VETENİM-AZERBAYCANDIR.AZ
Dekabrın 18-də Xarici İşlər Nazirliyinin və ADA Universitetinin birgə təşkilatçılığı ilə yeni qrup “Diplomatiya Könüllüləri” üçün Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş diplomatiya həftəsinin açılış mərasimi keçirilib.
VETENİM-AZERBAYCANDIR.AZ
xəbər verir ki, açılış mərasimindən əvvəl layihə iştirakçıları Fəxri xiyabanı ziyarət edib, Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla anıblar. Həmçinin Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanı ziyarət olunub, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin xatirəsi ehtiramla anılıb.
“Diplomatiya Həftəsinin” açılış mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ADA Universitetinin rektoru Hafiz Paşayev, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə, Kadrlar idarəsinin rəisi Raman Məmmədov və ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə iştirak ediblər.
Açılış mərasimində çıxış edən nazir Ceyhun Bayramov “Diplomatiya Könüllüləri” sıralarına yeni qəbul olunmuş könüllüləri bu münasibətlə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Yeni qrup diplomatiya könüllüləri üçün təşkil olunmuş bu layihənin Prezident İlham Əliyev tərəfindən elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində keçirilməsi, habelə müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinə həsr edilməsinin simvolik əhəmiyyət daşıdığı vurğulanıb. Müstəqil dövlətçiliyimizin əsasının qoyulmasında və möhkəmləndirilməsində misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin, ölkəmizin bütün sahələrdə hərtərəfli inkişafına və tərəqqisinə istiqamətlənən milli quruculuq siyasətinin Azərbaycan gəncləri tərəfindən dərindən mənimsənilməsinin vacibliyi diqqətə çatdırılıb.
Ulu Öndərin milli quruculuq siyasətinin ayrılmaz komponentlərindən biri olan, Azərbaycan xalqının milli maraqlarına əsaslanan xarici siyasət kursundan ətraflı bəhs edən nazir bu gün bu siyasətin Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.
Artıq Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu olan ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının həyata keçirildiyi, postmünaqişə dövründə bölgədə yeni reallıqların yarandığı, ölkəmizin bu gün bərpa, quruculuq, sülh gündəliyinin irəlilədilməsi istiqamətində fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Bu istiqamətdə Azərbaycan gənclərinin, xüsusilə dövlətimizin başçısı İlham Əliyev tərəfindən təşviq olunan könüllülərimizin ölkəmizin xarici siyasət prioritetləri və istiqamətləri, postmünaqişə dövrünün reallıq və çağırışları barədə məlumatlılığının artırılmasının əhəmiyyəti qeyd olunub. Eyni zamanda, Xarici İşlər Nazirliyinin də öz növbəsində gənclərin aidiyyəti sahə üzrə biliklərini artırmalarına töhfə verdiyi bildirilib.
Daha sonra çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev könüllüləri fəaliyyətə başlamaları münasibətilə təbrik edib, onlara təhsillərində və işlərində uğurlar arzulayıb, öz tövsiyələrini bölüşüb.
Qeyd edək ki, dekabrın 18-22-də keçiriləcək “Heydər Əliyev İli”nə həsr olunmuş diplomatiya həftəsi çərçivəsində iştirakçılar Ulu Öndər Heydər Əliyevin həyatı və müxtəlif sahələr, o cümlədən Ümummilli Liderin daxili və xarici siyasəti, hərbi quruculuq, neft və iqtisadi inkişaf strategiyası, parlament, mədəniyyət, mətbuat, gənclər və digər sahələr üzrə çoxşaxəli fəaliyyəti ilə bağlı dövlət xadimləri ilə görüşlərinin, səfər və ekskursiyalarının təşkili nəzərdə tutulub.