Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ermənistanın mina terroru sülh prosesinə mane olur - İrəvanın “vəkilləri” susur - ŞƏRH + FOTO

Ermənistanın mina terroru sülh prosesinə mane olur - İrəvanın “vəkilləri” susur - ŞƏRH + FOTO
22-01-2024, 16:46 120 dəfə baxılıb


VETENİM-AZERBACANDIR.AZ

Cənubi Qafqaz regionunun əsas gündəmi Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlıdır. İkinci Qarabağ müharibəsi və 2023-cü il sentyabrın 19-20-də antiterror tədbirlərindən sonra sülh sazişi ilə bağlı yeni imkanlar yaranıb. Bunu həm İrəvan, həm də vasitəçilik iddiasında olan tərəflər etiraf edirlər. Amma hələ də sülh gündəminə mane olan məqamlar var. Bunlardan başlıcası da minalı ərazilərin xəritəsi ilə bağlıdır.
Mina terroru - ümumilikdə erməni terrorunun əsas göstəricilərindən biridir. Məlum olduğu kimi, uzun illərdir işğal altında saxlanılan və müzəffər Ordumuz tərəfindən azad olunan torpaqlarımızın böyük bir hissəsini ermənilər minalayıblar. Hətta 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar basdırıblar. 2020-ci il noyabrın 10-dan indiyədək yüzlərlə insan mina terroru nəticəsində həlak olub və ya müxtəlif dərəcəli xəsarət alıb.

Məhz Ermənistanın çirkin oyunlarının nəticəsidir ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunsa da, böyük əraziləri əhatə edən sahələrə minaların basdırılması keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtması üçün ciddi əngəl olaraq qalmaqdadır. Müvafiq qurumlar baş verə biləcək xoşagəlməz halların aradan qaldırılması - minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində fasiləsiz olaraq çalışırlar.
Azərbaycanın Xarici İşlər Nazirliyi yanvarın 21-də yaydığı məlumatda bildirmişdi ki, Ermənistan tərəfindən yerləşdirilmiş minalar günahsız dinc əhali üçün təhlükə yaratmaqda davam edir. Qeyd olunub ki, indiyədək 342 nəfər mina terrorunun qurbanı olub. Nazirlik, həmçinin bəyan edib ki, hər kəs mina xəritələri ilə bağlı dəqiq məlumat almaq üçün Ermənistana təzyiq etməlidir.
Ola bilsin ki, İrəvan minalı ərazilərin xəritəsini özü üçün “kozır” hesab edir və bunu alış-veriş predmetinə çevirmək istəyir. Amma bu, yanlış yanaşmadır. Üç ildir davam edən səylərə baxmayaraq, minalı ərazilərin xəritəsinin hələ də Azərbaycana verilməməsi itkilərin sayının artması ilə nəticələnir. Bu isə özlüyündə qarşılıqlı etimad mühitinin yaranmasına, həmçinin sülh müqaviləsi məsələsinə mənfi təsir edir.

XİN çağırışında, şübhəsiz ki, xüsusilə proseslərə müdaxilə etmək istəyən aktorları, o cümlədən Fransanı nəzərdə tutub. Paris başqa vaxt İrəvana “vəkillik” edir. Özünün vasitəçilik rolunu qabardır, sülh prosesində maraqlı olduğunu iddia edir, tərəfləri və hətta bütün dünyanı buna inandırmağa çalışır. İndi isə ağzına su alıb oturur. Əlbəttə, Yelisey sarayı da başa düşür ki, minalı ərazilərin səhih xəritəsinin Azərbaycana təhvil verilməsi sülh üçün əlavə töhfə olar. Amma Fransa bunu bilə-bilə Ermənistana heç bir təzyiq göstərmir. Bu, riyakarlığın ən bariz nümunəsidir.
Ermənistan indiyədək Azərbaycana xəritələr verib. Lakin sonradan məlum olub ki, bu xəritələr heç də dəqiq deyil və sadəcə, çaşqınlıq yaratmaq üçündür. Məsələn, 2023-cü ilin martında Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilmişdi ki, ölkə ərazisində qeydə alınan mina partlayışlarının 55%-dən çoxu Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə olub. 2022-ci ilə ANAMA bildirmişdi ki, həmin xəritələrin dəqiqliyi cəmi 25 faizdir. Bu, İrəvanın qeyri-səmimiliyinin göstəricisidir.
Ehtimal etmək olar ki, Ermənistanın indiyədək bu məsələdə inadkarlıq göstərməsində üçüncü tərəflərin də müəyyən rolu var. Onlar İrəvanı silahlandıraraq bu dövlətin radikal mövqedə qalmasına şərait yaradırlar. Lakin vaxt gedir. Azərbaycan bir neçə dəfə sübut edib ki, müstəqil şəkildə problemləri həll etməyə qadirdir. Vaxtın uzadılması, riyakarlıq Ermənistan üçün daha ziyanlıdır. Çünki mina terroru nəticəsində hər dəfə Azərbaycan vətəndaşının həlak olmasından sonra sülh prosesinə növbəti zərbə dəyir. Belə olan halda İrəvan və digər oyunçular Bakını necə ittiham edə bilərlər?!
Beləliklə, müvafiq tərəflər Azərbaycanın çağırışından dərs çıxarmalıdırlar. Bunu etməyən aktorların sülhdən danışmağa nə haqları, nə də ixtiyarları var!

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI