlimlər keçirmək, hərbi kadrlar hazırlanmasında blokun təcrübəsindən bəhrələnmək imkanları qazandı.

Cari ilin 17 mart tarixində NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana rəsmi səfəri başlayıb. NATO-nun Baş katibi Yens Stoltenberq səfəri çərçivəsində Prezident İlham Əliyev, müdafiə naziri Zakir Həsənovla, xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Danışıqların əsas istiqamətləri Azərbaycan-NATO tərəfdaşlığının prespektivləri, hərbi əlaqələr, Azərbaycan-Ermənistan sülh danışıqları, enerji təhlükəsizliyi, regional təhlükəsizlik, COP 29 olub.

Azərbaycan Prezidenti İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq təkbətək görüş keçirdikdən sonra mətbuata bəyanatla çıxış ediblər.
Azərbaycan Prezidenti bəyanatla çıxış edərək qeyd edib ki, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Tərəfdaşlığımız müsbət olmuşdur. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci ilin axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir.
Silahlı Qüvvələrimizdə aparılan islahatlar yaxşı nəticələr vermişdir. Biz müdafiə imkanlarımızı müasirləşdiririk və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdiririk.
Uzun illər davam edən müzakirələrimiz zamanı biz həmişə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışırdıq. İndi, artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Çünki Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Beləliklə, ölkənin ərazisi üzərində tam suverenlik bərpa edilib və bu, uzunsürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsidir. Münaqişə hərbi-siyasi yolla həll edilib. Biz BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququmuzdan istifadə etdik.
Hazırda isə biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik. Mənim Brüsselə sonuncu səfərim zamanı mətbuat konfransında bu məsələyə toxundum və qeyd etdim ki, Azərbaycan belə bir təşəbbüs irəli sürüb və biz Ermənistanın cavabını gözləyirik. Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq.
Təəssüflər olsun ki, işğal dövründə danışıqlar heç bir nəticə vermədi, 28 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsi olmadı. Bu gün isə hesab edirəm və ümidvaram ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticəsində bu mövzuda nəhayət nəticə əldə ediləcək. Zənnimcə, bu, Cənubi Qafqazda çox ciddi dəyişiklik olacaq. Bu isə o deməkdir ki, burada çoxdandır gözlənilən sülh bərqərar olacaq.
Dövlət başçısı vurğulayıb ki, bu gün biz cənab Baş katiblə, həmçinin enerji təhlükəsizliyi məsələsini müzakirə etdik. Mən ona məlumat verdim ki, Brüsseldəki son görüşümüzdən bəri qaz təchizatı baxımından NATO-ya üzv daha 2 dövlət bizim tərəfdaşımız oldu. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir. Əminəm ki, qarşıdan gələn illərdə tərəfdaşlarımızın sayı artacaq. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu isə həm böyük üstünlük, həm də böyük məsuliyyətdir.
Həmçinin mən cənab Baş katibi bizim yaşıl keçid gündəliyi haqqında məlumatlandırdım. Azərbaycan yekdilliklə COP29-a ev sahibliyi edəcək ölkə seçilmişdir. Bu, bizim yaşıl keçidlə bağlı səylərimizin tanınmasının göstəricisidir. Zəngin təbii ehtiyatlara, qazıntı yanacağına malik ölkə olaraq biz tərəfdaşlarımızla birlikdə bərpaolunan enerji mənbələrinə sərmayə yatırırıq. Mən cənab Baş katibi bu ilin noyabrında vəzifəsindən asılı olmayaraq, ölkəmizə səfərə gəlməyə dəvət etdim ki, o, bu mühüm tədbirdə bizimlə birlikdə olsun.


NATO-nun Baş katibi Yens Stoltenberqin ölkəmizə səfəri göstərdi ki, Azərbaycanla NATO arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Eyni zamanda bir daha təsdiq olundu ki, NATO Azərbaycana bölgədə mühüm rol oynayan tərəfdaş ölkə kimi yanaşır.

Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI