VETENİM-AZERBAYCANDIR.AZ
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində Ermənistan ilə Azərbaycan arasında sülhə nail olunması ilə bağlı sualı da cavablandırıb.VETENİM-AZERBAYCANDIR.AZ
xəbər verir ki, dövlət başçısı bu barədə danışarkən deyib:
“Vaxt qrafiki ilə bağlı mən nikbin fikirdə idim, çünki biz Azərbaycanın özünün hazırladığı sülh sazişinin ilkin layihəsi ilə bağlı şərhləri bir neçə dəfə Ermənistanla mübadilə etmişdik. Bundan sonra isə iki ölkə arasında altı dəfə şərhlər mübadilə edilmişdir və keçən dəfə “Euronews”a bunun haqqında danışdıqda mən ümid edirdim ki, Ermənistan bizim təkliflərin nəzərdən keçirilməsi vaxtını uzatmayacaq.
Biz sentyabrın 11-də onlara sonuncu şərhlərimizi təqdim etmişdik və onlardan cavabı yalnız iki gün əvvəl almışıq. Beləliklə, təqribən iki ay yarımdır ki, onlar bir neçə səhifədən ibarət mətn layihəsini nəzərdən keçiriblər. Bu, nə deməkdir? O deməkdir ki, onlar süni olaraq prosesi ləngitmək istəyirlər. İndi noyabrın sonudur və ilin axırına qədər sülh sazişinin imzalanması ilə bağlı ümidlər o qədər də nikbin deyil. Lakin hesab edirəm ki, zaman qrafiki o qədər də vacib deyil. Vacib olan hər iki ölkənin gündəliyidir. Məhz Azərbaycan işğaldan və etnik təmizləmədən əziyyət çəkib. Bir milyon azərbaycanlı Ermənistan hökuməti tərəfindən deportasiya edilib. Təxminən sahəsi 15 min kvadratkilometr olan ərazi dağıdılıb”.
Bununla belə, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklifi Azərbaycanın verdiyini vurğulayan Prezident İlham Əliyev qeyd edib: “Hazırda Qarabağ məsələsi bitdikdən sonra düşünürəm ki, Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə, fikrimcə, Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil.
Bir sözlə, biz qeyd etdiyim kimi, iki gün əvvəl aldığımız ən son təklifləri dəyərləndirəcəyik və öz şərhlərimizi verəcəyik. Bununla yanaşı, biz müxtəlif rəsmilər arasında və fərqli kanallar vasitəsilə işçi səviyyədə təmasları saxlayırıq. Düşünürəm ki, sülh üçün alternativ yoxdur. Əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq. Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin”.