Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycanımızın ayrılmaz hissəsi olan Fizuli rayonu!

Azərbaycanımızın ayrılmaz  hissəsi olan Fizuli rayonu!
15-10-2022, 13:58 331 dəfə baxılıb

Gəlin  Fizulinin keçmişinə ekskursiya edək və bir daha bu cənnət məkanın taleyinə neçə bir enişli yoxuşu tale yazıldığının şahidi olaq. Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. Rayon mərkəzi Qaryagin qəsəbəsi olmaqla, Qozluçay, Köndələnçay, Araz boyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə etmişdir. 1959-cu ildə böyük şairimiz Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək, Füzuli rayonu adlandırılmışdır. Rayonun ərazisi 1386 kvadrat kilometr, əhalisi isə 105 min nəfərdir. Tərkibinə bir şəhər və 78 kənd daxildir. 
Bu gədər zəngin bir Azərbaycan torpağıdır Fizulimiz. Onun gözəllikləri barədə, fauna və florası barədə, coğrafi mövqeləri haqqında, toponimləri haqqında günlərlə bəhs edə bilərik. Ürək ağrısı ilə qeyd edim ki, bu işqala məruz qalmadığı bir dönəm idi ki, sizlərə haqqında bəhs etdim Fizulinin. 
Çox əfsuslar olsun ki, bir çox Azərbaycan torpağları kimi Fizuli də 30 illik əsirlik həyatına məhkum olan məkanlarımızdan biridir.  Belə ki, 
avqust ayının 23-ü 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olundu və beləliklə bu diyarın iztirablı günlərinin təməli qoyuldu. Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsini aid etmək olar. Qarğabazar kəndində, Şah Abbas karvansarasından yuxarı, qayanın üstündə Qiyas əd-Din məscidi yerləşir. Yerli əhali onu Şah Abbas məscidi də adlandırmışdır. Bax elə o sadaladığım zənginlikləri birgə Fizuli rayonu erməni qəsbkarları tərəfindən işğala məruz qaldı.
 5 yanvar 1994-cü ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olundu. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşama şansı əldə etdi. 
Xalq olaraq 30 il dözdük və sülhün qarantı olduq. Amma hər şeyin bir sonu olduğu kimi bu səbrin də sonuna gəldi Azərbaycan xalqı. 
Hər kəsə məlum olduğu kimi 44 gün davam edən əks hücum əməliyyatlarına start verildi. Başda Cənab Ali Baş Komandan İlham Əliyev olmaqla Müzəffər Azərbaycan Ordusu  hərb meydanına atıldı. 
 Ermənistanın təxribatlarına cavab olaraq 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri kimi yaddaşlarda qaldı. Fizuli rayonu işqaldan azad edildi. Beləliklə uzun və iztirablı yolun  sirin sonluğu olan Zəfərimiz  hər bir Azərbaycanlıya  töhfə oldu.
Fizulinin yeni həyatına start verildi. 
Zəfər təntənəsinə dərhal sonra ölkə başçımız 
2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalını təsis etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olundu.  O oğullara ki onların sayəsində 30 il gözlədiyimiz Zəfərin canlı  şahidlərinə çevrildik.
Bu gün Fizuli rayonu  öz yeni həyatına qədəm qoymuşdur. Yenilənir və çiçəklənir cənnət məkanımız. Burda ölkə başçımızın rəhbərliyi altında aparılan böyük miqyaslı tikinti-quruculuq işləri, böyük layihələr bunu deməyə əsas verir. Elə Fizuli Hava Limanı bu layihələrin öncülü oldu. Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak edtdilər. 44 günlük Vətən savaşında öz mənəvi dəstəyini əsirgəməyən qardaş ölkə Türkiyəmiz  bu gün də  yanımızda olmağı haqq etdi.
Ölkə başçımızın ən çox səfər etdiyi rayonlarımızdan olan Fizuli rayonu tezliklə  daha mükəmməl bir imiclə  göz oxşayacaqdır.
 Yaşasın Azərbaycanımız!

Nəhayət Şirinova
ADPU Quba filialının əməkdaşı.

VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI