Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Fransa Milli Assambleyasında “Kanaky - Yeni Kaledoniya üçün hansı gələcək?” mövzusunda kollokvium keçirilib VİDEO

Fransa Milli Assambleyasında “Kanaky - Yeni Kaledoniya üçün hansı gələcək?” mövzusunda kollokvium keçirilib VİDEO
28-02-2024, 17:40 113 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ





Fransa Milli Assambleyasında demokratik və respublikaçı sol qrupun prezidenti Andre Şasen, Kanak kommunist, respublikaçı, vətəndaş və ekoloji qrupun prezidenti Sesil Çukierman, Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin üzvü, senator Rober Zovi tərəfindən “Kanaky - Yeni Kaledoniya üçün hansı gələcək?” adlı kollokvium təşkil olunub. Kollokviumda Kanaky-Yeni Kaledoniyadan, eləcə də Bakı Təşəbbüs Qrupunun İstanbulda keçirdiyi konfransda iştirak etmiş kanak xalqının nümayəndələri də qatılıblar.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, tədbirdə bu gün kanak xalqını narahat edən məsələlər, Yeni Kaledoniyadakı siyasi vəziyyət, siyasi dalana çevrilmə ilə bağlı xəbərdarlıq, hüquqi fikir ayrılığına dair mövzular müzakirə olunub. Son illərdə kanak xalqı müstəqillik arzusunu reallaşdırmaqda daha qətiyyətli olduğunu göstərir. Fransa dövləti isə buna qarşı getdikcə daha çox gücə əl atır.
Kollokviumda çıxış edən Kaledoniya İttifaqı (UC) siyasi partiyasının vitse-prezidenti, Yeni Kaledoniya hökumətinin üzvü, xarici işlər, mədəniyyət və idman naziri Mikael Forrest adanın siyasi tarixinə nəzər salıb, lobbiçilikdən, eləcə də beynəlxalq səviyyədə atılan addımlardan danışıb. Bildirib ki, adanın müstəqilliyini və suverenliyini arzulayan qruplar müxtəlif platformalardan istifadə edirlər. O, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində yaradılan Bakı Təşəbbüs Qrupunu xüsusi qeyd edib, onun ötən dövrdəki fəaliyyətinə toxunub. Qrupun səyləri sayəsində BMT Baş Assambleyasında Fransa hökuməti ilə bağlı qeydləri xatırladan M.Forrest deyib: “Baş Assambleya rəsmi Parisi hüquq-mühafizə orqanları arasında irqçiliklə bağlı mövcud olan ciddi problemlərini araşdırmağa, dinc toplaşmaq hüququna hörmət bəsləməyə və onun təşviq olunmasına çağırışlar edib, lakin Fransa dövləti bu çağırışlara hələ də məhəl qoymur”. Nazir Fransanı yuxarıda sadalanan çağırışlara riayət etməyə və kiçik xalqların hüquqlarına hörmət göstərməyə çağırıb, eyni zamanda, Bakı Təşəbbüs Qrupu sayəsində adanın müstəqilliyi istiqamətində beynəlxalq aləmdə görülmüş işlərdən söz açıb.
Digər çıxış edənlər bildiriblər ki, kanak xalqı son günlər Yeni Kaledoniyanın müstəqilliyi, eləcə də ölkənin taleyində həlledici rol oynayan seçicilərin müəyyənləşdirilməsi (yəni, bu günə qədər Kanaky-Yeni Kaledoniyada ən azı 10 il sakin olanlara səsvermə hüququ verilirdisə, indi artıq 7 il sakin olanlar səs verə bilərlər) ilə bağlı, eləcə də bu ilin mayında keçiriləcək əyalət seçkilərinin təxirə salınmasına çalışır. Fransa hökumətinin məcburi qaydada həyata keçirmək istədiyi bu iki dəyişiklik kanak xalqını ayağa qaldırıb. Buna cavab olaraq, Fransa polisi xalqı susdurmaq üçün 5 fəalı saxlayıb. Bu isə onsuz da Fransa hökumətindən narazı olan kanakların səbir kasasını daşırıb. Beləliklə, kanak xalqının nümayəndələri, eləcə də Yeni Kaledoniyanın müstəqilliyinin tərəfdarları ölkədəki siyasi vəziyyətlə bağlı maarifləndirmə işlərini intensivləşdiriblər. Ona görə də onlar uzaq məsafə qət edərək ölkələrinin taleyi ilə bağlı çox önəmli olan bu kollokviuma qatılıblar.
