Bu gün şəhid qardaşlar İman və Bəhrəmin anım günüdür.
“
Vətənim-Azərbaycandır.az” eyni gündə şəhid olan 22 yaşlı İman və 20 yaşlı Bəhrəmin ailəsindən hazırladığı reportajı yenidən təqdim etməkdən qürur duyur:
Hər kəs onları əkiz qardaşlar kimi tanıdı, ikisi də şəhid olmuşdu. Lakin İman və Bəhrəmin aralarında iki il yaş fərqi var idi. Ataları Elman da hər kəsin onları əkiz bildiyini deyir.
Elman Məmmədovun iki oğlu vardı, hər ikisi Vətən müharibəsində şəhid oldu.
Ataları deyir ki, qardaşlar şəhid olmağı qarşılarına məqsəd kimi qoymuşdular. İman və Bəhrəm uşaqlıqdan qardaş kimi, dost kimi çox yaxın olublar. Məktəbə, idmana bir yerdə gediblər, tələbə kimi bir yerdə oxuyub hərbi xidmətə yollanıblar.
Qusar rayonunda hərbi xidmətdə eyni bölükdə olublar və ilk olaraq Bəhrəm kəşfiyyatçı olub, bu səbəbdən İman da kəşfiyyat bölüyünə keçib. Daha sonra İmanın səhhəti kəşfiyyatçı olmağa imkan vermədiyi üçün o bölükdən uzaqlaşıb, Bəhrəm də ona görə könüllü kəşfiyyatdan çıxıb. Onlar daim bir yerdə olublar, heç vaxt bir qardaş digərini tək buraxmayıb. Buna görə də hər kəs onları əkiz bilib.
Onların yaşadığı Binə qəsəbəsindəki küçə qardaşların adı ilə tanınır. Xalq bu adı o küçəyə verib. Küçənin girişində İman və Bəhrəmin foto-lövhələri vurulub. Bunları ailədən xəbərsiz olaraq qəsəbə camaatı edib. Və əkiz bildikləri qardaşların adlarını da səhv salıblar. İmanın fotosuna Bəhrəm, Bəhrəmin fotosuna İmanın adı yazılıb. Onlar həyatda da belə idilər, İman Bəhrəm üçün, Bəhrəm İman üçün yaşayırdı...
Qardaşlar Rusiyada ali məktəbi bitirdikdən sonra Bakıya gəliblər və hələ hərbi xidmətə çağırılmaqlarına bir il qalsa da, bir gün sonra hərbi komissarlığa gedib qeydiyyata düşüblər. Sentyabrın 27-də döyüşlər başlayanda da ilk olaraq cəbhəyə gedənlərdən olublar. Şəhid olduqları vaxt isə onların hərbi xidməti başa vurub gəlməklərinə iki ay qalırdı.
Elman Məmmədov deyir ki, sentyabrın 27-də oğlanları döyüşə gedərkən Kürdəmir rayonunda onlara çatıb və görüşə bilib: “Əsgərlərdə o qədər ruh yüksəkliyi var idi ki, deyərdim döyüşə yox, şənliyə gedirdilər. Döyüşə, ölümə gülə-gülə gedirdilər”.
Yaxın qohumları Elman Məmmədova uşaqlardan birini döyüşdən saxlatmağı tövsiyə edib. Ata isə deyir ki, övladları arasında seçim edərdisə, bunu özünə bağışlamazdı.
İman və Bəhrəm döyüşlərə Füzuli rayonunda başlayıblar. Füzuli, Cəbrayıl və Zəngilanın kəndlərinin işğaldan azad edilməsində iştirak ediblər. Son döyüşləri isə Xankəndi uğrunda olub.Döyüşdə də bir-birilərini tək buraxmayıblar .Qardaşlar eyni döyüşdə eyni anda şəhid olublar.Yaşayanda bir-birilərini tək buraxmadıqları kimi sonda da bir yerdə şəhid olublar..
ALLAH RƏHMƏT ETSİN!