Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ekoloji terrora qarşı mübarizə

Ekoloji terrora qarşı mübarizə
16-12-2022, 16:53 164 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ 

 
Son günlərdə Şuşa-Laçın yolunda baş tutmuş etiraz aksiyaları uzunmüddətli ədalətsizliyə və qanun pozuntusuna qarşı vətəndaş cəmiyyətinin fəal üzvlərinin göstərdiyi münasibətin təzahürüdür. Beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın hesab olunan ərazilərin 30 ilə yaxın işğal altında olması həmin ərazilərin ekoloji terrora məruz qalmasına və qeyri-qanuni istismarına yol açmışdır. 44 günlük işğaldan azad etmə əməliyyatlarının son nəticəsinin 10 noyabr 2020-ci il bəyannaməsi ilə rəsmiləşdirilməsi sözügedən ərazilərin Azərbaycana aid olduğunun Ermənistan və Rusiya tərəfindən də qəbul olunduğunu göstərir. Bu isə öz növbəsində Azərbaycanın öz ərazilərində baş verən bütün qanun pozuntularına müdaxiləsini mümkün və zəruri edir. Təbii sərvətlərimizin talan edilməsinin dayandırılması, bu gün üçün ən vacib məsələlərdən biri hesab olunan ətraf mühitə ciddi təhdidin qarşısının alınması və dəymiş zərərin aradan qaldırılması məqsədilə yaradılmış işçi qrupun monitorinq aparmaq üçün əraziyə buraxılmaması Azərbaycan ictimaiyyətində haqlı narazılıqlara səbəb olmuşdur. Bu narazılıqların məntiqi nəticəsi olaraq ekologiya fəalları Ruben Vardanyan adlı hansısa kriminal bir ünsürün vətənimizin təbii sərvətlərini gözəl diyarımızın ekoloji tarazlığını pozmaq bahasına talan etməsinin və bu yolla böyük pullar qazanmasının qəbuledilməz olduğunu vurğulamaq üçün hərəkətə keçmişlər. Aksiyaya qoşulanlar bu narazılığa səbəb olanların və əlaqədar təşkilatların diqqətini məsələyə yönəltmək məqsədi daşıyan dinc və sülhü təhdid etməyən şüarlarla çıxış etməklə problem yaratmağın deyil mövcud olan problemi həll etməyin tərəfdarı olduqlarını nümayiş etdirirlər. 
Bütün bunların fonunda Ermənistanın ona qətiyyən aidiyyəti olmayan, tamamilə Azərbaycanın daxili işləri hesab olunan məsələlərə müdaxilə cəhdi isə təəssüf doğurur. Çünki bu öz növbəsində Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddialarının olmasının göstəricisidir. Bu cür yersiz yanaşmalar Ermənistan tərəfi üçün hüquqi məsuliyyət yaradır. Ermənsitan tərəfi ATƏT, BMT-nin inkişaf proqramı, Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə işğal dövründə həyata keçirilmiş qanunsuz iqtisadi fəaliyyət və təbii sərvətlərin istismarı barəsindəki qaçılmaz faktların olduğunu da unutmamalıdır.  
Sözügedən ərazilərdə yerləşən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxışın keçirilməsi, ekoloji vəziyyətin qiymətləndirilməsi mütləq və zəruridir. Bu zərurətin qarşısını almaq üçün müxtəlif yollara əl ataraq vəziyyətə fərqli don biçmək Ermənistanın pozucu mövqeyini yenidən gündəmə gətirir. Ərazidə müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentin fəaliyyəti də bu mənada böyük təəssüf doğurur. Funksiyası sülhün dayanıqlılığının təmin olunması olan qüvvələr nəyə görəsə əsl məqsədini unudaraq cinayətkarların işinə şərait yaradan qadağalar tətbiq edir. Laçın yolunu bağlayan Rusiya Federasiyasının sülhməramlı kontingenti faktiki olaraq azərbaycanlıları Azərbaycana buraxmamaqla məntiqə uyğun gəlməyən tədbirlər görür. Ermənistan tərəfi isə bu tədbirləri Azərbaycanın “ayağına” yazmaqla beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edir. Lakin hamı bilməlidir ki, Laçın yolunu bağlayan və bu yolla bölgədə yaşayan insanları çətin vəziyyətə salan məhz funksiyası sülhə xidmət etmək olan sülhməramlılardır. Sual yaranır, hazırda həmin ərazilərdə yaşayan etnik erməniləri və öz torpağında monitorinq keçirməli olan azərbaycanlıları bu şəkildə narazı salmaq, üz-üzə qoymaq kimə və nəyə görə lazımdır? Yeni bir münaqişə ocağı yaratmaq cəhdi 2020-ci ilin 10 noyabrında razılaşdırılmış məsələləri kölgə altına almaq deyilmi? Görəsən Rusiya Federasiyasının sülhməramlı kontingenti Azərbaycan ərazisindəki müvəqqəti mövcudiyyətinin əsl məqsədini nə zaman xatırlayacaq? Bəs Ermənistan dövləti nə vaxtadək Azərbaycan ərazisində yaşayan etnik ermənilərin daha yaxşı şəraitdə və daha firavan yaşayışına mane olmağa davam edəcək? Süni problemlər yaratmaqla ilk növbədə dövlətimizin əraziləri daxilində yaşayan etnik erməniləri çətin vəziyyətə saldıqlarını anlamırlarmı? Təbii ki, anlayırlar. Sadəcə olaraq Ermənistanın cinayətkar haikimiyyəti və onun digər havadarları üçün qeyri qanuni gəlirlərdən aldıqları paylar daha əhəmiyyətlidir. Cinayətkarları mühafizə və himayə edənlərin əməllərinə başqa cür izah vermək olmur. Biz isə “Haqq nazilər, üzülməz.”- deyib öz mövqeyimizi müdafiə etməyə davam edəcəyik. 
Artıq Şuşa-Laçın yolunda keçirilən aksiya bir məqsəd mübarizəsidir. Sülhü, əminamanlığı və bölgə insanları üçün daha firavan həyat fikrini müdafiə edən bizlərlə cinayətkarığı, ekoloji terroru və riyakar siyasi ideyaları üstün tutan onların mübarizəsi. Ədalətin təntənəsi isə bu mübarizədə fəallıq göstərən soydaşlarımızın ən böyük mükafatı olacaqdır. 
 
 
Səadət Məmmədova
Bakı şəhəri N.A.Əliyev adına  282 nömrəli tam orta məktəbin direktoru  
VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI