VETENİM-AZERBAYCANDIR.AZ
Artıq bütün dünya ictimaiyyətinə bəllidir ki, Azərbaycanın Silahlı Qüvvələrinin sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Böyük fəxarət və qürur hissidir hər birimiz üçün. Əfsuslar olsun ki, bu yolda itkilərimiz, ağrı, acılarımız da çox oldu. Vətənini öz canından üstün tutan Azərbaycan oğulları şəhadətləri ilə bu torpağın əbədiyyət sakinlərinə çevrildilər. Ölkəmizin bütün reqionlarından olduğu kimi qədim Quba torpağından da geyrətli oğullarımız torpağ, Vətən uğrunda öz canlarını fəda etdilər. Bu tarix yazan qəhrəmanlardan biri də Mirzəyev Nuran Akif oğludur. Nuran ailənin tək oğul övladı, bacılarının dayağı, ata, anasının ümidi idi. 27 iyul 1999-cu ildə Quba rayonunun Dağlı kəndində anadan olmuşdu qardaşımız. 2005–2014-cü illərdə Qımıl kənd ümumi orta məktəbində təhsil alır. Təhsilini davam etdirərək 2014-cü ildə Quba Peşə Liseyinə daxil olur. 2017-ci ildə Quba Peşə Liseyini bitirərək Rabitə, elektrik mantyoru, sürücü ixtisaslarına yiyələnir.
Daha sonra nakam ömür yolu ilə hər birimizin ürəklərini dağlayan nur üzlü Şəhid Nuranın hərb həyatına start verilir.
28 sentyabr 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən səfərbərliyə çağırılıb və 29 sentyabr 2020-ci ildə Vətən Müharibəsinə yollanıb. Yüksək əzm, vətənpərvərlik hissi ilə döyüşərək, böyük şücaət göstərmişdir. Şəhadətindən bir neçə gün öncə minalanmış böyük bir ərazini müəyyənləşdirən Nuran qəsbkar düşmənin bu həmləsini gözündə qoyur və geri çəkilmələri üçün qışqıraraq səy göstərir və beləcə 50-dən çox döyüş yoldaşlarını ölümün pəncəsindən azad edir. Bunu Nuranla həmən əməliyyatlarda döyüşərək sag qalmış cəbhə yoldaşları danışır. Böyük ürək ağrısı ilə qeyd edim ki, üç mindən çox Vətən oğlu kimi Qəhrəman Nuran qardaşımız da ölümün amansız pəncəsindən qurtula bilmir və
19 oktyabr 2020-ci ildə Füzuli, Cəbrayıl,Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Elə həman andan Nuranın əbədiyyət adlı yeni həyatının təməli goyulur.
21 oktyabr 2020-ci ildə isə böyüyüb boya-başa çatdığı Quba rayonunun Qımıl kəndində dəfn olunur.
Şəhid Nuran Mirzəyev olduğca nizam-intizamlı, əqidəli, milli mental dəyərlərlə zəngin bir ailənin övladı idi. Onun atası Akif kişi olduğca gözəl ailə başçısı, yaxşı ata, vətənini, elini sevən dəyərli Azərbaycan oğludur. Nuranın anası isə mələk üzlü, dəyanətli, mərd Azərbaycan anasıdır. Belə bir ailədə məhz Nuran kimi bir qəhrəman yetişə bilərdi. Mən bu ailənin 3 dəfə qonağı olmuşam. Və necə böyük ürək sahibləri olduğlarının şahidi olmuşam.
Şəhid qardaşımız Nuran Mirzəyevin əziz xatirəsini əbədiləşdirilməsi üçün bir çox addımlar atılmışdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının rəhbərliyi isə bu işlərin icrasında demək olar ki, ilk səy göstərənlərdən olmuşdur. Filialın direktoru Hörmətli Yusif müəllimi tanıyanlar hamı bilir ki, daima şəhid ailələrinə dəstək olur, şəhidlərimizin ailələrini yüksək dəyərləndirir, qazilərimizə hörmət, ehtiram nümayiş etdirir. Bu tendensiyanın bir hissəsi kimi, Şəhid Nuran Mirzəyevin adına Xarici dil Auditoriyasının açılışını xüsusi qeyd etmək istəyirəm. Bundan əlavə dəfələrlə şəhidimizin(eyni zamanda bütün Quba şəhidlərinin) Universitetdə keçirilən mühüm tədbirlərdə xüsusi qonaq gismində iştiraklarının təmini, onların evlərində ziyarətini və s. qeyd edə bilərik.
Bu gün Nuranın Vətən yolunda öz canını fəda etdiyi gündür, Şəhadət günü, əbədiyaşar dünyaya sakin olduğu gün...
Ruhun şaddır qardaşım. Çünki qanınız yerdə qalmadı. Məhz sizlərin timsalında bütöv, tam Azərbaycanın başı uca vətəndaşları statusuna yiyələndik. Bir ömür sizə borcluyuq.
Subay idi Nuran..... Toy taxt tacı, bəzəkli bəy otağı qisməti olmadı. Lakin gəlin otağı kimi bəzənmiş bir ziyarətgahı var Qubanın Qımıl kəndində. Bir də Azərbaycan təbiətinin ən gözəl çiçəkləri ilə bəzənmiş Bulağ kompleksi. Nuranın mələk üzlü anası öz əlləri ilə cənnət məkana çevirib buranı. Axı Nuranın bütün sevənləri, qonağları bu iki məkana təşrif buyuraraq onu ziyarət edib təsəlli tapırlar. Cənnət sakini qardaşımız, rahat uyu. Allahın rəhməti daima üzərində olsun.
Səni dünyaya gətirən o iki gözəl insana isə Allahdan səbr diləyirik. Şəhadətin ali olsun Nur üzlü Nuranımız!
Nəhayət Şirinova
ADPU Quba filialının əməkdaşı.