Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun Şəhadətinin ikinci ildönümüdür

Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun Şəhadətinin ikinci ildönümüdür
4-11-2022, 06:20 294 dəfə baxılıb

30 il davam edən  iztirab, əsarət dolu  uzun bir zamandan sonra tarixə qalibiyyət, zəfər sözlərini yazan mərd, qorxmaz, fədakar, cəsur,  təəsübkeş  Vətən oğulları oldu. 
O, vətən oğulları ki, onların qanı, canı bahasına bu qürura sahibləndik. 
Bu gün isə tarix yazan oğullarımızdan biri, Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun şəhadət zirvəsinə ucalmasından  iki il ötür. Hər birimiz böyük ehtiramla bu gün Şəhid qardaşımızı anır, ruhuna dualar oxuyuruq. Gəlin Şahinin qısa, mənalı, şərəfli ömür yoluna nəzər salaq. 
 Allahyarov Şahin Hüseynbala oğlu 1993-cü il yanvarın 29-da Şamaxı rayonunun Paşalı kəndində anadan olmuşdur. 1995-ci ildən Quba rayonunda yaşayırdı. 1999–2010-cu illərdə Quba rayonu Zizik kənd Əliyar Rüstəmov adına tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 övladı var. Hər kəsin bildiyi kimi vəsiyyətinin bəhrəsi kimi ölümündən sonra dünyaya gələn oğluna Şahin adı qoyuldu. Və bu oğul hələ dünyaya gəlməmiş Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun oğlu kimi yüksək bir statusa yiyələndi və bir ömür bu şərəfli adı daşımaq qisməti oldu. 
Şahin Allahyarov 2011–2012-ci illərdə müddətli həqiqi hərbi xidmətə yollanıb. 2016-cı ildən Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətinə davam edirdi. Allahyarov əvvəlcə, Zaqatala Sərhəd Dəstəsində müxtəlif vəzifələrdə, 2019-cu ildən isə Qazax Əlahiddə Sərhəd Diviziyasında "kəşfiyyatçı" vəzifəsində xidmətini davam etdirirdi.
Azərbaycan Ordusu Sərhəd Qoşunlarının baş giziri olan Şahin Allahyarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 
Şahinin son döyüşü isə Şuşa şəhəri uğrunda oldu. Vətən müharibəsinin gedişatında xüsusi əhəmiyyət kəsb edən Şuşa şəhərinin azad olunması cəsur kəşfiyyatçı Şahin Allahyarovun ən böyük arzularından biri idi. Lakin bu onun sonuncu döyüşü oldu və elə məhz   Şuşa istiqamətində döyüşlərdə qəhrəmancasına şəhid oldu fədakar qardaşımız. 
 Quba rayonunun Zizik kəndində dəfn olunub. 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Şahin Allahyarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən, Şahin Allahyarova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Şahin Allahyarov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Qəhrəman qardaşımızın əziz xatirəsini əbədiləşdirmək məqsədilə 
Quba rayonu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Şahin Hüseynbala oğlu Allahyarovun  adı verilib.
Bəli bu qədər qısa və şərəfli bir yol keçdi Şahin bu dünyada. 
Onun haqqında çox yazmaq, çox danışmaq olar. Şahin elə bir evdə, elə bir ocağda dünyaya göz açıb ki, bu evdə ailə tərbiyəsi milli mental dəyərlər üzərində biqərar olmuşdur. Bunu ailəni tanıyan hər kəs bilir və yüksək qiymətləndirir. Mənim üçün bunu yazmağ nə qədər çətin olsa da deyim ki, bu gün həm də Vətən Müharibəsi Qəhrəmanı yetişdirib vətənə ərməğan edən o dağ cüssəli insanın, qüruru və dəyanət ilə hər zaman seçilən, yaşadığı eldə obada hər kəsin hörmətini qazanan gözəl ata olan Hüseynbala kişinin də birinci çümə axşamı mərasimi idi. Dözmədi oğul həsrətinə Hüseynbala kişi, qovuşdu göz yaşlarında hər gün andığı qəhrəman balasına. Allah bu ataya qəni-qəni rəhmət etsin. Sevimli həyat yoldaşından, diğər övladlarından, şirin-şəkər nəvələrindən isə  doymadan köç etdi bu həyatdan Hüseynbala kişi..
Allah məkanını cənnət etsin ata. Çənnətdə oğluna qonağsan. Qəhrəman oğul, təəssübkeş ata hər ikinizin ruhu şad olsun! 
Allah sizə rəhmət etsin...

Nəhayət Şirinova.
ADPU Quba filialının əməkdaşı.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI