Əhməd Obalı: Bütöv Azərbaycan olacaq
16-12-2022, 19:02
186 dəfə baxılıb
“Mən 42 il əvvəl Arazın o tayından ayrılmışam, uzun müddətdir ki, o torpaqlara gələ bilmirəm. Ancaq zaman yaxınlaşır. Xudafərin körpüsü bir xalqı ayırmaq üçün tikilməyib, Arazın o tay və bu tayındakı bir xalqı birləşdirib”.
VETENİM-AZERBAYCANDIR.AZ-nın xəbərinə görə, bunu bu gün Cəbrayıla səfəri zamanı Xudafərin körpüsünü ziyarət edən Güney Azərbaycanın milli fəalı, Güney Azərbaycan Televiziyasının (GünazTV) rəhbəri Əhməd Obalı bildirib.
Əhməd Obalı deyib ki, uzun müddət Xudafərin körpüsü "Həsrət körpüsü" adı alsa da, indi bu xalqı birləşdirəcək körpüyə çevrilir: “30 milyon Cənubi azərbaycanlının ən elementar hüquqları pozulmaqdadır. 1925-ci ildən Pəhləvi sülaləsi Cənubi Azərbaycanı idarə etməyə başlayandan assimilyasiya siyasəti həyata keçirilir. 42 il əvvəl İranda İslam Respublikası qurulanda ümid edirdik ki, biz də bərabər hüquqlara malik olacağıq. Ancaq bundan sonra bizə qarşı təzyiqlər, zülm qat-qat artdı. Xudafərinin bu tayına baxırıq, Azərbaycan torpaqları erməni vandalizminə məruz qalıb. Amma Arazın bu tayı işğaldan azad edilib, indi Arazın o tayının azadlığının zamanı gəlir. Azərbaycan Prezidenti İlham Əliyevin son üç çıxışında Cənubi Azərbaycanda xalqın hüququnu müdafiə yönündə mesajları Cənubi Azərbaycanda yaxşı qarşılanıb. Mən Arazın o tayına keçə bilməsəm də, bu barədə dəqiq məlumatım var. Xalqımız mesajı alıb, azadlığı uğrunda hərəkata başlayıb. Arzu edək ki, qısa müddətdə bu Xudafərin körpüsü açılsın, bu yollar da azad olunsun, körpünün o tayında da, bu Azərbaycan bayrağı dalğalansın. Birində Cənubi Azərbaycan, birində Şimali Azərbaycan bayrağı dalğalanacaq, sonra da Bütöv Azərbaycan olacaq. Biz bu ümidlə yaşayırıq. Prezident İlham Əliyev dəfələrlə deyib ki, 50 milyon azərbaycanlının Prezidentidir. Prezident İlham Əliyevə inanırıq. Prezident İlham Əliyev nə zaman nə dediyini yaxşı bilir. Prezidentin mesajından sonra arzumuz artıb, birləşəcəyik. Ermənistana, ermənilərə o qədər yardımdan sonra o zülmün artıq sonu çatacaq. Prezidentimizə bir cənublu olaraq mən də təşəkkür edirəm. 30 ildən sonra torpaqlarını azad edən Şimali Azərbaycan bizi unutmadı, biz buna görə çox sevinirik”.
VETENİM-AZERBAYCANDIR.AZ
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR<