VETENİM-AZERBAYCANDIR.AZ
AŞPA-nın Azərbaycana qarşı tutduğu qərəzli mövqe hələ 110 il bundan əvvəl deyilən bir fikri tam təsdiq edir. 1913-cü ildə Əhməd bəy Ağaoğlu “Balkan vəhşiliyi və rus mətbuatı” adlı məqaləsində yazırdı ki, hamımızın ümid bəslədiyi və uğrunda mübarizə apardığı Avropa demokratiyasının rəngi Balkan hadisələrindən sonra gözümüzün qabağında dəyişdi. Məlum oldu ki, Avropa demokratiyası Avropa fabriklərinin İran bazarını dolduran üzü bəzək, içi çürük şeylərindən başqa bir şey deyilmiş. Bu gün AŞPA-nın Azərbaycana qarşı qərəzli qərarı “demokratiya fədailəri”nin nimdaş sifətlərini bir daha üzə çıxardı və yuxarıda deyilən fikri tamamilə təsdiqlədi. Azərbaycana qarşı irəli sürülən və qərarın qəbul edilməsinə rəvac verən iradlara nəzər yetirmək qərarın nə qədər qərəzli və ədalətsiz olduğunu təsdiqləmək üçün yetərlidir. AŞPA üzvləri Qarabağın erməniəsilli sakinlərinin bölgədən guya zorakılıqla köçürülməsini ölkəmizə irad hesab edir. Halbuki antiterror tədbirləri zamanı mülki əhaliyə heç bir zərərin dəymədiyi Ermənistan baş naziri Nikol Paşinyan və bölgədə müşahidə aparan BMT missiyası tərəfindən də təsdiqlənmişdi.
Bu fikirləri açıqlamasında Milli Məclis sədrinin müavini Fəzail İbrahimli səsləndirib.
“Ermənidən çox ermənipərəst olan avropalı parlamentarilərin daha bir iddiası 2023-cü ildə Laçın dəhlizinə səfərə və Qarabağdakı vəziyyəti müşahidə etməyə icazə verilməməsi ilə bağlıdır”, - deyən F.İbrahimli 30 il ərzində Qarabağın və Laçın yolunun nəzarətsiz ərazi olmasına göz yuman, on minlərlə azərbaycanlının insan haqlarının pozulmasını görməzdən gələn AŞPA bu yanaşması ilə klassik ikili standartlar prinsipini ortaya qoyub. Növbəti “siyasi məhbus” iddiası isə Azərbaycan təşkilata üzv olduqdan bəri hər zaman ölkəmizə qarşı istifadə edilib. Qondarma “siyasi məhbus” siyahısında yer alan şəxslərin əksəriyyəti haqqında məhkəmə istintaqı hələ başlamayıb, onlar barəsində heç bir hökm çıxarılmayıb. Bu şəxslərin nəinki siyasi ittihamla həbs olunduğunu iddia etmək absurddur, onları məhkəmə hökmündən əvvəl cinayətkar saymağın özü hüquqa təhqirdir.
