Bu gün Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümüdür
31-01-2024, 16:34
119 dəfə baxılıb
VETENİM-AZERBAYCANDIR.AZ
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümüdür.
Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. M.Ə.Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır.
Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, publisisti Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. O, hələ gənc yaşlarında - 1903-cü ildə bir neçə azərbaycanlı tələbənin iştirakı ilə Azərbaycan Gənc İnqilabçılar Dərnəyini yaratmışdır. 1906-cı ildən etibarən isə həmin təşkilat Müsəlman Demokratik Müsavat Cəmiyyəti adlandırılmışdı.
1904-cü ildə Bakıda Müsəlman Demokratik Müsavat Cəmiyyətinin əsasında Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bakı komitəsinin nəzdində Müsəlman Sosial Demokrat Hümmət Təşkilatı yaradılmışdır. Bu təşkilatın əsasını Məhəmməd Əmin Rəsulzadə, Məhəmmədhəsən Hacınski, Məşədi Əzizbəyov və Nəriman Nərimanov qoymuşdular. Təşkilatın, eyni zamanda, “Hümmət” adlı qəzeti də nəşr edilmişdir. 1904-1905-ci illər arası cəmi 6 nömrə işıq üzü görmüş qəzetin əsas naşirlərindən biri də M.Ə.Rəsulzadə olmuşdur.
Çarizmin təqiblərinə məruz qalan M.Ə.Rəsulzadə 1908-ci ildə Bakını tərk edərək İrana gedib, orada “İrane-nou” və “İrane Ahat” qəzetlərinin baş redaktoru kimi çalışıb. O, 1911-ci ildə Türkiyəyə mühacirət edib. Məhəmməd Əmin Rəsulzadə 1913-cü ildə Vətənə qayıdıb.
1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilmişdir. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Bir gün sonra isə Seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yarandı. M.Ə.Rəsulzadə səs çoxluğu ilə Milli Şuranın sədri seçildi.
1918-ci il mayın 28-də bütün ölkələrin radiostansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti təşkil olundu. Azərbaycan xalqı bütün Şərqdə ilk dəfə olaraq respublika qurdu. Cümhuriyyət cəmi 23 ay yaşamasına baxmayaraq, bir çox mütərəqqi ideyaların əsasını yaratdı. Həmin ideyaların əksəriyyəti bu gün müasir müstəqil Azərbaycan Respublikası tərəfindən yaşadılır və inkişaf etdirilir. Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra mühacirət həyatı yaşamağa məcbur olan Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da Ankarada vəfat edib və orada dəfn olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti 2023-cü il dekabrın 30-da “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR<