Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Prezident bir çox dairələrə siyasət, diplomatiya və liderlik dərsi keçir”

“Prezident bir çox dairələrə siyasət, diplomatiya və liderlik dərsi keçir”
7-10-2022, 20:41 161 dəfə baxılıb

Bütün dünyanın marağı Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısına yönəlib. Bunun əsas səbəbi mühüm görüşlərin keçirilməsidir. Azərbaycan Prezidentinin iştirakı isə xüsusilə diqqət mərkəzindədir. Bir neçə gün əvvəl Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan qazını Avropaya daşıyacaq daha bir boru xəttinin - Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində müxtəlif ölkələrin liderlərinin Prezident İlham Əliyev və Azərbaycanın nüfuzu barədə dilə gətirdikləri də onu göstərir ki, Azərbaycan lider dövlətdir və dünya ölkələri arasında böyük rəğbətə sahibdir. Elə bu tədbirdə Azərbaycan prezidentinin Avropada ən çox arzuolunan şəxs olduğu etiraf edilib.
Müzəffər Ali Baş Komandanımız hər zaman ökəmizi ən yüksək səviyyədə təmsil edir və Azərbaycan vətəndaşı onun hər addımı ilə qürur duymaqdadır. “Avropa siyasi birliyi” Zirvə Toplantısının açılış plenar iclasından sonra iştirakçıların çəkdiyi birgə foto da xalqımızın fəxrlə izlədiyi növbəti diplomatik alətdir. Diplomatların duruşu hər zaman müzakirə olunur, mövcud situasiyanı ifadə edir. Səfər boyu Azərbaycan Prezidentinin məğrur duruşu ölkəmizin gücünü və Prezidentin addımlarının əminliyini göstərən vacib məqamlardan biridir. Burada Qardaş Türkiyə prezidenti ilə birgə fəaliyyət də bir daha “Bir millət, iki dövlət” prinsipini bəyan edir. Azərbaycan və Türkiyə birgə güclüdür.
“Avropa siyasi birliyi” Zirvə Toplantısını yaddaqalan edən hadisələrdən biri də Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda bəyanatın qəbul edilməsidir. Bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci ildə imzalanan Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Sənəddə bunun Delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsas olması da əks olunur. Bundan başqa, Ermənistan Azərbaycanla sərhədə Avropa İttifaqının mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da həmçinin bu komissiya ilə əməkdaşlığa razılıq verib.
Prezident İlham Əliyev səfər zamanı Azərbaycan televiziya kanallarına müsahibəsində yeni platforma olan “Avropa siyasi birliyi” Zirvə Toplantısı, Azərbaycanın Avropa ilə əlaqələrinin inkişaf perspektivləri, ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolu, mina təhlükəsizliyi, sülh danışıqları və bir sıra digər məsələlərlə bağlı danışıb. Cənab Prezidentin jurnalistlərin suallarını cavablandırarkən toxunduğu məsələlərin hər biri ciddi əhəmiyyət kəsb edir və mövqeyimizi bir daha bəlli edir.
Azərbaycan danışıqlar prosesində qalib ölkə, diqtə edən tərəf kimi mövqe sərgiləyir, eyni zamanda humanizm prinsiplərini qoruyur. Azərbaycan-Ermənistan münasibətlərində sülhə məcburetmə əməliyyatı da xüsusi rol oynayır. Düzdür, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Lakin, gec-tez onların sülh müqaviləsi bağlamaqdan başqa çıxış yolu qalmayacaq. Burada Azərbaycanın hərbi və siyasi gücü öz təsirini göstərir.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti, onun nüfuzunu, məğrurluğunu analiz etdikdə aydın şəkildə görünür ki, o, bir çox dairələrə siyasət, diplomatiya və liderlik dərsi keçir. Ermənistan bu dərsə yaxşı hazırlaşmalı, Azərbaycan Prezidentinin müəllifi olduğu qaydaları öyrənməli və bu qaydalara əməl etməlidir. Xüsusilə vurğulamaq lazımdır ki, hadisələr xalqımıza qürur, düşmənə göz dağıdır.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov

VETENİM-AZƏRBAYCANDIR.AZ


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI