Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Vüqar Əliyev: Dünya Media Sammiti KİV-lərin əməkdaşlığı üçün geniş imkan yaratdı

Vüqar Əliyev: Dünya Media Sammiti KİV-lərin əməkdaşlığı üçün geniş imkan yaratdı
13-12-2023, 10:31 108 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Dünya Media Sammiti kütləvi informasiya vasitələrinin nümayəndələrinə təcrübə mübadiləsi aparmaq, tərəfdaşlarından yenilikləri öyrənmək, rəyləri bölüşmək, qarşıda duran vəzifələrin həllinin yeni yollarını axtarmaq və perspektivləri müzakirə etmək baxımından geniş imkan yaratdı. 

VETENİM-AZERBAYCANDIR.AZ

xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev Çin Xalq Respublikasının Sinxua informasiya agentliyinə müsahibəsində söyləyib. 
Vüqar Əliyev qeyd edib ki, o, ilk dəfədir Dünya Media Sammitində iştirak edir və bu platforma yeni əlaqələrin və tərəfdaşlıqların qurulması üçün fürsət kimi qiymətləndirilir. 
AZƏRTAC-ın İdarə Heyətinin sədri deyib ki, media strukturları arasında əməkdaşlıq cəmiyyət üçün təhdid təşkil edən bir çox informasiya problemlərinin həllini ehtiva edir, xəbər axınının lokomotivləri olan böyük informasiya agentlikləri isə informasiya sahəsində daimi təmasda olmalıdır. O vurğulayıb: “İnformasiya mübadiləsi tərəfdaşlığın əsas komponentidir, bu istiqamətdə qurulan mexanizm isə feyk xəbərlər, yanlış informasiya, manipulyasiyalar kimi bir çox aktual problemlərin həllinə imkan verəcək”. 
V.Əliyev qeyd edib ki, texnologiyalar media sənayesinin hərəkətverici qüvvəsidir və müasir dövrün jurnalistləri təkcə qələmi olan söz sahibləri deyil, həm də ən yeni texnologiyaların incəliklərinə yiyələnmiş peşəkarlardır. 
O əlavə edib: “5G, süni intellekt, metakainat – bütün bunlar məzmun yaratmağın və istehlakçılara kontentin daha mürəkkəb növlərini təqdim etməyin yeni vasitələridir. Belə texnologiyalar istehsalat formatına və informasiyanın təqdimatına təsir edir və biz öz auditoriyamızın yanında olmalıyıq”. 
V.Əliyevin sözlərinə görə, müasir texnologiyalar həm də informasiya sahəsində yeni çağırışlar yaradır və media sektorunda çalışanlar bu cür vəziyyətlərə hazırlıqlı olmalıdırlar. 
AZƏRTAC-ın rəhbəri deyib: “Ən qabaqcıl texnologiyalardan istifadə etməklə hazırlanan və yayımlanan feyk xəbərləri misal göstərmək olar. Məhz bu səbəbdən KİV-lər öz fəaliyyətinin yaxşılaşdırılması üçün innovasiyaların həyata keçirilməsi, yeni yanaşmaların tətbiqi müstəvisində daha güclü olmalı, əməkdaşlarının ixtisasını artırmalı və əməkdaşlıq etməlidir”. 
V.Əliyev xatırladıb ki, bu il “Bir kəmər, bir yol” təşəbbüsünün irəli sürülməsinin onilliyi qeyd edilir. Onun sözlərinə görə, bu layihə bir çox ölkələrin iqtisadi, nəqliyyat və logistika sistemlərini xeyli dəyişib, onun iştirakçısı olan ölkələr isə burada öz xalqları üçün fayda olduğunu görüblər. 
O qeyd edib: “Humanizm prinsipinin bu təşəbbüsün əsas komponenti olması məni sevindirir. Çünki onun nəzərdə tutduğu bütün işlər son nəticədə sadə insanların rifahının yaxşılaşdırılmasına yönəldilib”. 
V.Əliyev hesab edir ki, bu təşəbbüsün öz hədəflərinə nail olmaq üzrə konkret mexanizmləri mövcuddur, kommunikasiyalar və əməkdaşlıq onların arasında əsas amillərdən sayılır. 
O əlavə edib: “Çin dünyanın ən müxtəlif ölkələrinin KİV-ləri arasında əməkdaşlıq istiqamətində aparıcı platformalardan birinə çevrilib. Ümumilikdə, bütün sahələrdə uzunmüddətli tərəfdaşlığın qurulmasının mühüm elementi olan kommunikasiyalar ideyası da burada reallaşır”. 
AZƏRTAC-ın İdarə Heyətinin sədri dekabrın 2-dən 8-dək Çinin Quancou şəhərində “Qlobal etibarlılığı artırmaq, medianın inkişafını təşviq etmək” devizi altında keçirilən 5-ci Dünya Media Sammitində iştirak edib. Tədbir 101 ölkədən və regiondan 450-dən çox iştirakçını, o cümlədən 197 aparıcı media qurumunun nümayəndələrini, analitik mərkəzlərin, hökumət strukturlarının, Çində yerləşən diplomatik nümayəndəliklərin, həmçinin BMT-nin agentlikləri və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirib. 
Tədbirin təşkilatçıları qismində Sinxua informasiya agentliyi, həmçinin Quandon və Yunnan vilayətlərinin hökumətləri çıxış ediblər.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI