VETENİM-AZERBAYCANDIR.AZ
20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində anım tədbiri keçirilib.
Nümayəndəlikdən bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının, həmçinin respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov çıxış edərək xalqımızın qan yaddaşına böyük faciə, müstəqilliyə yol açan şərəf və qəhrəmanlıq salnaməsi kimi həkk olunan 20 Yanvar hadisələri barədə ətraflı məlumat verib. Bildirib ki, 20 Yanvar faciəsi həm ümumxalq faciəsi, həm də xalqımızın milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, “Bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, bu tarix qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı”.
Qeyd edilib ki, Qanlı Yanvar faciəsi Azərbaycan xalqının azadlıq istəyinin qarşısını almaq cəhdi ilə yanaşı, həm də tarixi düşmənimiz olan ermənilərin işğalçılıq siyasətinin həyata keçirilməsinə xidmət edən ən böyük terror aktı idi. Ermənilərin faciədən bir neçə gün əvvəl Azərbaycanımızın dilbər guşəsi Naxçıvana hücumları bunu bir daha təsdiq edir. Məhz 1990-cı il yanvarın 18-də bu gün də erməni işğalında olan Naxçıvanın Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal edilib. Yanvarın 20-də Bakıda və ölkəmizin digər yerlərində Qanlı Yanvar hadisələrinin törədilməsindən təxminən səkkiz saat əvvəl Naxçıvanın Sədərək qəsəbəsinə və ətraf kəndlərə erməni silahlı dəstələrinin hücumları başladı və bu hücum əslində 20 Yanvar faciəsinin ilk qanlı işartıları idi.
Bildirilib ki, keçmiş Sovet İttifaqının hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də qara səhifə olaraq qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Bu qanlı faciə nəticəsində 137 nəfər öldürüldü, 700-dək insan yaralandı, 800-dən çox şəxs qanunsuz həbs edildi.
Xüsusi vurğulanıb ki, 20 Yanvar hadisələrində xalqının səsinə hər kəsdən əvvəl səs verən məhz Ulu Öndərimiz Heydər Əliyev oldu. Ümummilli liderimiz özünün və ailə üzvlərinin həyatının açıq təhlükədə olmasına baxmayaraq, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən Mixail Qorbaçovu kəskin ittiham etdi, sovet qoşunlarının dərhal Bakıdan çıxarılmasını tələb etdi. Yalnız Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi. Ulu Öndər 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər zaman böyük diqqətlə yanaşır, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edirdi.
Daimi nümayəndəliyin rəhbəri vurğulayıb ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olmuş Vətən övladları Azərbaycan tarixinə parlaq səhifə yazaraq, müstəqilliyi üçün əbədi yol açdılar. Nəticədə 20 Yanvar faciəsi azadlıqsevər xalqımızın, müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldı. Bu gün 20 Yanvar şəhidlərinin ruhu şaddır. Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olunub.
Digər çıxışlarda da 20 Yanvar faciəsinin Azərbaycanın müstəqillik mübarizəsində dönüş nöqtəsi olduğu vurğulanıb, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı vurğulanıb.