Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan icması Fransada Natəvan irsinə qarşı törədilmiş vandalizm aktı ilə əlaqədar etiraz aksiyası keçirib YENİLƏNİB VİDEO

Azərbaycan icması Fransada Natəvan irsinə qarşı törədilmiş vandalizm aktı ilə əlaqədar etiraz aksiyası keçirib  YENİLƏNİB VİDEO
13-01-2024, 19:24 175 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Fransada azərbaycanlı şair Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktına cavab olaraq, Azərbaycan və türk icmalarının üzvləri yanvarın 13-də Evianda etiraz aksiyası keçiriblər.

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, Azərbaycan icmasının üzvləri aksiyanın keçirilməsi üçün yerli hakimiyyət orqanlarından icazə alıb və hüquq-mühafizə orqanları aksiya zamanı təhlükəsizliyi təmin edib.

Fransadakı Azərbaycan icması tərəfindən təşkil olunan etiraz aksiyasında Xurşidbanu Natəvanın irsinin qorunmasına, Eviandakı “Azərbaycan bağı”nın adının bərpasına, ədəbiyyatda, eləcə də qadın azadlığında böyük rolu olan X.Natəvanın xatirəsini ehtiramla anmağa və onun irsinin qorunub saxlanması üçün həmrəyliyə çağırışlar edilib.
Etirazçılar “Natəvanın mədəni irsini qoruyaq!”, “Azərbaycan bağının adının bərpasını tələb edirik!”, “Görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın irsini müdafiə edək!”, “Natəvanın ədəbiyyatda və qadın davasında oynadığı rola hörmətlə yanaşaq!”, “Natəvan irsinin, mədəni irsin qorunub saxlanması üçün birləşək!” kimi şüarlar səsləndiriblər.
Azərbaycan icmasının üzvü Aytən Muradova çıxışında bildirib ki, ermənilər Qarabağda Xurşidbanu Natəvanın qəbrini dağıdıblar, dünya buna göz yumub. İndi isə radikal ermənilər bu çirkin əməllərini Fransanın Evian şəhərində Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm törətməklə davam etdiriblər.
Mədəni irs nümunəsinə qarşı belə bir təcavüzün Fransada baş verməsinə çox kədərləndiyini deyən A.Muradova Fransanı Azərbaycan icmasına, onun mədəni irsinin qorunmasına hörmətlə yanaşmağa, fransız siyasətçiləri mədəni irsimizə, icmamıza qarşı mənfi mövqeyə son qoymağa çağırıb. O, qadınların azadlığında böyük rol oynamış Xurşidbanu Natəvanın heykəlinin Fransada vandalizmə məruz qalmasının utanc doğurduğunu vurğulayıb. Demokratiyanın, azadlığın beşiyi kimi tanınan Fransada medianın Azərbaycan, eləcə də regiondakı reallıqlarla bağlı az məlumatlı olduğu qeyd edilib. “Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Fransada nə baş verir? Natəvanın heykəlinə qarşı vandalizm aktı, sadəcə, bir daş parçasına deyil, tariximizə, mədəniyyətimizə qarşı təhqirdir. Biz - Azərbaycan mənşəli fransızlar Xurşidbanu Natəvanın heykəlinə, mədəni irsimizə hörmət tələb edir və bu heykəlin daim burada ucalmasını istəyirik. Gələcəkdə məhz bu bağda “Xurşidbanu Natəvan poeziyası günləri” keçirmək istəyirik”, - deyə o qeyd edib.
Azərbaycan icmasının üzvü Təranə Monbarbu diqqətə çatdırıb ki, bu gün Evianda ermənilər tərəfindən törədilmiş bu vandalizm aktı təkcə Azərbaycan mədəniyyətinə yox, Şərq və dünya mədəni irsinə qarşı hücumdur. Tanınmış azərbaycanlı şairin heykəlinə hücum edərək ona qarşı vandalizm aktı törətməklə onun irsini tarixdən silmək mümkün deyil. Aleksandr Düma Qafqaza səfəri çərçivəsində bu azad və intellektual qadınla tanış olub və onunla şahmat oynayıb. Bildirilib ki, qadın azadlığına töhfələr vermiş Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı qəbuledilməzdir və bu, bütün dünyanın qoruyub saxlamaq istədiyi mədəni irsə qarşı vandalizmdir.
Azərbaycan torpaqlarının 30 il erməni işğalı altında qaldığını və həmin ərazilərdə eyni erməni cahillərinin xalqımızın mədəniyyət nümunələrini darmadağın etdikləri vurğulanıb. Aksiya iştirakçıları bəşəriyyətin mülkü olan mədəni irsə qarşı olan belə bir cahilliyə və qeyri-şəffaf siyasətə son qoymağa, mədəni müxtəlifliyi, dialoqu, sülhü təşviq etməyə çağırışlar ediblər. Onlar insanları cahillərin belə qəbuledilməz əməlləri qarşısında birləşməyə səsləyiblər.
Aksiya iştirakçıları səslərinin haqq səsi, eləcə də mədəni irs uğrunda mübarizə aparanların səsi olduğunu bəyan ediblər.
Azərbaycanlı rəssam Əsmər Nərimanbəyova deyib ki, Azərbaycanın fəxri olan bir şairin heykəlinə qarşı olan bu vandalizm ümumi mədəni irsə qarşı vandalizm aktıdır. O qeyd edib ki, Fransanın mədəniyyət xadimləri, xüsusilə də mədəniyyət naziri Andre Marlo XX əsrin görkəmli rəssamlarından olan atası Toğrul Nərimanbəyovun yaradıcılığının Şərqlə-Qərb arasında bir körpü olduğunu vurğulayıblar.
Əsmər Nərimanbəyova bildirib ki, Xurşidbanu Natəvanın abidəsi Fransa ilə Azərbaycan arasında çoxəsrlik mədəni əlaqələrin rəmzidir. Bu heykələ qarşı vandalizmi törədənlər çirkin məqsədlər güdürlər. Parisdə fəaliyyət göstərən Xurşidbanu Natəvan məktəbi də məhz iki ölkənin mədəniyyətinin sintezini gələcək nəsillərə aşılayır, hər iki ölkənin mədəniyyətini təşviq edir.
Aksiya iştirakçıları Azərbaycan abidələrinin olduğu Fransanın digər şəhərlərinin merlərinə də üz tutaraq onları mədəni irs nümunələrinin qorunub saxlanmasına diqqətlə yanaşmağa çağırıblar. Vurğulayıblar ki, radikal ermənilər iki ölkə arasında münasibətlərin pozulması üçün müxtəlif yalan xəbərlər yayırlar və bunun qarşısı alınmalıdır.
Qeyd edək ki, 2017-ci ildə İsmayıllı və Evian şəhərlərinin qardaşlaşmasından sonra Azərbaycanın Evian-le Bən şəhərinə hədiyyəsi olaraq “Azərbaycan bağı”nda ucaldılmış heykələ qarşı vandalizm aktı təkcə azərbaycanlıları deyil, yerli ictimaiyyəti də narahat edib.

Azərbaycan icması Fransada Natəvan irsinə qarşı törədilmiş vandalizm aktı ilə əlaqədar etiraz aksiyası keçirib  YENİLƏNİB VİDEO

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI