Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bu gün Azərbaycan Türk dünyasında böyük hörmətə və nüfuza malikdir

Bu gün Azərbaycan Türk dünyasında böyük hörmətə və nüfuza malikdir
5-11-2023, 21:29 200 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşü uzun müddət hər bir soydaşımızın yaddaşında qalacaq. Dünya ictimaiyyətinin marağına səbəb olan və diqqətlə izlənilən həmin tədbirdə əvvəlcə dövlətimizin başçısı Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi münasibətilə təbrikləri qəbul etdi. Prezident Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevi və Azərbaycan xalqını ölkəmizin ərazi bütövlüyünün bərpası, dövlətçiliyimizin möhkəmləndirilməsi münasibətilə təbrik etdilər. Vurğulandı ki, bu tarixi addım Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq atılıb. Dost Azərbaycan xalqı Türk dünyasında layiqli yer tutur, böyük hörmətə və nüfuza malikdir. Respublikamız və onun Lideri haqqında deyilən bu səmimi sözlər hər bir soydaşımızı qürurlandırır.
Bu fikirləri  açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Hüquq müdafiəçisi deyib ki, tədbirdə, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən genişmiqyaslı tədbirlərdən söhbət açılıb. Qeyd edilib ki, tarixi ədalət zəfər çaldı. Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın quruculuq məkanına çevrilməsi istiqamətində mühüm nəticələr əldə olunur. Özbəkistan Prezidentinin avqust ayında Şuşa və Füzuli şəhərlərində olarkən irimiqyaslı quruculuq işlərinin, müasir infrastrukturun yaradılmasının, dağıdılmış mədəni irs obyektlərinin bərpasının şəxsən şahidi olduğunu diqqətə çatdırması Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yenidənqurma, tikinti-bərpa işlərini sürətlə davam etdirməsindən xəbər verir. Bu, həm də ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. 
Ç.Qənizadə tədbirdə dövlət başçımızın çıxışının böyük maraqla izlənildiyinə də toxunub. “Prezident İlham Əliyev Azərbaycanın Türk dövlətləri ilə münasibətlərinin möhkəmləndirilməsinin və əməkdaşlığın genişləndirilməsinin ölkənin xarici siyasətinin prioritetini təşkil etdiyini bildirdi. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. Diqqətə çatdırıldı ki, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində əməkdaşlıq əlaqələri müxtəlif sahələrdə təsisatlanıb. Bu gün təşkilat beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Türk dövlətlərinin əməkdaşlığı və dostluğu dünyaya örnəkdir. Bununla yanaşı, əlaqələrin səmimiyyət dərəcəsini əks etdirən önəmli statistikadan da söhbət açıldı. Tədbiri maraqla və diqqətlə izləyən beynəlxalq ictimaiyyətin üzvlərinə də bəlli oldu ki, son iki il ərzində Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfəri olub. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər”, - deyə o bildirib.

Komitə sədri dost və qardaş Türk dövlətlərinin strateji investisiyalarından da danışaraq deyib: “Qürurverici haldır ki, Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Dövlətimizin başçısı çıxışı zamanı qeyd etdi ki, artıq birgə sərmayə fondlarının yaradılması prosesinə başlanılıb. Bunu təsdiqləyən fakt Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılmasıdır. Həmçinin Türk dövlətləri arasında əməkdaşlıq əlaqələrinin artan dinamika ilə inkişaf etdiyi diqqət çatdırıldı. Dövlətimizin başçısı bunu faktlarla əsaslandırdı. Qeyd etdi ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artıb. Dost və qardaş ölkələr arasında münasibətlərin inkişafı kontekstində nəqliyyat və logistika sahələri də mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir”.
Komitə sədri Prezident İlham Əliyevin dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normalarının kobudcasına pozulmasını kəskin tənqid etməsini yüksək dəyərləndirdi. 
Hüquq müdafiəçisi deyib ki, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə edərək Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Türk dünyasına da bəlli oldu ki, hazırda Azərbaycanda Böyük Qayıdış Proqramı uğurla icra edilir. Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıblar. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur.
“Türk dövlətləri Azərbaycanın haqlı mübarizəsinə öz dəstəklərini verdilər. Özbəkistan, Qırğızıstan və Qazaxıstan bu yaxınlarda Azərbaycanın Qarabağ bölgəsində qondarma qurum tərəfindən keçirilmiş “prezident seçkiləri”ni tanımadıqlarını bəyan ediblər. Üzv dövlətlər Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər”, – deyə Ç.Qənizadə bildirib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI