Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası necə baş tutacaq? - TƏHLİL
11-07-2023, 06:27
266 dəfə baxılıb
VETENİM-AZERBAYCANDIR.AZ
II Qarabağ müharibəsindən az sonra ölkə başçısı Qarabağ ermənilərini nəzərdə tutaraq, heç kimin qanundan üstün olmadığını, "heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz" olmadığını bildirdi. Konstitusiyaya əsasən, insan və vətəndaş hüquq və azadlıqları dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir, dövlət bərabərlik hüququnu təsbit edib, mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin hazırladığı təhlildə yer alıb.
Həmin təhlili olduğu kimi sizə təqdim edirik:
Siyasi hüquqlar
- Azərbaycan Respublikasının vətəndaşı olmaq cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirakı, dövlət orqanlarında qulluq etmək hüququnu, parlament və prezident seçkilərində iştirak etmək, siyasi partiya və digər ictimai birliklər yaratmaq hüququnu özündə təcəssüm etdirir. Azərbaycanın seçki sistemində Qarabağ adlı subyekt olmasa da, Ağdam, Tərtər, Laçın, Kəlbəcər, Xocalı, Şuşa, Xocavənd və s. rayonları rəsmi seçki dairələri kimi qeydiyyatdadır.
- Konstitusiyaya görə hər kəs onun barəsində çıxarılmış hökmün yenidən baxılması məqsədilə daha yuxarı məhkəmə instansiyalarına müraciət edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycana münasibətdə qərarları dövlət orqanları və məhkəmələr üçün məcburidir.
- Ermənilərin kompakt yaşadıqları ərazilərdə bələdiyyə hakimiyyəti ermənilər tərəfindən təşkil ediləcəkdir. Konstitusiyasına görə, bələdiyyələr yerli vergi və ödənişlərin müəyyən edilməsindən, bələdiyyə mülkiyyətinə sahib olma və mövcud qəbiristanlıqların qorunması, saxlanılması və fərqli səlahiyyətlərə malikdirlər. Azərbaycanda bələdiyyə institutu sosial-iqtisadi və ictimai-mədəni sahələrdə geniş səlahiyyət imkanına malikdir.
Vətəndaş cəmiyyəti, Dil, Din, Təhsil
- Ali qanun hər bir kəsin ana dilindən istifadə etmək, bu dildə tərbiyə və təhsil almaq və yaradıclıqla məşğul olmaq haqqını təsbit edir. Hazırda BDU və ADU-da erməni dili və ermənistanşünaslıq (qafqazşünaslıq) ixtisasları fəaliyyət göstərir: erməni dili ilə bərabər erməni ədəbiyyatı, tarixi, mədəniyyət və incəsənəti tədris olunur.
- Azərbaycanda bütün vətəndaşlar pulsuz icbari ümumi orta təhsillə təmin edilir. Paralel olaraq yerli etnik icmalar üçün dərs vəsaitləri Elm və Təhsil Nazirliyinin ekpertizası və razılığı əsasında hazırlanmalı və nəşr edilməlidir. Beləliklə, ermənilərin Azərbaycan vətəndaşları kimi öz dillərindən istifadə etmələri və onda (Azərbaycan dilinin tədrisi şərti ilə) təhsil almaları üçün hüquqi və praktiki şərait mövcuddur.
- Qarabağda erməni tarixi irsinin qorunması dedikdə XIX əsrin birinci yarısından, yəni Qafqaz Albaniya həvari kilsəsinin ləğvindən sonra ermənilərin özlərinə aid etdikləri dini tikililərin nəzərə alınmalıdır. Fərqli əsrlərə aid dini tikililər və tarixi abidələrin kimə aid olmasını müəyyən etmək, saxtakarlıq hallarının qarşısının alınması məqsədilə beynəlxalq ekspert komissiyasının təşkili də mümkündür.
- Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesi çərçivəsində Qarabağ erməniləri də vicdan azadlığından irəli gələn bütün hüquqlardan istifadə edə biləcəklər. Bununla belə qanunvericilik insanpərvərlik prinsiplərinə zidd dinlərin təbliğini qadağan edir. Beləliklə, Qarabağ ermənilərinin vicdan azadlığı toxunulmaz olsa da, erməni həvvari kilsəsi separatçılığa dəstəyi davam edəcəyi qədər rəsmi qeydiyyata alınmayıb, fəaliyyətinə icazə verilməyəcəkdir.
Nəticə
Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya olması üçün hüquqi əsaslar və mexanizmlər mövcuddur. Bəzi hallarda mövcud reallıqları nəzərə alınaraq müəyyən dövrü əhatə edən müvəqqəti qərarların qəbul edilməsi istisna edilmir. Qarabağ erməniləri reinteqrasiya prosesi çərçivəsində bütün mümkün narazılıq və narahatlıqlarını Ombusman institutu və Azərbaycanın məhkəmə sisteminə bildirib, qərardan razı qalmadıqları halda isə Avropa İnsan Hüquqları Məhkəməsinə və dövlətin tərəfdar çıxdığı və əməkdaşlıq etdiyi beynəlxalq strukturlara müraciət edə biləcəklər.
VETENİM-AZERBAYCANDIR.AZ
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR<