MSK aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start verib
10-01-2024, 12:16
150 dəfə baxılıb
VETENİM-AZERBAYCANDIR.AZ
2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində müxtəlif seçki subyektləri üçün fərqli istiqamətlər üzrə layihələr davam etdirilir.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, Mərkəzi Seçki Komissiyası yanvarın 10-dan növbəti ölkəmiqyaslı tədbirlərə - aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start verib.
Treninq layihəsinin əsası hələ 2002-ci ildə Komissiyanın nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı çərçivəsində qoyulub və ilbəil təkmilləşdirilərək 2008-ci ildən etibarən forma və məzmunca daha da genişləndirilib. Treninqlər o zamandan bəri ölkəmizdəki bütün seçkilərdə keçirilməklə, dairə və məntəqə seçki komissiyaları üzvlərinin bilik və bacarıqlarının, işgüzar və peşəkar vərdişlərinin yüksəldilməsinə əhəmiyyətli töhfələr verib.
Mərkəzi Seçki Komissiyası qarşıdan gələn seçkilərlə əlaqədar iki mərhələdən ibarət treninq proqramı hazırlayıb. “Trenerlər üçün treninq” adlı birinci mərhələ yanvarın 10-dan başlayaraq 5 gün fasiləsiz keçiriləcək. Bu mərhələ Komissiyanın Treninq qrupu tərəfindən tam praktiki məşğələlər şəklində təşkil olunub və müxtəlif əyani, metodiki, yardımçı vəsaitlərdən istifadə edilməklə keçirilir. “Trenerlər üçün treninq”lərə ölkə üzrə 125 seçki dairəsi dairə seçki komissiyasının hər birindən iki təmsilçi olmaqla, ümumilikdə 250 yerli trener cəlb olunur. Onlar seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prosedurları barədə aydın və müfəssəl məlumat əldə edirlər.
Sözügedən treninqlərdə seçki günü prosedurları, səsvermə hərəkətləri və qarşıya çıxa biləcək müstəsna hallar əyani formada səhnələşdirilərək yerli trenerlərə nümayiş etdirilir, habelə praktiki məşğələlər zamanı müxtəlif mövzular geniş müzakirə olunur və yaranan suallar cavablandırılır.
Treninq layihəsinin məntəqə seçki komissiyalarının üzvləri üçün təşkil olunacaq ikinci mərhələsinə yanvarın 17-dən başlanacaq və seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq 3-10 gün ərzində keçiriləcək.
Layihənin bu mərhələdə də səmərəliliyini yüksəltmək və keyfiyyətini daha da artırmaq məqsədilə məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərin praktiki formada və Mərkəzi Seçki Komissiyasının Treninq qrupu tərəfindən hazırlanan cədvələ əsasən, təxminən 40 nəfərədək aşağı seçki komissiyası üzvünün iştirakı ilə kiçik qruplar şəklində keçirilməsi nəzərdə tutulur.
Qeyd etmək lazımdır ki, treninqlərə qatılan hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan "Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar da təqdim olunacaq.
Prezident seçkilərinin yüksək səviyyədə hazırlanıb, azad, ədalətli və şəffaf keçirilməsində müstəsna rolu olan treninq layihəsi, ümumilikdə 38000-ə yaxın aşağı seçki komissiyası üzvünü əhatə edir.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR<