“Bakı Jurnalistika Məktəbi” seçkilər üçün təxribat hazırlayır
30-01-2024, 18:51
111 dəfə baxılıb
VETENİM-AZERBAYCANDIR.AZ
Seçkilərdən bir müddət əvvəl mediada belə bir məlumat yayılmışdı ki, 2025-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkilərində Qərbin Azərbaycanda fəallaşdırmağa və idarə etməyə çalışdığı hədəf qrupu gənclərdir. Bu da təsadüfi deyil. İstər Avropa, istər postsovet məkanı, istərsə də Yaxın Şərqdə vaxtilə geniş vüsət almış rəngli inqilabların əsas hərəkətverici qüvvəsi məhz gənclər olmuşdular. Dünyagörüşü hələ formalaşmaqda olan, enerjili, çılğın, siyasi cəhətdən zəif zümrə kimi gəncləri hər hansı ideya ətrafında cəmləşdirmək və istiqamətləndirmək bacarıqlı siyasi texnoloqların əlində heç də çətin məsələ deyil. Qərbdə isə belə proqramları, layihələri həyata keçirən kifayət qədər qurum mövcuddur.
Konkret Azərbaycana gəldikdə, 2011-2012-ci illərdə NDİ Bakıdakı əlaqələndiricisi Aleks Qriqorevsin təşkilatçılığı və 2 milyon dollarlıq maliyyə dəstəyi ilə paytaxtımızın mərkəzində, Torqovıda gənclərin etirazı, “molotov kokteylləri” bir o qədər də uzaq tarix deyil və hələ də unudulmayıb. Bu etirazlar, həmçinin həmin illərdə Qubada və İsmayıllıda təşkil olunmuş iğtişaşlar bütün proseslərin vahid ssenari üzrə həyata keçirildiyini və cəmiyyətimizin zəif nöqtələrinin müəyyənləşdirilməsinə cəhdlər göstərildiyini aydın nümayiş etdirirdi.
İllər keçsə də Qərbin metodları, istifadə olunan şəbəkə, oyun qaydaları heç dəyişmir. Abzas Mediadan sonra Azərbaycan ictimai rəyinə əsas təsir vasitəsi kimi Azadlıq radiosunu və Toplum TV-nin imkanlarını səfərbər edənlər bu dəfə seçki prosesinin gözdən salınması üçün xüsusi layihəyə start veriblər. Ümid edirlər ki, hazırladıqları “sürprizlər” Azərbaycan ictimaiyyətini ayağa qaldıraraq, bu olmasa da, Qərbin Azərbaycana yönəlik tənqidlərinə yol açacaq.
Beləliklə, hazırda qalmaqallı jurnalist kimi məşhurlaşmış Xədicə İsmayılovanın rəhbərlik etdiyi Toplum TV-nin örtüyündən istifadə etməklə və Bakı Jurnalistika Məktəbi adlanan bir qurum vasitəsilə təxribatçı gənc jurnalistlər qrupu formalaşdırılır. Gənclərə multimedia sahəsində təlimlər keçirilir, onlara yerlərdən materiallar hazırlamaq və sosial mediada yaymaq bacarıqları öyrədilir. Əsas hədəf qarşıdan gələn seçkilərdir. Bu qrup seçkilər günü məntəqələrdə çəkilişlər apararaq gözə dəyən azacıq neqativləri belə qeydə götürəcək, sonra isə böyük başlıqlar və uyğun şərhlərlə sosial şəbəkə profillərində yayacaqlar. Təbii ki, sonrakı mərhələdə də bu videolar Qərb mediasına ötürüləcək və Azərbaycanda keçirilmiş seçkilər haqqında lazımi rəyin formalaşdırılmasına başlanacaq.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR<