Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Dəmir Atın 23 yaşlı Sərkərdəsi..

Dəmir Atın 23 yaşlı Sərkərdəsi..
13-11-2021, 13:05 491 dəfə baxılıb

(Yəhudi əsilli Milli Qəhrəmanımız Albert Aqarunovun əziz xatirəsinə ithaf edirəm) 

Mən bir çox şəxsiyyətlərlə şəxsən tanış ola bilmədiyim üçün çox heyfsilənirəm.Düşünün ki,o şəxsiyyətlər bizim həyatımızda bizdən daha mühim rol oynamışlar.İstər siyasi mübarizədə,istərsə də od-alovun içində canlarından keçən şəxsiyyətlər..Onların yox oluşu,bizim var oluşumuzdur...
Bu gün mən sizə onlardan biri olan,tanımağı çox istədiyim,kaş ki yaşasaydı,kaş ki, indi bu Zəfər günümüzü görsəydi dediyim,hamımızın onu tankının üstündəki gülən mavi gözləri ilə verdiyi fotoşəkillə xatırlayan,Yəhudi əsilli Milli Qəhrəmanımız Albert Aqarunovdan bəhs edəcəyəm.
Hər daim 23 yaşında qalmasına baxmayaraq,biz və bizdən sonrakı nəsillətin belə yaddaşından silinməyəcək olan tank komandiri Albert...
Kim idi Albert???
Albert Aqarunoviç Aqarunov 25 aprel 1969-cu il Bakı şəhərində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin 8-ci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnib. 1987-ci ildə hərbi xidmətə çağırılan Albert, xidməti vəzifəsini Gürcüstanda yerinə yetirir və tank komandiri olur. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyir. Qarabağ müharibəsi başlayarkən, 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə gedir. Albert tank komandiri təyin edilir və Şuşa cəbhəsinə yollanır.Elə məhz,Milli Qəhrəmanımızın son döyüşü də 1992-ci il,8 may Şuşa uğrunda gedən döyüşlərdə olur..

Albert istəsəydi indi həyatda ola bilərdi..Çünkü o tankın içində idi,üstünlük Albertdə idi..Lakin,qəhrəman tankçı,şəhid yoldaşlarını kənara çəkmək üçün hərbi teknikasını tərk edir.O,şəhidləri kənara çəkən zaman erməni snayperinin gülləsinə tuş gəlir...və 23 yaşındaykən ölümsüzlük mərtəbəsinə yüksəlir.Erməni daşnakları Albertdən çox qorxurdular,çünkü onun tank döyüşündə bir metodu vardı ki, yoldaşları ona həmişə “yəhudi buterbrodu” deyirdilər. Erməni zirehli texnikası bir-birinə yaxınlaşandan sonra bir top mərmisi ilə iki texnikanı məhv etməsinə belə bir bənzətmə vermişdilər. Şuşaya hücum edilən vaxt, 9 tank, 7 BMP və bir çox texnikanı məhv etdi. Ermənilər Albertin  başına pul mükafatı qoymuşdular. 
Albertin döyüş yoldaşları onun şəhid olmasından sonra,tankına "Albert"adını verirlər..
Döyüş yoldaşlarının xatirində Albert zarafatcıl,ünsiyyətcil,mehriban biri olaraq qalmışdır.Albertdən bəhs edəndə göz yaşlarına hakim ola bilmirlər..Albert əgər sağ olsaydı indi 52 yaşı olacaqdı.Uğrunda canını verdiyi Şuşada-Xari Bülbül festivalında ən ön cərgədə,Ali Baş Komandanımız İlham Əliyevin yanında olacaqdı.Lakin,qismət olmadı.Albert Azərbaycanın Ermənistan üzərində qazandığı Zəfəri göylərdən izlədi,ruhu artıq şaddır,rahatdır.
Albert Aqarunovun bizə çatan fotoşəkillərdən ilham alaraq,onu əbədiləşdirən Azərbaycan Rəssamlar İttifaqının üzvü Ülkər xanım Əbülfət Milli Qəhrəmanımızın sanki danışan rəsmini çəkmişdir.Ülkər xanımın fırçası bizə qəhrəmanımızın igidliyini,şücaətini elə bir əks etdirmişdir ki,sanki o hələ də nəfəs alır,bizə baxaraq gülümsəyən gözləri ilə qürur hissi keçirdir.
Albert Araqunovun ailəsi hal-hazırda İsraildə yaşayır.Qardaşı Rantik Aqarunovla  virtual görüş zamanı  qardaşının uşaqlıq və gənclik illərini belə xatırlayır: “Albert ailəmizin sonbeşiyi idi. Çox sakit, mehriban uşaq olub. Böyüklərə yardım etməyi sevərdi. Hamı ilə nəzakətli davranışına görə qonşularımız onu xüsusilə sevərdilər. Qəlbi uşaq kimi kövrək idi. Bəlkə də elə bu səbəbdən bir qədər böyük yaşda bacı-qardaşlarının uşaqlarının nazı ilə oynamaqdan, onlara maraqlı hekayələr danışmaqdan zövq alardı. Çox erkən yaşlarından musiqilə maraqlanırdı. Hətta musiqi məktəbində nəfəs aləti – truba sinfini bitirmişdi. Lakin gələcək karyerasını, həyatını musiqiyə bağlamaq fikri yox idi. Yeniyetmə yaşlarından zəhmətkeş olub. Hərbi xidmətə gedənə qədər işləyib, ailəsinə kömək edirdi. Amma bu, onun dostlarına da zaman ayırmasına, onlarla əylənməsinə mane olmurdu. 
İsrail və Azərbaycan dostluğu 44 günlük Müharibədə bütün dünyanı səsə saldı.İsrail istər mənəvi,istər hərbi güc olaraq Azərbaycanın yanında durdu.
Mən heç bir zaman haqq-say itirməyən bir xalqın nümayəndəsi olaraq,Albert Aqarunovu və İsrail dövlətinin etdiyi bu böyük qəhrəmanlığı,dəstəyi əsla unutmayacam..
Ruhun qarşısında baş əyirəm,Tankın qorxmaz sərkərdəsi..
ÇİNARƏ SEYRAN
VƏTƏNİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI