VETENİM-AZERBAYCANDIR.AZ
Məlum olduğu kimi, bu günlərdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın yeni təyin olunmuş səfiri Ann Buayonla görüşüb. C.Bayramov Ann Buayonun etimadnaməsinin surətini qəbul edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı Azərbaycan-Fransa münasibətlərinin hazırkı durumu, regional vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh gündəliyi və digər məsələlər müzakirə edilib.
Burada diqqəti çəkən məqam odur ki, adətən, bir qayda olaraq, yeni səfirlərin etimadnaməsini Prezident İlham Əliyev özü qəbul edir. O ki ola Fransa kimi Avropanın böyük dövlətlərindən biri. Lakin bu dəfə belə olmadı. Halbuki, bundan əvvəlki səfirin - Zakari Qrossun etimadnaməsini 2019-cu ildə Prezident İlham Əliyev şəxsən özü qəbul eləmişdi. Bu dəfə isə yeni səfirin etimadnaməsini ölkə başçısı qəbul etməyib. O baxımdan Azərbaycan Prezidentinin Fransanın yeni səfirinin özünü, etimadnaməsinin əslini qəbul etmə perspektivi nə qədərdir və bu nə ilə bağlıdır? Bu nə vaxt gerçəkləşə bilər? Hansı şərtlər daxilində gerçəkləşə bilər ki, Azərbaycan Prezidenti Fransanın yeni səfirinin etimadnaməsini özü şəxsən qəbul etsinBütün bunlar ölkə rəhbərinin prinsipial mövqeyindən irəli gəlir"
Məsələyə münasibət bildirən siyasi ekspert Elşad Həsənovun fikrincə, belə münasibət Fransanın Azərbaycana qarşı ədalətsiz mövqeyindən qaynaqlanır: "Oktyabrın 6-da Avropa Şurasının vasitəçiliyi ilə keçirilən dördtərəfli Praqa görüşündə Fransa prezidenti Emmanuel Makron da iştirak edirdi. Görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatı oldu. Bəyanatda Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıması və suverenliyinə hörmətlə yanaşması barədə xüsusi bənd var idi. Aradan bir neçə gün keçəndən sonra Fransa prezidenti Makron verdiyi müsahibəsində Azərbaycana qarşı olmazın hədəyanlar səsləndirdi. Azərbaycana böhtan ataraq beynəlxalq hüquqa zidd ifadələr işlətdi. Daha sonra birbaşa olaraq Ermənistanın tərəfini saxladı. Fransa Senatının yuxarı və aşağı palataları Azərbaycan barəsində qərəzli bəyannamə qəbul etdilər. Qəbul olunan bəyannamə başdan-ayağa iftira xarakterli idi. Orada Azərbaycanın daxili işinə qarışmaqla yanaşı, beynəlxalq hüquqa zidd məqamlar öz əksini tapdı. Bu da həm Azərbaycan xalqında, həm də siyasi rəhbərlikdə böyük hiddət doğurdu. Nəticədə Fransanın Azərbaycandakı bundan əvvəlki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı və qarşı tərəfə nota verildi. Həmin vaxtdan sonra Azərbaycan-Fransa münasibətlərində soyuqluq daha da artdı. Bütün bunlar iki ölkə münasibətlərinə təsirsiz ötüşə bilməzdi. Çünki Fransa nə işğal dövründə, nə də ondan sonrakı dövrdə Ermənistana hansısa təzyiq göstərmədi. Əksinə, bu dövləti himayə etdi. Bir sözlə, Makronun qərəzli siyasətinə qarşı Azərbaycan gərəkən addımları atır. Səfirin etimadnaməsi prezident səviyyəsində qəbul olunmur və s. Makronun apardığı uğursuz siyasət Fransanın beynəlxalq nüfuzuna ciddi zərbə vurur. Hətta Makronun fəaliyyəti ilə bağlı araşdırmalar başlayıb və onun adı bir sıra şübhəli iqtisadi sövdələşmələrdə hallanır. Fikrimcə, Fransa Azərbaycanla bağlı siyasətini düzəltmədikcə bu münasibət dəyişməyəcək. Söhbət səfirin etimadnaməsinin prezident səviyyəsində hələ də qəbul olunmamasından gedir. Bütün bunlar ölkə rəhbərinin prinsipial mövqeyindən irəli gəlir".
Bu baxımdan siyasi ekspert hesab edir ki, Fransa Azərbaycana münasibətdə qərəzli yanaşmadan əl çəkməlidir.
VETENİM-AZERBAYCANDIR.AZ