Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Tənha qadınlar

Tənha qadınlar
12-12-2022, 23:12 732 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Bir qadın düşündüm..Hüzünə qərq olmuş gecə kimi gözləri, küləyin üzünə tökdüyü tünd xına rəngli saçları, incə beli, zərif əlləri, heç kimin duya bilmədiyi qədər tənha,hər kəsin anlamayacağı qədər qürurlu, kişilərin həsrətlə izlədiyi, bəzəksiz, baxımsız amma çox gözəl bir qadın.. İçində fırtınalar qopan, susqun, sözlərlə deyil gözləri ilə danışan, illərin yorğunluğu üzərinə çökməsinə rəğmən dimdik duran bir qadın..O qadın ki, gülüşü gözəl dərdləri çox olan.Hər acı çəkdikdə bu da keçər deyib güclü olmağa çalışan. Hər acısına şükür edib, səbrlə gözləyən. O qadın ki özündən çox ailəsini düşünərək həyatda qalan, nə qədər qırılsa da daxilən, heç kimsəni qıra bilməyən. Ətrafa gülücüklər saçıb tənha qaldıqda isə ağlayaraq göz yaşlarını özü silib özünə “sən axı güclüsən”-deyib xoşbəxtmiş kimi görsənməyə çalışan qadın.
Deyirlər kişilər dünyaya meydan oxuyar,qadınlarsa kişilərə.Bir də tənhalığa meydan oxuyan qadınlar olar.Hansı ki tənhalıq canına dərd olub, anları xoşbəxt keçməyən qadınlar.Çünki sevdiyi insan olmaz yanında,gələr deyə gözləyər tənha qadın.Hər gecə pəncərənin önündə boynubükük dayanar.Gözyaşları quruyar gözündə.Çox çətin olsa da, dözməyə çalışar bəzən insan.Hərdən olar acı sözlərini belə özləyərsən.Həm dönməsini istəyərsən, həm də dönüb səni incidəcək deyə istəməzsən.Göz yaşların quruyub bir də axmayana qədər, içinə qapanıb doyunca ağlayar.Bir anlıq ya onu ya da gözyaşlarını silə bilməzsən.Yoxluqda nə edəcəyini bilməz qadın.Günlər aylar keçər yenə də dönməz tənha buraxan.Gözləyər yolunu, hər gün həsrətini çəkər.Amma o hələ də dönməz.Bilməz onu nə qədər sevdiyini.Bilməz onunçün nələr edə biləcəyini.Bilməz onun yolunu bu qədər gözləyəcəyini..Bilməz!Heç nə bilmədən gedər.Və tənha qalar tənha qadın.Bəzən bir sığınacaq dostu da olmaz tənha qadının.Onu bu qədər sevdiyini anlada biləcək kimsəsi olmaz.Bu qədər yaşatdığı əzabların hamısını deyə biləcək kimsəsi olmaz.Bilirsiz nə istəyər? Bir insan..Tanımadığı bir insanla birlikdə saatlarla dərdini bölüşmək   istəyər.Hə istəyər!..Bezər..Hər şeydən bezər.Bezər axı onu onsuz sevməkdən.Bezər artıq xəyallarını yalnız qurmaqdan.
Adı keçər bəzən, hər kəs dönüb ona baxar gülümsəyərək.Nə çətindir bilirsiz,tənha qadının həsrətindən ağlayacağı yerdə gülümsəmək?Adi bir şeyə gözləri dolar.Baxışlarında bir yalvarış,bir çarəsizlik duyular. Heçnə edə bilməz.İçinə bir köz düşər,hər nəfəs aldıqca alışar qəlbində.O sevdiyi insanın,gözlərinin önündə necə əridiyini görər.Onu başqa bir dərd bu qədər yıxa bilməzdi. Elə getdi ki,sanki son günü imiş kimi. Baxa-baxa qaldı arxasıyca,çarəsizcə. İndi içinə bir buz düşüb,heç kim əridə bilmir. Heç kim yandıra bilmir daha,buza dönmüş qəlbini. O qədər ehtiyacı olar ki ona,uzaqlarda bir yerdə hiss etdiyinə ümid edib,yaşayar bu təsəlli ilə.Tənha qadın unutmaq nədir bilməz,necə unudulmadığını öyrənər. Ölərkən,necə yaşanır,öyrənər. Artıq şəkillərinə də baxmaz,gözünün önündə canlanar üzü.
Və tənhalıq onun bu gənc yaşının ən dərin yarası olar.Ağladığında ən çox aradığı. Güldüyündə kaş ki, olsa deyə ilk ağlına gələn.Hüznündə çox tezdi deyə ah çəkdiyi.Uşaqlığı, məsumiyyəti, ən yumuşaq yeri, ən zəif halı,ən çox daha çox ,çox dərindən özlədiyi olar. Burnunun ucunu tək sızıldadan o olar. Ciyərindəki yanğının səbəbi yarım qalan gülüşləri olar.
Çox gözləyər qadın.Gözləmək üçün artıq çox gec olmazmı? Çox gözləmədimi sizcə də gedəni? Amma gedən geri gəlmirsə? Nə edəcək? Bir pəncərənin önünə oturub sonsuzadək beləcə gözləyəcəkmi?Çox gözlədi.Elə bir çox idi ki,o..Bütün dünya yanır, desələrdi ona, o pəncərənin önündən qalxa bilmərəm deyərdi.Hər şeyini əlindən alırlar, qalx bir şeylər et desələr, zatən o gedincə hər şeyim getdi, deyərdi.Deyərdi də deyərdi.Artıq güclü olmağı öyrəndi, başı dik durmağı da. Və bilirsiniz o pəncərənin önündən qalxmağı da öyrəndi.Aynanın qarşısına keçincə “Bugün də yaxşısan, daha güclüsən!” deməyi öyrəndi.Ancaq həyat güclü olmağı belə öyrətməməliydi.Hərkəsin həyatından bir gün birinin getməsi gərək. Bu acını da bilmək gərək.
Amma yetər ki dön!..Yetər ki gəl artıq yanına.Gəl qalma orda!.Gəl ki birlikdə olun!Bir qalın artıq.Gəl ki,”tənha qadın”adının qarşısından tənhalıq silinsin.
 
Aminə Şahsuvarqızı.

VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI