VETENİM-AZERBAYCANDIR.AZ
Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziyalara müsahibəsində çox geniş və əhatəli mövzulara toxundu. Müsahibədə əsas diqqət ölkəmizin 20 il ərazində keçdiyi yol, regionda mövcud vəziyyət, Ermənistanla sülh danışıqlarının hazırkı durumu, Zəngəzur dəhlizi və digər məsələlərlə bağlı oldu. Eyni zamanda, fevralın 7-də keçiriləcək prezident seçkilərini şərtləndirən amillər, müəyyən xarici dairələrin ölkəmizə qarşı apardıqları kampaniyalarla bağlı da dövlətimizin başçısı mövqeyini açıqladı. Azərbaycan Prezidentinin müsahibəsi yeni dövrün başlanğıcında yeni hədəflərin açıqlanması baxımından da böyük önəm kəsb edir.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində son 20 ildə Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə isə milli gücünün artmasını təmin edib. Bununla yanaşı, tarazlaşdırılmış və milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Hazırda regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ən mühüm məqam isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır. Ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Azərbaycanın həyatında yeni mərhələ başlayıb. Hazırda qarşıda dayanan ən əsas hədəflərdən biri sülhə nail olmaq və Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirməkdən ibarətdir. Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziyalara müsahibəsində dediyi kimi, sülh müqaviləsinin imzalanması üçün real şərait mövcuddur. Ümumiyyətlə, Azərbaycan Cənubi Qafqaz regionunda sülh, sabitlik və inkişafın təmin olunmasında maraqlıdır. Ermənistan və Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin qurulması tamhüquqlu regional normallaşma yolu ilə təhlükəsiz, sabit və firavan Cənubi Qafqazın qurulmasının açarıdır. Azərbaycan qarşı tərəfə sülh sazişi imzalamaq təklifi edən ölkədir. Ancaq bir məsələ var ki, müəyyən beynəlxalq dairələr Ermənistana yalan vədlər verərək sülhdən uzaqlaşdırmağa çalışır. Ötən il Qarabağda keçirilən antiterror tədbirlərindən sonra baş verənlər buna nümunədir. Belə ki, havadarları Ermənistana guya Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurası və Avropa İttifaqı səviyyəsində sanksiyalar tətbiq ediləcəyi vədi verilmişdi. Rəsmi İrəvan da onlara inanaraq sülh sazişi üzrə təkliflərə cavabını uzadırdı. Təkliflərini 70 gün sonra Bakıya təqdim etməsinin səbəbi də bu idi. Həmin cavabda Qarabağ erməniləri ilə bağlı heç bir məqam yoxdur.
Deputatın sözlərinə görə, digər bir məsələ isə ondan ibarətdir ki, erməni tərəfi sülh sazişinin imzalanması prosesində hansısa zəmanətçilərin olmasını istəyir. Rəsmi Bakı isə bunu qəbul etmir. Çünki üçüncü qüvvələrin burada tərəf olması gələcəkdə region üçün yeni problemlər yarada bilər. Bütün bunlarla yanaşı, müsbət impulslar da var. Ötən ay Azərbaycan Prezidenti Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının müəyyən razılaşmalara dair birgə məlumat açıqlaması da sülhə doğru ciddi addım kimi qiymətləndirilə bilər. Bu hadisələrin özəlliyi ondan ibarətdir ki, tərəflər heç bir vasitəçi olmadan, birbaşa təmaslar nəticəsində bu razılaşmaya nail olublar.
Pərvin Kərimzadə qeyd edib ki, dövlətimizin başçısı müsahibədə 7 fevralda növbədənkənar seçkilərin keçirilməsinin səbəblərini də açıqlayıb. Bu amillər müasir tariximizin yeni mərhələsinin başlanğıcı sayıla bilər. Bu seçkiləri şərtləndirən amillər sırasında dövlətimizin başçısı, ilk olaraq, suverenliyimizin tam bərpasını əsas səbəb hesab edir. Azərbaycan Prezidenti ikinci səbəb kimi, seçkilərin ərazilərimizin hər bir yerində keçirilməsini göstərib. Ərazi bütövlüyü şəraitində məhz ilk seçkilər prezident seçkiləri olmalıdır.
“Qalib Azərbaycan regionda yeni reallıqlar yaradıb. Eyni zamanda, qarşıda yeni hədəflərimiz var. Bu hədəflərə çatmaq üçün yeni mərhələdə prezident seçkiləri müstəsna əhəmiyyət kəsb edir. Yeni dövrdə əsas hədəflər sırasında Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi, Böyük Qayıdışın təmin edilməsi, qlobal əhəmiyyətli layihələrin reallaşdırılması və digər məqamlar var. Məhz bu hədəflərin reallaşdırılması nəticəsində ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycan daha güclü və qüdrətli dövlətə çevriləcək”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.