İl 2021. Dövr keçir, dövran dəyişir, lakin Azərbaycanda yenə bəzi ailələr üçün qız uşaqları arzuolunmaz və ya ikinci dərəcəli övlad olaraq qalır. Hələ də qız olduğu üçün ana bətnində körpənin öldürulməsi halları var. Selektiv abort eybəcər halda metastaz verərkən, cəmiyyət susur və fəlakətin böyüməsinə tamaşa edir. Bu müddətdə neçə-neçə ana və onların bəxş edəcəyi körpə dünyaya gəlməmiş dəfn edilir.
Bu gün cəmiyyətimizdə yaşananlar tarix boyu qadına yüksək dəyər verən türk milləti üçün üz qarası sayılacaq bir haldır. Və təəssüf ki, problemin kökündə əsasən qadınlara qarşı geridə qalmış düşüncələrin inkişaf etməsi durur. Bəşəriyyət gələcəyə baxdığı bir zamanda, Azərbaycan cəmiyyətində bəzi insanlar orta əsrlərə, vəhşi dövrə doğru geri atmaqdadır.
Bəs bu problem nədən qaynaqlanır və başımız üzərində “Domokl qılıncı” kimi dayanan problemdən necə qurtulmaq olar? "
Vətənim-Azərbaycandır.az" Azərbaycanda selektiv abort problemi və problemin həlli ilə bağlı ekspertlərin fikirlərini öyrənib.
Azərbaycan Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva bildirib ki, Azərbaycan qanunvericiliyi dölün cinsinə görə abortu qadağan edir: “Nazirlər Kabinetinin Sərəncamı ilə “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planı doğulacaq uşağın cinsinin seçilməsinin miqyasının qiymətləndirilməsi məqsədilə əhali arasında araşdırmaların aparılmasını, gender bərabərliyinin təmin olunması və reproduktiv sağlamlıq sahələrində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasını nəzərdə tutur”.
Ekspert qeyd edib ki, problemin həlli üçün sistemli yanaşma ortadadır: “Azərbaycan qanunvericiliyi dölün cinsinə görə abortu qadağan etsə də, qanunvericlikdə bunun yaratdığı hüquqi məsuliyyət əks olunmayıb. Bu məsələdə Cənubi Koreyanın təcrübəsindən istifadə olunması problemin həlli ilə nəticələnə bilər. Selektiv abortların səbəbləri müxtəlifdir. Bunun bəzən mental, iqtisadi səbəblərlə heç bir əlaqəsi olmur”.
Y. Hacıyevanın sözlərinə görə, selektiv abortlar gələcəkdə bir çox xalqların yer üzündən silinməsi ilə nəticələnə bilər: “Dölün cinsiyyətini müəyyən edən texnologiyaların inkişafı da nəticəyə təsir göstərir. Selektiv abortların nəticəsində son 50 ildə 100 milyon qız uşağı döl olarkən tələf edilib. Bu fakt özü qadınlara qarşı diskriminasiyanın göstəricisidir. Əsas səbəblərdən biri də qanunvercilik səviyyəsində selektiv abortlara qarşı güclü mübarizənin aparılmamasıdır”.
Sosioloq
Zəminə Səfərova isə bildirib ki, hazırda bəzi ailələrdə oğlan övladına üstünlük verilməsinin bir çox səbəbi var: “Burada sosial problemlərin olmasını qeyd edə bilərik. Bəzi ailələr qız uşağını böyütmək, ona cehiz vermək, ali təhsil vermək kimi sosial problemləri düşünürlər. Bütün bunları göz önünə gətirərək düşünürlər ki, qız uşağını böyütmək çətindir. Ona görə də bəzi ailələrdə oğlan uşaqlarına üstünlük verirlər. Bu istiqamətdə mövcud vəziyyət ailələrin daxilində müxtəlif fikirlərin olmasından irəli gəlir. Bəzi ailələrdə cinsi ayrı-seçkiliyə üstünlük verərək qadınları abort olunmasına məcbur edirlər”.
Ekspertin sözlərinə görə, yaxşı olardı ki, dövlət səviyyəsində, səhiyyə ilə bağlı da bunu nəzərə alsınlar və abortların sayını azaltsınlar: “Ümumiyyətlə, abort qadınların sağlamlığı üçün zərərlidir. Həm də ailədə “qızdırsa abort olunsun, oğlandırsa saxlanılsın” fikrinin özü günahdır. Ümumiyyətlə, abort ləğv edilsə daha yaxşı olar. Müəyyən bir ciddi səbəb olarsa, onda buna icazə ola bilər”.
Sosioloq deyir ki, burada gənc ailələrə diqqət ayrılsa daha yaxşı olar, mütəxəssislər tərəfindən onlara məsləhətlər, vaxt verilsin ki, gedib düşünsünlər: “Bəzi ailələrdə bildirirlər ki, “nəslimin davamçısı olması üçün oğlan mütləqdir”. Gənc ailələrin müxtəlif fikirlər səsləndirməsinin səbəbi valideynlərin onlara təsiri ilə bağlıdır.
Yaxşı olar ki, gənc ailələrlə bununla bağlı maariflənmələr aparılsın. Elə ailələr var ki, əksinə qız övladına üstünlük verirlər, hətta deyirlər ki, “valideyinə qalan qızlar olur”. Deyirlər ki, oğlan gedib kiminləsə ailə qurur və yeni ailəsinə üstünlük verir. Ona görə də ailədə oğlan və qız uşaqlarının sayı bərabər olarsa daha yaxşı olar. Ailələr buna gərək diqqət yetirsinlər. Ailədə əgər kişi öz xanımına, anasına, bacısına hörmətlə yanaşırsa, dünyaya gələn qız uşağına da sevinməlidir”.
Z. Səfərova bildirib ki, ailədə həm oğlan, həm də qız uşağının olması ilə bağlı bərabər düşüncənin olması hər iki valideynin savadlı, düşüncəli olmasından irəli gəlir.
“Yaxşı olar ki, bu tendensiyalara diqqət yetirilsin. Bəzən isə elə ailələr var ki, “fərsiz oğuldansa, üç-dörd qız övladımın olması daha yaxşıdır” deyə düşünürlər.
Bizim elə qızlarımız var ki, onların fəaliyyətlərini, nailiyyətini işıqlandırmaq daha yaxşı olardı. Yəni ailələr dərk eləsin ki, oğlan və yaxud qız övladının dünyaya gəlməsinin heç bir fərqi yoxdur. Əsas odur ki, dünyaya vətən, ailə, cəmiyyət üçün yaxşı, xeyir verəcək övlad gətirsinlər. Qız-oğul övladı ilə bağlı ayrı-seçkiliyi aradan götürmək üçün maarifləndirmələr aparılmasına məktəblərdə, hətta uşaq bağçalarından başlamaq lazımdır. Belə davam edərsə, qızların sayı azala bilər və xaricdən oğlanlarımız qızlar gətirib ailə qurar. Belə olduqda irsimiz uçuruma gedə bilər. Ona görə də yaxşı olar ki, ayrı-seçkiliyə son qoyulsun”.
Ekspert qeyd edib ki, burada dövlətin də rolu böyükdür: “KİV-də də bu haqda geniş maariflənmə aparılarsa, gənc ailələrə böyük mesaj olar. Yaxşı olardı ki, “ASAN xidmət” mərkəzində kiçik bir guşə olsun ki, gənc ailələrə maarifləndirmək üçün məlumat versinlər”.
Gülnar SəlimovaMəqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.