Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“5 min imzanı zorla toplayanlar, 40 mini yığmağı əsla bacarmazlar” - Elşən Musayev

“5 min imzanı zorla toplayanlar, 40 mini yığmağı əsla bacarmazlar” - Elşən Musayev
10-12-2023, 17:04 138 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

7 fevral tarixində keçiriləcək seçkinin ilk dəfə suverenliyimizin tam bərqərar olduğu dövrə təsadüf etməsinin, “Zəfər seçkisi” adlanmasının, dəyərli soydaşlarımızın 30 il sonra öz əzəli torpaqlarında, doğma Qarabağımızda yenidən səsvermə prosesinə qoşulmasının heç şübhəsiz xüsusi anlamı var. Burası məlum.
Amma verilən qərar, imzalanan sənəd, seçki gününün təyin edilməsi həm də hüquqdur! Prezidentin Konstitusion hüququ. Yəni, dövlət başçısı istəyər həmin qərarı 1 il sonra verər, istəyər 1 il əvvəl. Ya da ümumiyyətlə verməz.
Niyə bu 2 məqamı məxsusi qeyd edirəm? Çünki, seçki tarixi müəyyənləşəndən bəri tənqidçi müxalifətin hər türlü şərhi ilə qarşılaşdıq. Hətta ilyarımlıq tezləşməni “saxtakarlıq” adlandıranlar da tapıldı. Daha sonra isə məlum zehniyyətin sahibləri həmin düşüncəni, qavrayışı, əndrabadi qənaəti tirajlamaqdan belə çəkinmədilər. Hərgah, yanaşmanın kökündən yanlış olması gün kimi aydındır.
Əvvəla, Vətən müharibəsindəki qələbəmizdən sonra həqiqətən də düzən dəyişib, yeni reallıqlar formalaşıb, çağırışlar meydana gəlib. İkincisi, bir siyasətçinin – xüsusən də əgər o ölkə başçısıdırsa – istənilən taktiki gedişlər etmək ixtiyarı və haqqı yalnız özündədir. Nəhayət üçüncüsü... Seçki zamanla deyil, daimi hazırlıqla gözlənilməli olan prosesdir. Yəni, tutaq hansısa rəqib oturub fil qulağında yatacaqsa ki, seçki filan ildə olacaq və mən də 1 il qalmış hazırlaşaram, tədarük görərəm – bu artıq iş deyil. Üstəlik, iqtidarın problemi də deyil. Çünki siyasət – ekstremal fəaliyyət növüdür. Onunla mövsümdən-mövsümə, rübdən-rübə xobbi kimi məşğul ola bilmərsən. Oldunsa, batdın.
Digər bir məsələ: Bəzi qüvvələr həmişə seçki istəmirdilərmi, arzulamırdılarmı? Buyurun, bu da sizə seçki. Ürəyindən keçən marafona qoşulsun, gücünü sınasın, təbliğatını aparsın. Axı kimsənin qarşısı kəsilməyib. Yoxsa, ay məcəllə dəyişməlidir, seçki orqanları filan əsasla formalaşmalıdır və sair, ilaxır – bunların hamısı sadəcə bəhanə yığınıdır. Hə, orası da məlumdur ki, ürəkdən keçirmək söhbəti işin mində bir tərəfidir, əsas məsələ 40 min imzanı yığmaq, təbliğat aparmaq, etimad qazanmaqdır. Onu isə heç şübhəsiz, partiyasının qeydiyyatı üçün 5000 imzanı zor gücünə toplayanlar əsla və əsla bacarmazlar. Bu səbəbdən də özlərinə əl qatıblar, artıq fantastik düstur və təkliflərlə çıxış edirlər, baykot qərarı üçün zəmin hazırlayırlar.
Küsüblər seçkidən. Dünəndən küsün. Hətta çalışın, küskünlüyünüz heç keçməsin. Qaramat ideyalarınız epidemiya halı almasın. Özünüz-özünüzü yoluxdurun, xəstələnin-sağalın, deyinin-sakitləşin.
Bap-balaca dünyanızda.
​O gün BBC-də bir yazı oxudum. Əməlli “sifariş” iyi gəlirdi. Kimsə(lər) 42 min dollarından keçərək yenə nəşrin bütöv səhifəsini satın almışdı(lar). Döşəmişdilər iqtidarın ünvanına. Böhtanın, yalanın, iftiranın da beşi bir qəpik.
“Day-daylıq” institutu dünyanın hər yerində və bütün zamanlarda keçərli olub. Keçərli və məşhur: Qrant paylayan “dayı”lar, fetoçuların inkubasiyasına cavabdeh olan “dayı”lar, şaxta baba əvəzinə səfirlik əli ilə sovqat göndərən “dayı”lar və s...
Amma nə gizlədim, məlum kontekstdə BBC-indən (oxu: bibisindən) yarıyanları ilk dəfədir görürəm.
Allah mehriban eləməsin.
Elşən Musayev, 
Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI