Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Şeyx Vatikanda niyə nümayəndəlik açmaq istəyir - İLGİNC İDDİA

Şeyx Vatikanda niyə nümayəndəlik açmaq istəyir - İLGİNC İDDİA
14-07-2023, 16:45 187 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Ekspertlər Vatikanda təmsilçiliyin dini-siyasi, eləcə də elmi tədqiqat baxımından faydalı ola biləcəyini deyir, amma...
“Mən istərdim ki, Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyi yaradılsın”. Bunu QMİ sədri Allahşükür Paşazadə Bakıda Müqəddəs Taxt-Tacın dövlət katibi Pietro Parolin ilə görüşündə deyib. Azərbaycanın hazırda Dünya Dini Liderlərinin III Sammitinə hazırlaşdığını qeyd edən A.Paşazadə bu tədbirə Vatikanın nümayəndələrini dəvət edib. “Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyinin təsis olunmasını istərdik” - deyən QMİ sədri bildirib ki, bu, ənənəvi əlaqələrin təşkilati baxımdan daha da möhkəmlənməsi üçün vacibdir.
A.Paşazadənin Vatikanda QMİ-nin nümayəndəliyinin açılmasında maraqlı olmasının səbəbləri yerli mediada da bəzi suallar doğurub. Bəzi ekspertlərə görə, Vatikanda  nümayəndəlik yaratmaq istəyini hətta Şeyxin biznes maraqları ilə izah ediblər. Bu təmsilçiyin yaradılması ilə danışıqları Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin aparmalı olduğunu deyənlər də var. Milli Cəbhə Partiyasının sədr müavini, tanınmış ilahiyyatçı Tural İrfan şərhində deyib:  “Baxıb görüblər ki, İranla biznesləri alınmadı, münasibətlər korlandı, bu səbəbdən indi də Avropaya keçiblər”. O da vurğulanır ki, Vatikanla, başqa ölkələrin dini qurumları ilə danışıqları Şeyx yox, Dini Komitə aparmalıdır.
Vatikanın QMİ-də nümayəndəliyi olmalıdırmı? QMİ-nin Vatikanda nümayəndəliyinin yaradılmasının Azərbaycana təbliğat baxımından nə kimi faydaları ola bilər?

Ceyhun Məmmədov
Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycanın dini mərkəzləri ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən dini mərkəzlərlə əlaqələr önəmlidir, bu əlaqələrin inkişaf etməsində biz maraqlı olmalıyıq: "Bu gün QMİ öz fəaliyyətində bu məqamları nəzərə almalıdır. Söhbət ondan gedir ki, Vatikan bu gün həm dini, həm də siyasi mərkəzdir. Ona görə də bu əlaqələr xüsusi önəm daşıyır. Bu əlaqələrin qurulmasında əsas məqsədin biznes marağı olması fikirləri ilə də tam razı deyiləm. Ancaq burada  nümayəndəliyin yaradılmasının məqsədi olmalıdır, ona uyğun da fikirlərin, konkret açıqlamaların olması yaxşı olardı. Ümumilikdə isə onu deyə bilərəm ki, Vatikan bizim üçün çox önəmli bir dini mərkəzdir. QMİ də dini mərkəzdir, ona görə də bu iki dini mərkəz arasında əlaqələrin olması mühümdür. Əlbəttə, belə nümayəndəliyin açılması da dövlət və dövlət qurumları ilə razılaşdırılmalıdır. Hər iki tərəf dini mərkəzdir, biri katolik, digəri isə müsəlman dünyasını təmsil edir. Amma qeyd etdiyim kimi, konkret, dəqiq planların olması çox önəmlidir. Eyni zamanda düşünürəm ki, QMİ-nin özündə də gələcəkdə məqsəd və hədəflərinin həyata keçirilməsi üçün daxili islahatların aparılmasına ehtiyac var. Əgər biz istəyiriksə xaricdə nümayəndəliklər yaradaq, o istiqamətdə ortaya fəaliyyətimizi qoyaq, təbii ki, bu idarənin də fəaliyyətində xarici dili bilən yeni mütəxəssislərin cəlb olunması məqsədəuyğundur. Əgər belə bir nümayəndəlik yaradılarsa, ora təyin olunacaq, bununla məşğul olacaq şəxsin kimliyindən, savadından, onun məsələlərə baxışından çox şey asılıdır. Ona görə bu məqamı da mütləq nəzərə almalıyıq".
Yazarlar Kənan Rövşənoğlu
 Kənan Rövşənoğlu 
Dini mövzular üzrə ixtisaslaşmış jurnalist Kənan Rövşənoğlu da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini söylədi. O qeyd etdi ki, Azərbaycanda bir neçə il əvvəl qəbul olunmuş düzəlişə əsasən QMİ-nin xarici ölkələrdə nümayəndəlik təsis etmək hüququ var: “Düzdür, hazırda QMİ bu hüquqdan az istifadə edir. Bildiyim qədər hazırda Gürcüstanda, Dərbənddə, daha əvvəl isə İranda QMİ-nin nümayəndəsi fəaliyyət göstərib. Biznes söhbəti ənənəvi dedi-qodudan başqa bir şey deyil. Biznes üçün QMİ-nin Vatikanda təmsilçilik açmasına gərək yoxdur. İtaliyada onsuz da kifayət qədər biznes imkanları və mühit var. Azərbaycan və İtaliya arasında yaxşı əlaqələr var. Ancaq Vatikanda təmsilçilik dini siyasi, eləcə də elmi tədqiqat və arxivlərlə əlaqələr baxımından faydalı ola bilər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dövlət qurumudur, onun xaricdə təmsilçilik acmasi deyə bir qayda yoxdur. Komitə nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu təmsilçilik aça bilər, amma Vatikan üçün fondun nümayəndəlik acmasi mümkün deyil. Bu iş üçün QMİ daha uyğundur. Ancaq əlbəttə, bunun üçün uyğun kadr tapılmalıdır. Əgər bu olarsa, əlbəttə faydalı olar”.



VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI