Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
VETENİM-AZERBAYCANDIR.AZxəbər verir ki, süjetdə Azərbaycanın Ermənistanla sərhədin müəyyənləşməsi prosesinə Xalq Cumhuriyyəti dövrünə aid xəritələrini əsas sənəd kimi daxil etməsindən bəhs olunur. Bildirilib ki, bu, Qərbi Azərbaycan məsələsinin siyasi müstəvidən sonra praktiki müstəviyə keçməsini də aktuallaşdırır: “Prezident İlham Əliyevin bu il yanvarın 10-da yerli televiziyalara verdiyi müsahibədə sərhədlə bağlı dedikləri bu gözləntiləri ön plana çıxardı. Dövlət başçısının səsləndirdiyi fikirlər və irəli sürdüyü istiqamətlərin motivi sərhədin delimitasiyası olsa da, burada əsas məqamlardan birinin Qərbi Azərbaycan məsələsinin növbəti mərhələyə daşınması olduğunu deyə bilərik”. Qeyd olunub ki, ötən il iyulun 15-də Bresseldə keçirilən üçtərəfli görüşdə Qərbi azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı müzakirə edildi: “Bu adi müzakirə yox, rəsmi Bakının Qərbi Azərbaycan məsələsini diplomatik müstəvidə qəbul etdirməsi idi. Prezident İlham Əliyevin sərhədin delimitasiyası ilə bağlı irəli sürdüyü istiqamətlər isə Qərbi Azərbaycan hədəfinin diplomatik müstəvidən praktiki müstəviyə daşınması planından xəbər verir. Dövlət başçısının delimitasiya prosesinə siyasi metdologiyanı daxil etmək gedişi də bu ərazilər üzərində Azərbaycanın tarixi haqqının tanınması, yaxud cari dövrdə müəyyən bir hissəsinə qayıdışın təmin edilməsi məqsədi daşıyır. Prezident İlham Əliyev delimitasiya prosesinə xronoloji metodu daxil etməklə SSRİ dövründə ermənilərə verilən ərazilərin qaytarılmasını irəli sürür”. Diqqətə çatdırılıb ki, delimitasiya Prezident İlham Əliyevin irəli sürdüyü siyasi metodologiya, yaxud xronoloji metodla müəyyənləşərsə, Qərbi Azərbaycanın ya bütün əraziləri, yaxud da ən azı Zəngəzurun böyük hissəsi Azərbaycanın nəzarətinə keçəcək və doğma yurdundan qaçqın düşmüş soydaşlarımızın öz evlərinə qayıdışı önündə heç bir maneə qalmayacaq. Sonda vurğulanıb ki, Prezident İlham Əliyev xəritələri bir kənara qoymaq və sərhədi qarış-qarış müəyyən etməyi təklif edir: “Bu, əslində Ermənistana açıq ismarışdır. Çünki rəsmi İrəvanın başqa yolu qalmayıb. Ya delimitasiya prosesi də daxil olmaqla sülh sazişini Bakının ədalətli tələblərinə uyğun imzalamalı və Qərbi azərbaycanlıların öz evlərinə qayıdışına şərait yaratmalıdır, ya da AXC xəritələri üz-üzə qalmalı olacaq. Bunu Prezident İlham Əliyev deyir və zamanla isbat etdi ki, o dediyini edəcək”. Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”,- fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir. Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.