Kollokviumda çıxış edənlər 1998-ci ildə Yeni Kaledoniyanın dekolonizasiyasını (müstəmləkəsizləşdirilməsini) möhürləyən və kanakların qanı bahasına başa gəlmiş Numea sazişindən, Fransa polisinin Uvea mağarasına qanlı hücumundan, həmçinin 1980-ci illərdə baş vermiş gərginlikdən söz açıblar. Onlar, eyni zamanda, iki əsgərin və başından güllələnərək qətlə yetirilmiş 19 kanakın ölümü ilə nəticələnmiş “Viktor” əməliyyatını xatırladıblar. Həmin vaxt ədalətsizliyə, zülmə, Fransa müstəmləkəçiliyinə qarşı üsyana qalxmış kanak fəallarının qətlə yetirildiyini, yaralandığını və həbs olunduğunu qeyd ediblər.
Bildirilib ki, 1988-ci ilin noyabrında keçirilmiş referendum zamanı fransızlar tərəfindən ratifikasiya edilmiş müqavilələrlə Yeni Kaledoniyanın şimal, cənub və Luayot adası olaraq üç əyalətə bölünüb və adanın qarşıdan gələn 10 il ərazində öz müqəddəratını təyin etməsi nəzərdə tutulub. Referenduma fransızların cəmi 37 faizinin getməsinə baxmayaraq, saziş 80 faiz səslə qəbul olunub. Cənub əyalətinin sakinlərinin 57 faizi Matinyon sazişinə yox deyib. Ancaq10 ildən sonra bu müddət daha 20 il uzadılıb və bu gün kanak xalqının həmin sazişlərlə yaranmış ümidinə iki qanun dəyişikliyi ilə son qoymaq cəhdi müşahidə olunur.
Lakin Matinyon və Numea sazişlərindən sonra kanak xalqı suverenliyinin tezliklə təmin olunacağına ümid etsə də, 36 ildir bu ümid proses hər dəfə təxirə salınaraq uzadılır. Diqqətə çatdırılıb ki, sonuncu - 2021-ci il referendumu Fransa dövlətinin kanak mədəniyyətinin fundamental dəyərlərinə hörmətsizliyi və tarixi uğursuzluqdur.
Vurğulanıb ki, bu gün onlar kanak xalqını dinləməyə, anlamağa vaxt ayırmayan, sadəcə olaraq, müstəqillik layihəsini Kaledoniya siyasi xəritəsindən silmək istəyən və Sakit okean regionundakı ambisiyaları üçün yalnız özünün “böyüklüyünü” qoruyub saxlamağa çalışan Fransa hökuməti ilə üzləşiblər. Bu gün Fransa dövlətinin Yeni Kaledoniyanın respublika daxilində tam inteqrasiyası layihəsini həyata keçirməyə çalışdığı bildirilib.
Qeyd edilib ki, bu il fevralın 13-də Senatın hüquq komissiyasında konstitusiya qanunları layihəsi ilə bağlı dinləmə zamanı daxili işlər və dənizaşırı ərazilər nazirinin seçkilərin keçirilməsinə razılıq verən və FLNKS siyasi partiyasının məsul şəxslərin imzaladıqları bir sənədə sahib olduğunu deməsi tamamilə yalandır. Bu sənədi hələ heç kim görməyib.
Fevralın 21-də Numeada, 23-də isə Kone, Mare və Uveada keçirilmiş nümayişlərin yerli kanak xalqının bu son iki dəyişikliyə razı olmadığını əks etdirdiyi diqqətə çatdırılıb. Bildirilib ki, bu gün Makron hökumətinin barışmazlığı və zorakı addımları tərəflərin hər birində müharibənin qızışdırılmasına səbəb olur. Onlar yaranan bu qığılcımı söndürmək, danışıqlara və konsensusa imkan vermək üçün Fransa tərəfindən müdrik yanaşma göstəriləcəyinə ümid etdiklərini deyiblər. Kanak xalqı əsas qanunda dəyişiklik edilməsinin əleyhinədir. Onlar müstəqillik tələbində qəti olduqlarını bəyan ediblər.
Kollokvium işini sual-cavab sessiyası ilə davam etdirib.

Fransa Milli Assambleyasında “Kanaky - Yeni Kaledoniya üçün hansı gələcək?” mövzusunda kollokvium keçirilib VİDEO

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI