A + A -Gələn il fevralın 15-dən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatının və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədin, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb ediləcək.
Nazirlər Kabineti bununla bağlı
“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Qərarında dəyişiklik edib. Bundan əvvəl 2022-ci il fevralın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələbi müəyyənləşmişdi. Bildirilir ki, toyların 150 nəfərədək təşkil olunmasında, iş yerlərində üçüncü doza vaksin tələbi olacaq. Fevralın 15- də ikinci doza vaksinin vurulmasından 6 ay müddət keçdiyi halda mövcud vaksin pasportu qüvvədən düşəcək.
Buster dozanın birinci dozasını vurdurduqda isə pasportun müddəti limitsiz olacaq. Sosial şəbəkələrdə üçüncü dozanın məcburi qaydada vurulması barədə söhbətlər yer alır.
Mövzu ilə bağlı
Cebhe.info-ya Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Kamilə Əliyeva danışıb. Deputat bildirib ki, ümumiyyətlə, Azərbaycan qanunvericiliyinə görə, vaksin məcburi deyil, könüllü xarakter daşıyır:
"İnsanlar istər birinci, istərsə də ikinci dozanı könüllü surətdə vurdururlar. İlk vaxtlar aydın idi ki, insanlar vaksinin əhəmiyyəti barədə o qədər də məlumatli deyildilər. Ona görə də vurulma faizi aşağı idi. Ancaq sonralar aparılan təbliğat nəticəsində insanlar gördülər ki, vaksin vurduranlar xəstəliyi yüngül formada keçirirlər. Reanimasiyada olanların əksəriyyəti isə demək olar ki, vaksindən imtina edənlər idi".Deputat bildirib ki, ikinci dozanın vurulmasından altı ay keçdikdən sonra bədəndə əmələ gələn antitellərin miqdarı azalmış olur. Ona görə də üçüncü, yəni buster dozanın insanlara könüllü surətdə vurulması məsləhət olunur:
"Burada heç bir məcburiyyətdən söz getmir. Üçüncü doza gücləndirilmiş dozadır. İkinci dozadan altı ay keçdikdən sonra bədəndə antitellərin miqdarı azalır, ətrafdakı insanların saglamlığı üçün üçüncü dozanın vurulması məsləhətdir".