Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan ilə ICESCO arasında əməkdaşlıq münasibətləri müzakirə olunub

Azərbaycan ilə ICESCO arasında əməkdaşlıq münasibətləri müzakirə olunub
16-12-2023, 16:10 155 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ







Milli Məclisin sədri Sahibə Qafarova Mərakeşdə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb. 
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, görüşdə Azərbaycan ilə ICESCO arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu deyən S. Qafarova, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin İslam dünyasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, dünyada sülhün və təhlükəsizliyin təşviqi sahəsində böyük səylər göstərən mühüm təşkilatlardan olan ICESCO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirib. O diqqətə çatdırıb ki, Vətən müharibəsi zamanı ICESCO-nun ölkəmizin haqq işini dəstəkləyən bəyanatlar verməsi və müharibədən sonra bölgəyə texniki heyət göndərən ilk beynəlxalq təşkilat olması Azərbaycanda yüksək qiymətləndirilir. 
O, ICESCO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sivilizasiyalararası dialoqun təşviqi, təhsil və digər sahələrdə çoxşaxəli fəaliyyətini xüsusi qeyd edib. 
Görüşdə Azərbaycanın müsəlman ölkələri arasında həmrəyliyin və qarşılıqlı hörmətin möhkəmləndirilməsi istiqamətində davamlı səyləri barədə danışılıb, “Bakı prosesi” çərçivəsində uğurlu əməkdaşlıq qeyd olunub. 
Azərbaycan ilə ICESCO arasında keçən il imzalanmış Fəaliyyət Planının əhəmiyyətinə toxunan parlamentin sədri ölkəmizin gənclər, təhsil, mədəni irsin qorunması və bərpası kimi sahələrdə təşkilatla əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu deyib. Təşkilatın Bakı şəhərində Regional Ofisinin fəaliyyətə başlaması ilə bu əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə edilib. 
O, Şuşanın 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsinin şəhərin İslam sivilizasiyasının mərkəzlərindən biri kimi əhəmiyyətinin nümayişi üçün yaxşı fürsət olacağını bildirib. 
Söhbət zamanı parlamentlərin ICESCO ilə elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq perspektivlərinə toxunulub, bu çərçivədə ICESCO ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin əməkdaşlığının perspektivləri barədə danışılıb. 
Salim bin Məhəmməd əl-Malik ICESCO-nun Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib. O, ötən illərdə ölkəmizə səfərləri çərçivəsində ölkə rəhbərliyi ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb, imzalanmış Fəaliyyət Planının ICESCO ilə Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcəyini bildirib. Baş direktor Heydər Əliyev Fondunun İslam dünyasında təhsil, elm, mədəniyyət sahələrində gördüyü işləri yüksək qiymətləndirib. O, Azərbaycanın ianə ayırmasını onun ICESCO-nun işinə dəstəyinin daha bir təzahürü kimi dəyərləndirib. Salim bin Məhəmməd əl-Malik ICESCO-nun işinə verdikləri dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü ifadə edib. 
O, həmçinin Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək hüququ qazanmasına, həmçinin Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmasına görə təbriklərini çatdırıb. 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.
x x x
Mərakeş Krallığına rəsmi səfər çərçivəsində Azərbaycanın parlament nümayəndə heyəti Peyğəmbər muzeyi və “İslam və Mərakeş” sərgisi ilə tanış olub.
Sahibə Qafarova xatirə kitabını imzalayıb.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri V Məhəmməd məqbərəsinə də gedərək, orada V Məhəmmədin və II Həsənin məzarlarını ziyarət ediblər.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI