VETENİM-AZERBAYCANDIR.AZ
"Vətən Müharibəsində şanlı qələbəmizdən sonra Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmaqla yanaşı, ölkəmizə dost dövlətlərin sayı artmaqdadır. Bu gün Azərbaycan Avropa İttifaqına daxil olan 10 ölkə ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamışdır. Bu dövlətlər arasında Macarıstan xüsusi önəm kəsb edir. Azərbaycanla Macarıstanı tarixi köklər bağlayır. Ölkə başçımız cənab İlham Əliyevin Macarıstana 4 dəfə səfər etməsi ölkələrimiz arasındakı əlaqələrin yüksək dostluq səviyyəsində olmasından
xəbər verir".
Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva
Sonxeber.az-a bildirib.
Deputat həmçinin qeyd edib ki, Macarıstan Azərbaycan qazının istehlakçısı olmaqla yanaşı, həm də tranzit ölkə olacaq.
"Prezident cənab İlham Əliyevin Macarıstana səfəri çərçivəsində Azərbaycanla Macarıstan arasında genişlənmiş strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalandı. Prezident cənab İlham Əliyev Macarıstanda Azərbaycan-Macarıstan arasında dostluq əlaqələrinin yüksək səviyyədə olması, eləcə də Azərbaycan dövlətinin Macarıstanın enerji təhlükəsizliyinə böyük dəstək verəcəyi barədə mətbuata bəyanatla çıxış etdi.Artıq 2 ildir ki, Azərbaycan Avropaya qaz ixracı həyata keçirir. Bu gün bir sıra Şərqi Avropa ölkələrinə Cənub Qaz Dəhlizi vasitəsilə qaz hasil edilir. Yaxın bir neçə ildən sonra Cənub Qaz Dəhlizinin genişləndirilməsi və ixracın 2 dəfədən çox artırılması ilə bağlı Azərbaycanla Avropa Komissiyası arasında Anlaşma Memorandumu imzalanmışdır və Mərkəzi Avropa dövlətlərinə də Azərbaycan qazı ixrac olunacaq. Vaxtilə mövcud olmuş NABUKKO layihəsi yenidən fəaliyyətə başlayacaq. Bununla da Azərbaycan qazı Bolqarıstana, Rumıniyaya, daha sonra Macarıstana çatdırılacaq. Macarıstan Azərbaycan qazının istehlakçısı olmaqla yanaşı, həm də tranzit ölkə olacaq" ,- deyə deputat əlavə edib.
Kamilə Əliyeva bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdə Macarıstan şirkətləri də fəaliyyət göstərəcək.
"Azərbaycanda paralel olaraq bərpa olunan enerji sahəsində də böyük layihələr həyata keçirilir. 2022-ci ilin dekabrında Azərbaycan,Gürcüstan, Rumıniya və Macarıstan dövlətləri arasında imzalanmış sazişə əsasən Azərbaycanda istehsal olunacaq yaşıl enerji Qara dənizin dibi ilə Avropa dövlətlərinə çatdırılacaq. Ölkəmizdə nəqliyyat-loqistika sahəsində də böyük layihələr həyata keçirilmişdir. Artıq Azərbaycandan Macarıstana və əks istiqamətdə dəmir yolu vasitəsilə yükdaşımalar həyata keçirilir.
İşğaldan azad edilmiş ərazilərimizdə Macarıstan şirkətləri də fəaliyyət göstərəcək. Ümumiyyətlə 30 yanvar tarixində Macarıstanın paytaxtı Budapeştdə Azərbaycanla Macarıstan arasında 7 sənəd imzalandı.
Macarıstanın Baş Naziri Viktor Orban Prezident cənab İlham Əliyevin güclü bir siyasətçi olduğunu və ölkəyə yaxşı rəhbərlik etmək üçün cənab İlham Əliyevdən çox şey öyrəndiyini xüsusi qeyd etdi. Prezident cənab İlham Əliyevin Serbiyaya səfəri zamanı bu ölkənin Prezidenti Aleksandr Vuçiç də cənab İlham Əliyevdən çox şey öyrəndiyini və ölkə başçımızın dünyanın ən güclü siyasətçilərindən biri olduğunu vurğulamışdı. Bu gün Prezident cənab İlham Əliyevin güclü siyasəti, bacarıqlı diplomatiyası sayəsində Azərbaycan dünya üçün önəmli bir ölkəyə çevrilmişdi" ,- deyə deputat vurğulayıb.
İstiqamət: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsiMaterial Azərbaycan RespublikasınınMedianın İnkişafı Agentliyinin maliyyədəstəyi ilə hazırlanmışdır.VETENİM-AZERBAYCANDIR.AZ