VETENİM-AZERBAYCANDIR.AZ
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak etmək məqsədilə Ankara şəhərinə işgüzar səfərə gedib.VETENİM-AZERBAYCANDIR.AZ
xəbər verir ki, TDT-yə üzv Dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında açılış nitqi ilə çıxış edən Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin, Ali Məhkəmənin sədri Mehmet Akarca, ədliyyə naziri Yılmaz Tunç, TDT-nin Baş katibi Kubaniçbek Ömüralıyev və Ağsaqqal Şurasının sədri Binəli Yıldırım iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Türk Dövlətləri Təşkilatına üzv Dövlətlərdə qanunçuluğun və hüquq qaydasının təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığın bütün formalarına qarşı mübarizə sahəsində səylərin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib. TDT Baş Prokurorları Şurasının 2-ci toplantısının Türkiyənin qurulmasının 100 illiyi ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyəti qeyd edilib.
Kamran Əliyev üç il əvvəl Azərbaycan torpaqlarının otuz illik işğalına son qoyulduğunu, tarixi ədalətin və beynəlxalq hüququn bərpa edildiyini vurğulayıb.
Həmçinin, Baş prokuror Azərbaycan Ordusu tərəfindən 1 ay öncə lokal xarakterli antiterror tədbirlərinə başlanıldığı və qarşıda duran bütün vəzifələrin cəmi bir gün ərzində yerinə yetirilərək ölkəmizin ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğunu xüsusi vurğulayıb.
Bu ilin 15 oktyabr tarixində isə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bayrağımızın Ağdərə, Xocavənd, Xocalı, Əsgəran və nəhayət Xankəndidə qaldırıldığı qeyd olunub.
Bundan başqa, Azərbaycanın tərəfdar çıxdığı müqavilə və konvensiyalardan irəli gələn öhdəliklərə əməl olunması, o cümlədən cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, cinayət törətmiş şəxslərin verilməsi, cinayət təqibinin həyata keçirilməsi ilə bağlı sorğuların və digər sənədlərin icrasının həyata keçirildiyi bildirilib.
İclasın sonunda Ankara bəyanatı qəbul edilib, növbəti iclasın Qırğızıstanda keçirilməsi qərara alınıb.
Baş Prokurorluğun nümayəndə heyətinin Türkiyəyə işgüzar səfəri davam edir.