Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, şəhər gəzintisi zamanı Prezident və xanımı ictimaiyyət nümayəndələri ilə söhbətləşiblər. Prezident Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev və gənc idmançı ilə söhbət edib. Gənc idmançı: Cənab Prezident, gənc olimpiyaçı olaraq mən də gənc idmançılar adından Sizə təşəkkürümü bildirirəm. Prezident İlham Əliyev: Bilirəm, sən yaxşı vuruşmusan. Amma Niyaməddin kimi çempion olmalısan. Gənc idmançı: Sağ olun. İnşallah, Sizə söz verirəm. Prezident İlham Əliyev: Deyirəm, sənin kimi çempion olmalıdır. Hə? Gənc idmançı: Müəllimimizdir. Niyaməddin müəllimdən həmişə böyük örnək almışıq. Prezident İlham Əliyev: Sən neçənci ildənsən? Gənc idmançı: 1996-cı ildən.
Prezident İlham Əliyev: 1996-cı ildən. Görməmisən? Gənc idmançı: Görməmişəm. Böyük şərəf oldu. Prezident İlham Əliyev: Valideynlərin burada yaşayıb? Gənc idmançı: Bəli, valideynlərim burada olubdur, Gürcülü kəndində. Böyük şərəfdir Sizinlə buranı ziyarət etmək. Niyaməddin Paşayev: Cənab Prezident, mən də öz adımdan, öz ailəm adından Sizə dərin təşəkkürümü bildirirəm. Prezident İlham Əliyev: Sağ ol. Niyaməddin Paşayev: Mən 13 yaşıma qədər böyüdüyüm bu Qubadlı. Prezident İlham Əliyev: Sən burada yaşamısan? Niyaməddin Paşayev: Bəli, Qubadlı rayonunun Muğanlı kəndində doğulmuşam. İnşallah, arzu edirəm ki - necə ki, bu günə qədər Azərbaycanda böyük idman yarışları təşkil olunub, - bu işğal olunmuş şəhərlərimiz də bərpa olunandan sonra bizə Avropa Oyunları kimi, İslam Oyunları kimi, Avropa, dünya çempionatlarını keçirmək qismət olsun. Prezident İlham Əliyev: Əlbəttə. Mütləq. Burada indi mütləq yaxşı idman qurğuları tikiləcək. Siz də gəlib burada öz təcrübənizi bölüşəcəksiniz. Mütləq. Gənc idmançı: İnşallah, bundan sonra bütün qələbələrimizi Sizə həsr edəcəyik. Prezident İlham Əliyev: Çox sağ ol. Sənin çox güclü potensialın var, mən izləyirdim. Dünya çempionatının bürünc mükafatçısısan? Gənc idmançı: Bəli. Prezident İlham Əliyev: Yəni, dünya, Olimpiya çempionu ola bilər. Gənc idmançı: İnşallah. Sizə söz veririk, Parisdə sübut edəcəyik, Allahın izni ilə. Çox sağ olun.