Milli Məclis sədrinin müavini diqqətə çatdırıb ki, Azərbaycana qarşı çıxarılan qərarın son əsaslandırılması isə fevralın 7-də keçirilən prezident seçkilərini müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətinin dəvət olunmamasıdır. AŞPA-nın nümayəndə heyəti ölkəmizdə keçirilən bütün seçkilərdə müşahidəçi qismində iştirak edib, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinə dair müsbət rəyləri var. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra ölkəmizə qarşı hücuma keçən AŞPA indiki mövqeyimizin səbəbini özündə axtarmalıdır. Bütün bu arqumentlərdən, qərarın süni əsaslandırılması olan saxta iddialardan, qərəzli yanaşmadan aydın görünür ki, Avropa Şurası tərəfindən ölkəmizə qarşı açıq-aşkar azərbaycanofob, islamofob münasibət sərgiləyir. AŞPA-nın ölkəmiz əleyhinə qəbul etdiyi qərar özlərinin prinsip və normalarına ziddir. Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması qərarı elə Avropa Şurasına daxil olan ölkələrə də təsirini göstərəcək. Bütün bunlar Avropa Şurasının necə miskin durumda olduğunu, Avropa İnsan Hüquqları Konvensiyası başda olmaqla, insan hüquqları mexanizmlərindən mənfur məqsədlər üçün necə sui-istifadə edildiyini bariz şəkildə göstərir. Əgər Avropa Şurası bizim ümummilli maraqlarımıza və qələbəmizə kölgə salmaq istəyirsə, bu qurumdan çıxmaq Azərbaycan üçün hər hansı ciddi əhəmiyyət kəsb etmir. Çünki bizim əsas məqsədimiz bu təşkilatdan, onun tribunasından keçmiş münaqişə üçün istifadə etmək idi, lakin AŞPA ötən illər ərzində bu istiqamətdə heç bir iş görmədi. Əksinə, bu təşkilat da, onun ayrı-ayrı təsisatları da keçmiş münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyinə qərəzli, ədalətsiz yanaşdılar.
AŞPA-nın bu addımının, əslində, Azərbaycana qarşı qərəzli münasibətin davamı sayılmalı olduğunu vurğulayan Fəzail İbrahimli qeyd edib: “Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra dəfələrlə ölkəmiz haqqında qeyri-obyektiv sənədlər qəbul edilib. İnsan haqlarını fəaliyyətinin ali prinsipi elan edən bu təşkilat, hətta, Azərbaycan ərazilərinin 30 il işğal altında olduğu dövrdə belə ölkəmizin 1 milyon qaçqınının və məcburi köçkününün vəziyyəti ilə bağlı susurdu. Bunda Avropadakı erməni lobbisinin təsiri böyük idi. Azərbaycan öz torpaqlarını işğaldan azad, ərazi bütövlüyünü bərpa etdikdən sonra isə AŞPA-dakı ermənipərəst qüvvələr ölkəmizi “işğalçı tərəf” kimi təqdim etməyə çalışırlar. Bütün bunlar qurumun daxilində bəşəri dəyərlərin pərdə arxasına saxlanıldığını və Avropa Şurasının müəyyən dairələrin əlində alətə çevrildiyini təsdiqləyir. Azərbaycanı qaralayıb bu cür qərəzli mövqe sərgilənməsinin arxasında hansı qüvvələrin dayandığı artıq sirr deyil. Ölkəmizə qarşı ciddi oyun qurulub və bu “oyunçular”ın arxasında təkcə erməni lobbisinin pulu deyil, xristian dünyasının mühafizəkar mesenatlarının, dünyada güclənməkdə olan Türk birliyinə qarşı çıxanların, Cənubi Qafqaza soxulmaq istəyən imperialist dairələrin ortaq marağından irəli gələn maraqlar dayanır”.
Milli Məclis sədrinin müavini deyib ki, bu gün Avropa Şurası da, onun parlamenti də bu addımlarla öz maraqlarına xidmət edən Fransa, Almaniya kimi dövlətlərin alətinə çevrildiyini göstərməklə, əslində, oyuncaq təsisat olduqlarını bir daha nümayiş etdirdi. Azərbaycan uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır. Ölkəmizə qarşı bu cür qərəzli yanaşma Avropanın diplomatik nüfuzuna xələl gətirə, bir çox beynəlxalq məsələlərin həllini çətinləşdirə bilər. Bütün baş verənlərə cavab olaraq Azərbaycan qurumda iştirakına dair qərarı ilə bir daha nümayiş etdirdi ki, heç bir ölkə və beynəlxalq təşkilat onunla diktə dilində danışa bilməz. Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan öz mövqeyində haqlıdır və prinsipial mövqeyindən geri çəkilməyəcək. Dövlətimizin bütün addımları beynəlxalq hüquqa və qanunvericiliyə əsaslanır.