Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Möhtəşəm Qələbənin Zəfər təntənəsi

Möhtəşəm Qələbənin Zəfər təntənəsi
9-12-2023, 13:12 90 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

3 il əvvəl bütün dünya Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin daha bir şanlı və qürurverici səhifəsinə – zirvə hadisələrindən olan Zəfər paradının keçirilməsinə şahidlik etdi. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradının keçirilməsi ölkəmizin qüdrətini, xalqımızın milli mübarizə əzmini növbəti dəfə ortaya qoydu.
Zəfər paradında diqqətçəkən bir məqam da Şuşa azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağının parada gətirilməsi idi. Eyni zamanda, əldə edilən möhtəşəm uğur şərəfinə paradda 3000 nəfərdən artıq şəxsi heyətin, türk əsgər və zabitlərinin iştirakı, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi və katerlərin, eləcə də Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayişi hər birimizdə qürur hissi doğururdu.
44 günlük Vətən müharibəsində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Noyabrın 10-da isə Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb.
Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə heç də asan başa gəlməyib. Bunun üçün Prezident İlham Əliyev davamlı və effektiv ordu quruculuğu həyata keçirib, ölkənin dayanıqlı iqtisadi inkişafının təmin olunması naminə düşünülmüş siyasət yürütmüşdür.
Artıq müharibənin başa çatmasından üç ildən artıq vaxt keçib. Bu gün erməni faşizminin yerlə-yeksan etdiyi şəhər və kəndlərimizdə həyata keçirilən quruculuq-abadlıq, tikinti işlərinin miqyası günü-gündən genişlənir.
Zəfər paradı bir daha göstərdi ki, peşəkar ordusu olan xalq yenilməzdir və müstəqilliyi əbədidir. Bizə bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid vətən oğullarına minnətdarıq.

Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI