Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan Avropa məkanına qaz ixracatını sürətlə artırır

Azərbaycan Avropa məkanına qaz ixracatını sürətlə artırır
10-02-2023, 20:00 239 dəfə baxılıb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında artan rolu uğurla reallığa çevrilən layihələrdən, eyni zamanda, imzalanan sənədlərdən aydın görünür. Son zamanlar enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artıb. İstər Azərbaycanın Avropa dövlətlərinə, istərsə də həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin ardıcıl xarakter alması diqqətdən kənarda qalmır. Cari ilin ötən dövrünə nəzər salaq. Yanvarın 29-da dövlət başçısı İlham Əliyevin Macarıstana, fevralın 2-də isə Rumıniya Prezidenti Klaus Yohannisin ölkəmizə rəsmi səfəri oldu. Bu səfərlər zamanı Prezidentlərin mətbuata bəyanatlarla çıxışları dünənimiz, bu günümüz və gələcəyimizlə bağlı bütün məqamları, həmçinin hədəfləri açıqladı.

Rumıniya Prezidenti ilə mətbuata bəyanatında “Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər doğrudan da strateji əhəmiyyət daşıyır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir. 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Yəni, SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır.

Hazırda Azərbaycan-Rumıniya əməkdaşlığı yeni mərhələdədir. Ötən il Buxarestdə təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalandı. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcək. Bu, mühüm addım Azərbaycan qazına olan tələbatın göstəricisidir. Keçən il, həmçinin, Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu imzalandı. Azərbaycan Avropa məkanına qaz ixracatını sürətlə artırır.

Dövlət başçısı bu fikri böyük inamla qeyd etdi ki, biz çox önəmli strateji tərəfdaşlıq platformuna əsaslanaraq bu gün müasirliyə, inkişafa, enerji təhlükəsizliyinə doğru çox önəmli addım atdıq: “Eyni zamanda, digər sahələr də prioritet təşkil edə bilər, o cümlədən nəqliyyat sahəsi. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var. Əminəm ki, həm qaz, həm yaşıl enerji dəhlizləri, o cümlədən nəqliyyat sahəsində də gözəl nəticələrə gətirib çıxaracaqdır.”

Fevralın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları da ötən bir ildə ölkəmizin enerji sektorunda qazandığı uğurların təqdimatı oldu. Nəzərə alsaq ki, bu gün Azərbaycan neft və qazla yanaşı, elektrik enerjisi ixracatçısıdır, hər iki iclasın ölkəmiz üçün önəmi, eyni zamanda, əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsində əhəmiyyəti daha aydın nəzərə çarpır. Dövlət başçısı İlham Əliyev çıxışlarında Azərbaycanın bərpaolunan enerji sahəsində malik olduğu potensialdan və gələcək əməkdaşlıqdan geniş bəhs edir. Bu əminlik ifadə edilir ki, əlaqələrin genişləndirilməsi üçün böyük potensialımız vardır. Qarşılıqlı etimad, həmrəylik ruhunda hədəflərə yüksək səviyyədə nail ola bilərik. “Biz bu gün artıq doqquzuncu dəfədir ki, toplaşırıq və əlbəttə, bir çox məsələlər haqqında danışmalıyıq, adətən etdiyimiz kimi, görülən işləri nəzərdən keçirməliyik və ən vacibi, gələcək addımlarımızı planlaşdırmalıyıq” söyləyən Prezident İlham Əliyev bildirdi ki, buna görə də biz planlarımızı düzgün qurmalı və kimlərin potensial investor ola biləcəyini bilməliyik: “Əlbəttə ki, biz beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlığımızı davam etdirəcəyimizə ümid edirik. Fürsətdən istifadə edərək tərəfdaşlarımız olan ölkələrin hökumətlərinə minnətdarlığımı bildirmək istərdim. Bu ölkələr Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya və yeni tərəfdaşlarımız olan Rumıniya, Moldova və Macarıstandır.” Bu əminlik də ifadə edildi ki, Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaq.

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI