Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Şimal bölgəsinə turist axını gözlədiyimizdən də çox oldu” - Qubadan reportaj

“Şimal bölgəsinə turist axını gözlədiyimizdən də çox oldu” - Qubadan reportaj
5-01-2024, 11:31 185 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

                    

Quba, 5 yanvar, Elxan Yusifli, AZƏRTAC
Bayram günləri yerli turistlərin daha çox səyahət etdiyi bölgələr arasında Quba ilk yerlərdən birini tutur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində Qubadakı otel və istirahət mərkəzlərindəki yerlərin böyük hissəsi əvvəlcədən tutulub. Rayona gələnlərin əksəriyyəti yerli turistlərdir. Bununla yanaşı, əcnəbi qonaqlar arasında ərəb ölkələrindən, Rusiya, Türkiyə və Pakistandan olanlar çoxluq təşkil edir.
Qubanın Azərbaycan paytaxtına məsafə baxımından yaxın olması turist axınında böyük rol oynayır. Rayonun İkinci Nügədi kəndindəki Çənlibel gölü son illər rayona gələn turistlərin sevimli istirahət məkanına çevrilib. Rayon mərkəzindən təxminən 14 kilometr məsafədə yerləşən gölün ətrafında istirahət mərkəzi və müasir otel fəaliyyət göstərir.

Otel meneceri Tural Əhmədov bildirib ki, bayramla əlaqədar istirahət mərkəzində otaqların 95-98 faizi tutulub. “Bayram günlərində şimal bölgəsinə turist axını gözlədiyimizdən də çox oldu. Xüsusilə 2023-cü ilin son, Yeni ilin isə ilk günlərini burada keçirmək istəyənlər daha çox idi. Hazırda otelimizdə otaqların 80-85 faizi doludur. Qonaqlar arasında əcnəbilər 10 faiz təşkil edir. Qonaqlara müxtəlif turizm paketləri təqdim olunur. Turistlər oteldə gecələmə, qidalanma, eyni zamanda, istirahət mərkəzi tərəfindən təşkil olunan şou proqramlarında iştirak etmək imkanı əldə edir”, - deyə Tural Əhmədov söyləyib.
Çənlibel gölü ətrafında turistlərə bir sıra maraqlı xidmətlər təqdim olunur. Qonaqlar göldə qayıqla gəzinti, göl ətrafında atla səyahət, restoran, ox atma və başqa xidmətlərdən faydalana bilərlər. Göldə balıq tutmaq da mümkündür.


Bayram günlərində Qubanı seçən turistlər arasında qar mənzərələrini seyr etmək istəyənlər çoxluq təşkil edir. Amma şimal bölgəsində son günlərdə günəşli hava müşahidə olunur.
“Paytaxtdan bu gün gəlmişik. Buradakı kotteclərdə yer tutmuşuq. Qiymətlər münasibdir. Qubaya oğlumun ailəsi, nəvələrimlə gəlmişəm. Çox xoşuma gəldi. Nəvələrim indi qayıqda səyahət edir. Mən xarici ölkələrdə də olmuşam. Azərbaycan təbiəti ən gözəllərindəndir”, - deyə göl ətrafında dincələn Dilarə Əhmədova söyləyib.


Yerli turistlərdən Dürrə Kazımova Qubaya qar görmək ümidi ilə gəldiklərini, amma günəşli hava ilə qarşılaşdıqlarını bildirib. “Tətil günlərini Qubada keçirməyi qərara aldıq. Üç gün burada qalacağıq. Ev kirayələmişik. Qar olmasa da, burada həmişə əsrarəngiz təbiət mənzərələrini seyr etmək imkanı var. Qubada görməli yerləri gəzəcəyik. Qəçrəşə getməyi də planlaşdırırıq. Ümidvaram ki, qarşıdakı günlərdə Qubaya qar da yağacaq.”

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI