Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan-Meksika parlamentlərarası əlaqələri uğurla inkişaf edir

Azərbaycan-Meksika parlamentlərarası əlaqələri uğurla inkişaf edir
26-11-2023, 09:21 206 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


1 / 12






Milli Məclisin deputatları - Meksika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva və qrupun üzvü Elşad Mirbəşiroğlu bu ölkədə işgüzar səfərdədirlər. 
Ölkəmizin Meksikadakı səfirliyindən bildiriblər ki, Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Alberto Viya Viyeqasın dəvəti ilə həyata keçilən səfərin ilk günündə parlamentin nümayəndə heyəti Mexiko şəhərində yerləşən Xocalı soyqırımı abidəsini ziyarət edib, Meksika Konqresinin inzibati binası və “Qanunvericilik Muzeyi” ilə tanış olub, o cümlədən Konqresin növbəti plenar iclasına qatılıb. Konqresin vitse-prezidenti Azərbaycan nümayəndə heyətini səmimi şəkildə salamlayıb və Meksikada onu görməkdən məmnunluq duyduqlarını bildirib.
Daha sonra Konqresin Deputatlar Palatasının sədri Marsela Kastiyo və Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə ikitərəfli görüşlər keçirilib.
M.Kastiyo bir neçə il əvvəl Azərbaycana səfərini xoş təəssüratlarla xatırlayıb, ölkəmizdə şahidi olduğu inkişafın və qonaqpərvərliyin onda dərin təəssürat oyatdığını qeyd edib. O, Milli Məclisin nümayəndə heyətinin Meksikaya səfərini yüksək qiymətləndirdiklərini bildirib və qarşılıqlı səfərlərin iki ölkə arasındakı parlamentlərarası əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyini vurğulayıb. 
Dostluq qrupunun üzvləri ilə keçirilmiş görüşdə qrupun sədri A.Viyeqas çıxış edərək, Meksikanın dost ölkə və mühüm tərəfdaş kimi qəbul etdiyi Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. O, bu il xalqımız tərəfindən anadan olmasının yüz illik yubileyi qeyd edilən Ümummilli Lider Heydər Əliyevin dühası və əsasını qoyduğu layihələr sayəsində Azərbaycanın Avrasiyada mühüm nəqliyyat və enerji habına çevrildiyini bildirib. A.Viyeqas bu il Meksika Deputatlar Palatasında Ulu Öndərin 100 illiyi ilə əlaqədar təşkil olunmuş tədbiri, eləcə də Azərbaycanın mədəniyyət paytaxtı, azadlığın rəmzi Şuşa şəhərinə səfərlərini böyük məmnunluqla yada salıb, 30 il ərzində etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz doğma torpaqlarına ləyaqətlə və təhlükəsiz qayıdışının təmini məqsədilə həyata keçirilən işlərlə yerində tanış olduqlarını vurğulayıb. 
Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri J.Əliyeva səfərə dəvətə görə təşəkkürünü bildirib, iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası dostluq qruplarının, o cümlədən parlament diplomatiyasının önəmli yer tutduğunu deyib. O, Azərbaycanın Qarabağ bölgəsində cərəyan edən hadisələr, separatçılara qarşı antiterror tədbirlərinin keçirilməsini qaçınılmaz edən səbəblərdən danışıb, Ermənistanın mina terrorunun yaratdığı çətinliklərə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə fasiləsiz həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən ətraflı söz açıb. Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməklə regionda dayanıqlı sülhün yolunu açdığı, yeni reallıqların, qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının yarandığı qeyd olunub. Azərbaycanlı parlamentari Qoşulmama Hərəkatının ölkəmizin sədrliyi dövründə beynəlxalq müstəvidə geniş nüfuz qazanmasından danışıb, hazırda Hərəkat yanında müşahidəçi statusuna malik olan Meksikanın tezliklə bu beynəlxalq qurumun tamhüquqlu üzvünə çevriləcəyinə ümid etdiyini bildirib. 
Elşad Mirbəşiroğlu çıxışında iki ölkə arasında müxtəlif platformalarda səmərəli əməkdaşlığın həyata keçirildiyinə diqqət çəkib, Azərbaycan tərəfinin keçmiş Qarabağ münaqişəsi ilə bağlı Meksika tərəfinin tutduğu ədalətli mövqeyi və Meksika Konqresinin Xocalı soyqırımını tanımasını hər zaman yüksək dəyərləndirdiyini bildirib. 
Ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbov isə iki ölkə arasında bir çox sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb, səmərəli parlament diplomatiyasının ikitərəfli münasibətlərin inkişafına əlavə təkan verdiyini vurğulayıb. 
Görüşdə, həmçinin iki ölkə arasında iqtisadi-ticari, turizm, mədəni-humanitar, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, bu istiqamətdə qanunverici orqanların rolu, qanunvericilik sahəsində təcrübə mübadiləsi barədə müzakirələr aparılıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI