"Biz gömrük vergilərinin və rüsumlarının toplanması sahəsində uğura düzgün inzibatçılıq, kadr islahatları, şəffaflıq və inhisarçılıqla mübarizə sayəsində nail olmuşuq. Ən böyük uğur iş adamları üçün ixrac-idxal imkanlarının genişlənməsidir".
“
Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalist Eynulla Fətullayevə müsahibəsində deyib.
- Nəzəriyyəçilər iddia edirlər: gömrük qurumlarının uğurlu fəaliyyəti və rüsumların toplanmasındakı artım idxalın çoxalmasından və deməli dolayısı ilə ölkə daxilində istehsalın azalmasından, iqtisadiyyatdakı problemlərdən xəbər verir, elə deyilmi? Yəni, heyf, planı yenə artıqlaması ilə doldurduq!- Yox, sizinlə razı deyiləm. İdxal artmır. Soruşacaqsıqız - niyə? Son dörd ildə mal idxalında dövriyyə 42 milyard dollar olub. Bu, Gömrük komitəsinə mənim rəhbərlik etdiyim dövrdür. Əvvəlki rəhbərliyin dövründə 11 ildə mal idxalı dövriyyəsi 91 milyard dollar təşkil edib. Mənim sədr təyin olunmağımdan əvvəlki 11 ildə büdcəyə 15 milyard manat daxil olub. Mənim rəhbər olduğum 4 ildə isə büdcəyə daxil olan məbləğ 16 milyard təşkil edib. İndi müqayisə edin - 11 ildə 91 milyard və 4 ildə 15 milyard. Yəni, biz 4 il ərzində vergi və rüsumlardan büdcəyə əvvəlki 11 ildə olduğu qədər vəsaitin daxil olmasını təmin etmişik!
Beləliklə, büdcəyə daxilolmalardakı artım idxalın artmasının yox, şəffaflığın təmin olunmasının hesabınadır. Biz gömrük rüsumlarının və vergilərin qanuni toplanmasında kulminasiyaya nail olmuşuq. Əgər dünya iqtisadi böhranı və ya pandemiya və lokdaun dövrlərində olduğu kimi xarici ticarət əməliyyatları sistemində nasazlıq baş verməsə, biz büdcəyə daxiolmaların ildə 4 milyard manatdan çox olmasına nail olacağıq. Bu, prezidentin qarşımızda qoyduğu vəzifədir. Və yeni şəffaflıq siyasəti, həmçinin neqativ hallarla mübarizə bizə həmin hüduda çatmağa imkan verir. Yaxın illərdə idxalın artacağını düşünmürəm. Yaxın gələcəkdə illik dövriyyə 11-12 milyard olacaq.
Biz gömrük vergilərinin və rüsumlarının toplanması sahəsində uğura düzgün inzibatçılıq, kadr islahatları, şəffaflıq və inhisarçılıqla mübarizə sayəsində nail olmuşuq. Ən böyük uğur iş adamları üçün ixrac-idxal imkanlarının genişlənməsidir.
Büdcəyə daxilolmaların artmasının qiymət artımı ilə də bağlılığı var. Ancaq bu, həlledici faktor deyil. Volatilliyi heç kəs ləğv etməyib. Bəzi malların qiyməti artır, bəzi mallar isə ucuzlaşır. Ölkəyə gətirilən malların siyahısı da dəyişir. Odur ki, qiymət artımının rolu elə də əhəmiyyətli deyil. Qarşımıza qoyduğumuz vəzifələrin 95 faizini yerinə yetirmişik. Soruşacaqsınız - niyə 100% yox? Gömrük dəyəri məsələləri həmişə risklə bağlıdır - manipulyasiyalar, problemlər, qiymət oyunları, ixracat qiymətlərini kiçiltmək cəhdləri var…
- Son günlər ictimaiyyət idxal olunan yeni avtomobillərin gömrük rüsumlarının yüksək olması ilə bağlı problemi geniş müzakirə edir. Tənqidçilərin fikrincə, bu, gömrükçülərin günahı üzündən ticarət dövriyyəsinin azalmasına səbəb olub. Nə deyərdiniz?- Bəli, bu məsələ parlamentdə deputatların biri tərəfindən qaldırılıb. Üstəlik, həmin deputat Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinad edib (gülür). Ancaq məsələ ondadır ki, bizim açıqladığımız statistikada söhbət təkcə minik avtomobillərindən yox, idxal olunan bütün nəqliyyat vasitələrindən gedir. Biz əvvəlki illərin dinamikasını da qeyd etmişik. O ki qaldı minik avtomobillərinə, statistikaya diqqət edin: əvvəlki dövrlə müqayisədə avtomobillərin idxalı 20-30 min vahid artıb. Soruşacaqsınız - bəs nəqliyyat sahəsində ticarət dövriyyəsində azalma niyə baş verib? Axı söhbət təkcə minik avtomobillərindən getmir. Deyək ki, Azərbaycan ötən il 505 milyon dollar dəyərində təyyarə və ya 60-70 milyona lokomotivlər alıb və idxal edib, ancaq bu il almayıb. Bu da sizə ticarət dövriyyəsinin azalmasının səbəbi. Təəssüf, bizim bəzi deputatlarımız gömrüyün şəffaf işləməyə başladığına inana bilmir. Buyurub müraciət etsinlər və bütün sənədləri, bütün statistikanı təqdim edək.