VETENİM-AZERBAYCANDIR.AZ
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avropa ölkələrinin bir sıra dövlət və hökumət rəsmiləri ilə yüksək səviyyəli görüşlər keçirdi. Burada xüsusi diqqətçəkən məqam həmin görüşlərin əksəriyyətinin qarşı tərəfin təşəbbüsü əsasında baş tutmasıdır.
Bu fikirləri açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov səsləndirib.
Münxen Təhlükəsizlik Konfransınadək baş verən hadisələrə diqqət çəkən politoloq fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirildiyini və bu seçkilərdə xalqın böyük əksəriyyətinin İlham Əliyevə səs verdiyini bildirib.
Prezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi zamanı çıxışında çox ciddi mesajlar verdiyini xatırladan X.Bəşirov bildirib ki, dövlətimizin başçısı çıxışında indiyədək gördüyü işlər barədə hesabat təqdim etməklə yanaşı, Azərbaycanın yeni dövrdə qarşısında duran məqsəd və vəzifələrdən danışdı, bir sözlə, bundan sonra yürüdəcəyi siyasətin konturlarını cızdı. Azərbaycan Prezidenti islamofobiya ilə bağlı mübarizə aparacağımızı, Azərbaycanın inkişafı istiqamətində əlimizdən gələni edəcəyimizi, Türk dünyasının daha da inkişafı üçün fəal rol oynayacağımızı, neokolonializmlə mübarizədə daha ciddi addımlar atacağımızı diqqətə çatdırdı.
“Suverenliyimizin təminatı kimi prezident seçkilərinin Azərbaycanın bütün ərazilərində keçirilməsindən, Prezident İlham Əliyevin andiçmə mərasimində qarşıdakı görəcəyi işlərlə bağlı baxışlarını aydın şəkildə ifadə etməsindən sonra Münxen Təhlükəsizlik Konfransında Avropanın yüksəkvəzifəli rəsmilərinin təşəbbüsü ilə keçirilən görüşlər ölkəmizin və onun Liderinin nüfuzu kimi qiymətləndirilməlidir. Eyni zamanda, görüşlərin qarşı tərəfin Azərbaycanın bundan sonra yürüdəcəyi siyasətlə tanış olduqdan sonra keçirilməsi də bir çox mətləblərə işıq salır.
“Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərin xüsusi əhəmiyyəti var. Qarşı tərəfin müraciətinə əsasən ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidlə görüşdə dövlətimizin başçısı Azərbaycan-Ermənistan münaqişəsinin artıq həllini tapdığını bildirdi və keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtının çoxdan yetişdiyini vurğuladı. Prezident İlham Əliyev normallaşma prosesində artıq heç bir vasitəçiyə ehtiyac qalmadığını da qeyd etdi. Düşünürəm ki, bu görüşdən sonra ATƏT üçün Azərbaycanın mövqeyi ilə bağlı heç bir sual qalmamalıdır”, - deyə X.Bəşirov vurğulayıb.
Politoloq qeyd edib ki, yenə də qarşı tərəfin müraciətinə əsasən ABŞ-ın Dövlət katibi Antoni Blinken, Dünya Bankının baş idarəedici direktoru Aksel Trotsenburq, Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqen, “The Rockefeller Foundation”ın strateji kommunikasiyalar, siyasət və təbliğat üzrə baş vitse-prezidenti xanım Eylin Okonnor və digər rəsmi şəxslərlə görüşlərin keçirilməsi Azərbaycanın yeni mərhələdə mövqeyinin qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, Azərbaycanın Qələbəsinin, suverenliyininin təmin olunmasının tam qəbul edilməsi deməkdir.
Onun sözlərinə görə, Münxen Təhlükəsizlik Təşkilatı çox mühüm platformadır və bu tədbir çərçivəsində Avropa ölkələri, mötəbər təşkilatlar Azərbaycanla münasibətlərin sonrakı dönəmində bütün bunları təbii ki, nəzərə alacaqlar və Bakı ilə siyasətlərini buna uyğun davam etdirəcəklər.
“Azərbaycan regional səviyyədən daha çox orta gücə sahib olan dövlət, qitələrarası təşəbbüslərin müəllifidir. COP29 sıradan bir tədbir deyil və bu tədbirin Azərbaycanda keçirilməsi əlamətdar hadisədir. COP29 kimi digər mötəbər tədbirlər Azərbaycanın haqq səsinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir.
Azərbaycan dövləti bəşəriyyətə, insanlığa xidmət edən addımlar atmaqda davam edəcək. Biz azərbaycanofobiya, islamofobiya və neokolonializm ilə mübarizəmizi bundan sonra daha da gücləndirəcəyik. Düşünürəm ki, bu istiqamətdə də Azərbaycanın uğurları çox da uzaqda deyil”, - deyə politoloq bildirib.