Quruluşçu rejissorun “Motor!” komandası ilə növbəti epizodun çəkilişləri başlayır. Amma ona qədər xeyli iş görülüb, hazırlıq işləri aparılıb. Həmin əziyyətli işləri biz tamaşaçılar görməyəcəyik, çünki proses kadr arxasında qalır.
Bizim üçün “Toy tələsi”
Paytaxtın məşhur əyləncə mərkəzlərindən biri. “Toy tələsi” filminin əsas epizodlarından biri məhz burda lentə alınır. Gecədən xeyli keçməsinə baxmayaraq, filmin çəkilişləri davam edir.
İkinci rejissor Xəyalə Meydanovanın ötkəm, amiranə komandasından sonra növbəti qısa fasilə elan edilir. Amma fasilə filmin qrim ustası Səadət Cəlilə aid deyil, o, aktyor İlham Əsədovu növbəti epizod üçün qrim edir. Geyim rəssamı Arzu Nağıyeva isə Əməkdar artist, skripka ifaçısı Səlim Abbasovu çəkilişə hazırlayır. Səlim filmdəki toy səhnəsində bəylə gəlini müğənni kimi təbrik etməlidir.
Filmin prodüseri Gülnarə Məmmədova layihənin mətbuat katibi Elnarə Dərziyeva ilə görüləcək işləri müzakirə edirlər. Belə məlum olur ki, yaxın günlərdə filmlə bağlı geniş təbliğat kampaniyasına start veriləcək.
“Toy tələsi” filminin quruluşçu rejissoru Faiq Nağıyev isə gərgin iş rejiminə rəğmən, gümrah görünür, şən zarafatları ilə komandasına ruh verir. Gənc rejissor Faiq Nağıyev son illər Azərbaycan kinosunu xarici ölkələrdə layiqincə təmsil edən, beynəlxalq festivallarda bir-birinin ardınca mükafatlar qazanan “Şollerin arxivi” filminin ikinci rejissoru olub, ATV kanalında yayımlanan “Aldanmış hisslər”, “Sükutun fəryadı” teleseriallarına quruluş verib.
Faiq bəy həm də rəhbəri olduğu yeni layihə barədə danışır: “Film ərsəyə gətirmək dünyanın hər yerində məşəqqətli bir işdir. Azərbaycanda bu prosesin özünəməxsus çətinlikləri var. İş adamlarını, sponsorları kino sənayesinə cəlb etmək, onları inandırmaq quruluşçu rejissorlar üçün əzablı bir prosesə çevrilir. İmkanlı şəxslər bəzən kinoya qeyri-ciddi yanaşırlar. Yeganə Kərimzadənin “Toy tələsi” hekayəsi əsasında çəkdiyimiz eyniadlı film də bu mövzudadır. Bizim filmdə rejissora yuxarıdan aşağı baxan iş adamının sonra həmin rejissora işi düşür. Çünki həyat bumeranqdır, etdiyin hər bir hərəkət sonra sənin özünə qayıdır. Həmin iş adamının xahişi ilə rejissor saxta toy qurmalı olur, filmdə rol almalı olan aktyorlar həmin saxta toy səhnəsində də aktyorluq edirlər...”
Quruluşçu rejissorun sözlərinə görə, komediya janrında olacaq “Toy tələsi”nin əksər epizodlarının çəkilişləri artıq tamamlanıb və hazırda montaj prosesindədir: “Nəzərdə tutduğumuz işlərin xeyli hissəsini yekunlaşdırmışıq. “Sinema plus” kinoteatrlar şəbəkəsi ilə aramızdakı müqaviləyə əsasən filmi oktyabrın ilk günlərində təhvil verməli idik, lakin ötən ay Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr, düşmənin xain hücumu nəticəsində xeyli sayda əsgər və zabitimizin şəhid olması səbəbindən çəkilişlərə bir müddət ara verməli olduq. Bir neçə gündür ki, çəkiliş prosesini bərpa etmişik, bu gün filmin əsas epizodlarından birini-toy səhnəsini çəkirik. Qarşıdakı günlərdə isə cəmi iki çəkiliş günümüz var. Komandamızın hər birinə göstərdikləri əziyyətə, fədakarlığa görə təşəkkür edirəm. İnanırıq ki, “Toy tələsi” komediyası tamaşaçıların xoşuna gələcək”.
Lap az qaldı...
Son kadrları lentə alınan “Toy tələsi” komediyasında Əməkdar artist Vaqif Kərimov, Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Namiq Əlioğlu, Tahir İsmayılov, Rövşən Rəhmanoğlu, Samirə Abbasova, Gülşən Əliyeva, Rumiyyə Yusifova, Samirə Cavanşir, Gülmira Fərzəliyeva, Ramilə Məmmədova və başqaları çəkilirlər.
Çəkiliş meydançasında yenidən Xəyalə Meydanovanın tanış səsi eşidilir, növbəti qısa fasilə elan olunur. Filmin quruluşçu operatoru Savalan Həmidov və səs rejissoru Murad Kərimzadə bir neçə dəqiqə əvvəl çəkilən kadrları nəzərdən keçirir, müzakirə aparırlar.
Filmin ssenari müəllifi Yeganə Kərimzadə ilə söhbətləşirik. Böyük yazıçımız Fərman Kərimzadənin yadigarı olan Yeganə xanım sevincini gizlətmir: “Hekayə qəhrəmanlarının ekran taleyini görmək hər bir yazıçı üçün qürurvericidir. Təbii sevinirəm, bu çətin işi öhdəsinə götürən, məni inandıran quruluşçu rejissor Faiq Nağıyevə minnətdaram. Bu, Faiq bəylə ilk yaradıcılıq işimiz deyil, “Sükutun fəryadı” teleserialında da birgə çalışmışıq, necə deyərlər, bir-birimizi sözsüz belə başa düşürük. Filmin istehsalına çox gözəl komanda toplanıb, işlərinə sevgi ilə yanaşırlar. Fürsətdən istifadə edib onların hər birinə təşəkkür edirəm. İnşallah əziyyətimiz yerdə qalmaz, tamaşaçılarımıza maraqlı bir komediya filmi təqdim edərik”.
Filmdə Mustafa roluna Əməkdar artist Vaqif Kərimov çəkilir. Tanınmış aktyor gənclərlə birgə işdən zövq aldığını deyir: “Filmdə gəlinin babası Mustafa obrazını oynayıram. Quruluşçu rejissor Faiq Nağıyev başda olmaqla film üzərində gənclər çalışır, bizim də işimiz gənc istedadlara dəstək olmaq, məsləhət verməkdir”.
Gecədən xeyli keçmişə qədər davam edən çəkiliş gününün son epizodu lentə alınır. Toyun sonunda gəlin başı üzərindən gülü arxaya tullayır. Bəs bu toyda gül kimə qismət olacaq?
“Toy tələsi”nin prodüseri Gülnarə Məmmədovanın sözlərinə görə, filmin premyerası oktyabrın 21-nə nəzərdə tutulub. Həmin gün “Sinema plyus”da komediya filmi tamaşaçılara təqdim olunacaq. Filmin Türkiyədə də təqdimatı planlaşdırılır.
Nərmin Əzimli VETENIM-AZERBAYCANDIR.AZ